İnformasiya sistemlərinin təsnifatı

İnformasiya sistemlərinin təsnifatı

İnformasiya sistemləri vasitəsilə həll edilən məsələlərin rəngarəngliyi çoxlu sayda müxtəlif növ sistemlərin yaranması ilə nəticələnmişdir. Bu sistemlər həm quruluş prinsipləri, həm də informasiyanın emalı qaydaları baxımından bir-birindən fərqlənir. Ona görə də informasiya sistemlərini bir sıra fərqli əlamətlərə görə təsnif etmək olar; məsələn: arxitekturaya, avtomatlaşdırma dərəcəsinə, tətbiq sahəsinə və başqa əlamətlərə görə. Gəlin bu təsnifatlardan biri — informasiya sistemlərinin tətbiq sahəsi, yaxud təyinat üzrə növləri ilə yaxından tanış olaq.
İnformasiya və ölçü sistemləri (information and measurement systems) — araşdırılan obyektin durumu və parametrləri haqqmda informasiyanın xüsusi sensorlar vasitəsilə toplanması üçün istifadə edilir. Bu sistemlər olmadan atom-elektrik stansiyaları, insan sağlamlığı üçün ziyanlı olan kimyəvi istehsalat kimi sahələrin işini təsəvvür etmək belə çətindir. İnformasiya və ölçü sistemləri təbabət, meteorologiya, seysmologiya, kosmik uçuşlar və başqa sahələrdə geniş tətbiq edilir.
İnformasiya əldəetmə sistemləri, informasiya sistemləriyaxud informasiya-axtarış sistemləri (information retrieval systems, IRS) — bu növə cürbəcür elektron lüğətlər, elektron ensiklopediyalar, normativ-hüquqi sənədlərin saxlandığı informasiya sistemləri, eləcə də, sadəcə, informasiya mənbəyi rolunu oynayan və əlverişli axtarış imkanlarına malik sistemlər aiddir.
İnformasiya sistemləri :
  • Sənədlərin idarəedilməsi sistemləri (document management systems, DMS), yaxud elektron sənəd dövriyyəsi sistemləri — bu sistemlərdən müəssisələrdə giriş və çıxış sənədlərinin dövriyyəsini, eləcə də müəssisədaxili yazışmaları təşkil etmək üçün istifadə olunur.
  • Avtomatlaşdırılmış layihələndirmə sistemləri (computer-aided design, CAD) — bu növ proqramlardan sadə alətlərin modellərindən tutmuş binaların, təyyarələrin, inteqral sxemlərin və molekulların modellərinədək hər cür mühəndis, memarlıq və elmi modellərin layihələndirilməsində istifadə edilir.
  • Ekspert sistemləri (expert systems) — bu sistemlərin əsasını müəyyən sahə üzrə biliklər bazası təşkil edir. Bu sistemlərdən sənayedə uzunmüddətli proqnozların hazırlanmasında, tibbi diaqnozların qoyulmasında, hüquqşünaslıq sahəsində ən böyük ehtimallı versiyanın seçilməsində və başqa sahələrdə istifadə edilir.
  • Avtomatlaşdırılmış idarəetmə sistemləri (automatized management system), yaxud sənaye nəzarət sistemləri(industrial control systems, ICS) — bu növ informasiya sistemləri ayrı-ayrı texnoloji proseslərin idarə edilməsindən tutmuş bütöv bir müəssisənin və istehsalın tam bir sahəsinin idarə edilməsinədək çox geniş sahəni əhatə edir.
  • Coğrafi informasiya sistemləri (geographic information systems, GIS) — Yerin xəritələri, planlar, sxemlər və bu kimi fəza verilənlərinin daxil edilməsi, emalı, saxlanması və əks etdirilməsi ilə bağlı proqram sistemləri sinfidir.
  • Öyrədici informasiya sistemləri (learning information systems) — bu növə hər cür elektron dərsliklər, kompüter testləri, öyrədici proqramlar, eləcə də hansısa qurğunun (təyyarənin, avtomobilin və s.) işini imitasiya edən trenajorlar aid edilir. Bu sistemlərdən tədris prosesində, müxtəlif sahələrdə işçilərin hazırlanmasında və ixtisaslarının artırılmasında istifadə edilir.
  
Müəllif:Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: Ümumtəhsil məktəblərinin 11- ci sinfi üçün İnformatika fənni üzrə Dərslik
Top