Alina Kabayeva

Alina Kabayeva

O, sadəcə olaraq gözəl deyil, həm də məşhur, mübaliğəsiz desək, görkəmli adamdır. Çünki Alina Kabayeva 25 yaşınadək özünü ən müxtəlif rollarda - idmançı, İctimai Palatanın üzvü, Dövlət Dumasının deputatı, televiziya aparıcısı rollarında sınamış və hər yerdə də uğur qazanmışdır.
Bununla belə, Alina Kabayevaya layiq olduğu dünya şöhrətini məhz idman gətirmişdir. O, Daşkənddə idmançı ailəsində anadan olmuşdur. Atası - peşəkar futbolçu Marat Kabayev "Paxtakor" klubunda çıxış etmişdir və indi bu komandanın məşqçisidir. Anası Lyudmila Mixaylovna basketbol oynayırdı. Amma ana qızını ya fiqurlu konkisürmədə, ya da bədii gimnastikada görmək istəyirdi. Gimnastikanı seçdilər. Alina bu idman növü ilə çox erkən, üç yaş yarımdan etibarən məşğul olmağa başladı.
1995-ci ildə Lyudmila Mixaylovna qızı ilə birlikdə bədii gimnastika üzrə Rusiya yığma komandasının baş məşqçisi İrina Vinerlə görüşmək arzusu ilə Moskvaya gəlir. Əsl arzular, məlum olduğu kimi, çin olur. Viner Alinanı öz yetirmələri sırasına daxil edir. Növbəti il, 1996-cı ildə Alina Kabayeva ölkənin yığma komandasının tərkibinə daxil olur. 1998-ci ildə, 15 yaşında isə ilk böyük qələbəsini qazanır - bədii gimnastika üzrə mütləq Avropa çempionu olur.

 

Alina Kabayevanın idmanda əldə etdiyi titulların siyahısı çox uzundur. O, 2004-cü il Olimpiya çempionu, 1999-cu və 2003-cü illər mütləq dünya çempionu, 1998-ci, 1999-cu, 2001-ci, 2002-ci və 2004-cü illər mütləq Avropa çempionu, 2000-ci il Olimpiadasının bürünc mükafatçısıdır. Alina Kabayeva dünyada Ginnesin rekordlar kitabına düşmüş yeganə gimnastdır, çünki 15 yaşında böyüklər arasında mütləq Avropa çempionu olmuşdur. Ötən əsrin 90-cı illərində bədii gimnastikada inqilabi dəyişikliklər bir çox cəhətdən Kabayevanın adı ilə bağlıdır.

Ancaq zirvələrə gedən yol asan olmamışdır. Bir çoxlarının fikrincə, idmançı 2000-ci il Sidney Olimpiadasının qızıl medalını almalı idi. Sadəcə olaraq ona bərabər rəqib yox idi. Lakin həlqə ilə tapşırığı yerinə yetirərkən Alina Kabayeva bu həlqənin özünü yerə saldı. Bədii gimnastikada əşyanın itirilməsi isə ən kobud səhv sayılır. Sidneydə qızıl medalı Yuliya Barsukova qazandı, Alina isə bürünclə kifayətləndi. Sonralar Kabayeva deyirdi ki, Sidneydəki bu səhv tale işidir. Həmin səhv onu idmanda dörd il - 2004-cü il Afina Olimpiadasınadək ləngiməyə məcbur etdi.
Növbəti, daha ağır sınaq 2001-ci ilin sentyabrında baş vermiş dopinq qalmaqalı oldu. Alina Kabayevanı və İrina Çaşşinanı qadağan olunmuş furosemiddən faydalanmaqda ittiham edirdilər. İttiham aydın deyildi. İstisna olunmurdu ki, bütün bu əhvalat kiminsə tərəfindən hazırlanmışdı, rusiyalı gimnastların aşkar üstünlüyü kiminsə ürəyincə deyildi. Necə olursa-olsun, Beynəlxalq İdman Abritraj Məhkəməsi hər iki gimnastı bir il müddətinə yarışlardan kənarlaşdırmaq barədə qərar çıxardı. Ağır zərbə idi. İdmançılar möhkəm durdular, psixoloji və mənəvi cəhətdən bərpa olundular, məşqlərə qayıtdılar və qələbə qazanmağı davam etdirdilər. Bu işdə onların məşqçisi İrina Vinerin böyük xidməti var.

Müasir idman sistematik və uzun-uzadı məşq tələb edir. Bu, təkcə böyük fiziki yox, həm də böyük əsəbi, psixi yükdür. Bununla belə, Alina həvəslə ictimai fəaliyyətə qoşulur. O, 2001-2005-ci illərdə "Vahid Rusiya" partiyası Ali Şurasının üzvü idi. 2005-2007-ci illərdə İctimai Palatanın üzvü olmuş, xeyriyyəçilik məsələləri komissiyasında çalışmışdır. Eyni zamanda 2007-ci ildə Servis Universitetini bitirərək idman menecmenti sahəsində mütəxəssis ixtisası almışdır. Elə həmin ilin dekabrında "Vahid Rusiya" partiyasının federal siyahısı üzrə Dövlət Dumasının deputatı seçilmişdir. Hazırda Alina Kabayeva Dövlət Dumasının gənclərin işləri üzrə komitəsinin sədr müavinidir.

 


Mənbə: "RİA Novosti"
Tərcümə: AZƏRBAYCAN qəzeti
Top