Tomson Cozef Con

Tomson Cozef Con

Məşhur ingilis fiziki C.C.Tomson (18.12.1856-30.08.1940) Mançestr yaxınlığında Çitem-hill şəhərində anadan olub. Mançester universitetində oxuyub. 1880-ci ildə Kembric universitetini bitirdikdən sonra Kavendiş laboratoriyasında işə başlayır. Maksvelldən sonra həmin laboratoriyaya məşhur fizik Reley rəhbərlik edib. İlk vaxtlarda C.Tom¬son işığın elektromaqnit nəzəriyyəsinə həsr olunmuş birinci məqaləsini 1880-ci ildə nəşr etdirir. Sonra isə 1881-ci ildə elektromaqnit nəzəriyyəsinə aid daha iki məqaləsini yazıb. Onun bu işləri Reley tərəfindən çox yüksək qiymətləndirilir və ona görə 1884-cü ildə öz yerinə laboratoriya direktoru vəzifəsinə Tomsonu namizəd göstərir.
C.Tomsonun tədqiqatları boşaldılmış qazlardan elektrik cərəyanının keçməsini öyrənmək, katod və rentgen şüaları, atom fizikasına aid olub.
1884-cü ildən 1919-cu ilə kimi Tomson laboratoriyaya direktorluq etmiş və onu dünyanın ən iri elm mərkəzinə çevirmişdir. (1919-cu ildən həmin laboratoriyaya Rezerford direktorluq edib).
Rentgen şüalarının kəşfi başqa alimlər kimi Tomsonu da daha ciddi tədqiqatlar aparmağa sövq edir və qazlardan elektrik cərəyanı keçməsi hadisəsini böyük maraqla öyrənməyə başlayır. Tomson katod şüalarının maqnit və elektrik sahələrindəki hərəkətini öyrənərkən, onun tələbələri və başqa işçiləri eksperimentlərin aparılmasına çox maraqla kömək edirlərmiş. Bu tədqiqat işlərinin nəticəsini Tomson «Qazlarda elektrik cərəyanının keçməsi» adlı monoqrafiyasında aydın şərh edib. Aparılan eksperimentlərin birində o ən mühüm kəşfi-elektronu aşkar edir (1897).
Təcrübəsinin dəqiqliyini artıraraq Tomson borunun havasını sorub çıxardır, ona kondensator lehimləyir və müasir elektron-şüa borusu forması verir. Katod şüalarının boruda hərəkəti zamanı və elektrik sahəsində meyl etməsinə əsaslanaraq Tomson katod şüasının xüsusi yükünü (e/m) təyin edir.
1898-ci ildə C.Tomson elektronun yükünü hesablayıb birinci dəfə , e=3.10-10 müt.el.yük vahidi nəticəsini almışdır. Sonra Tomson elektronun yükünü təyin etmək üçün daha dəqiq qurğu düzəldib (1899) ultrabənövşəyi şüalarla ionlaşma aparmışdır. Bu təcrübədən o, e=6,8.l0-10 müt.el.yük vahidi nəticəsini almışdır.
C.Tomson
Tədqiqatlardan Tomson müəyyən edir ki, bütün mad¬dələrin atomlarının tərkib hissəsini elektron təşkil edir. Tomson eyni zamanda birinci olaraq 1903-cü ildə atomun modelini təklif edir. Tomsona görə atom kürə formasında olub, müsbət yük onun bütün həcmini tutur və bərabər sıxlıqda paylanır, elektron isə kürənin mərkəzində yerləşir.
Sonrakı tədqiqatlar zamanı Tomson modeli atomun şüalanmasını, çoxlu sayda spektral xətlərin buraxılmasını və bir sıra tədqiqatların nəticələrini izah edə bilmədiyindən bu modeldən imtina edilir.
C.Tomson metallarda elektrik cərəyanı nəzəriyyəsinin əsasını qoyanlardandır. O, eksperimental yolla 1912-ci ildə neon elementinin atom kütləsi 20 və 22 olan iki izotopunu aşkar etmişdir.
Atom və nüvə fizikasının yaranmasında və inkişaf etdirilməsində C.Tomsonun və onun tələbələrinin böyük əməyi və rolu olmuşdur.
Cozef Con Tomson — «Qazların elektrik keçiriciliyinə dair nəzəri və eksperimental tədqiqatlarına görə» 1906-cı ildə Nobel mükafatı ilə təltif olunmuşdur. C.Tomson London Kral Cəmiyyətinin (1884), SSRİ EA-nın (1925) və dünyanın bir çox ölkələrinin Elmlər Akademiyasının üzvü olmuşdur.

Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı
Top