Land Rover

Land Rover

Yarım əsrdən artıqdır ki, Britaniyanın Land Rover şirkəti dünyanın hər yerində nüfuzu ilə tanınan avtomobillər istehsal edir. İkinci Dünya Müharibəsinin dəhşətli nəticələrindən sonra yenicə özünə gəlməyə başlayan dünya avtomobil sənayesində bu əfsanəvi markanın yaranma tarixi elə bu avtomobilin özü kimi unikaldır.
Müharibə zamanı çoxsaylı sifarişlər sayəsində mənfəət əldə etmiş Britaniya sənayesində müharibədən sonrakı illərdə istehsal resurslarının və sifarişlərin kəskin çatışmazlığı hiss olunurdu. Hökumət təcili tədbirlər görməli idi. Yaranmış böhranlı vəziyyətdən necə çıxmağı və iqtisadiyyatı necə bərpa etməyi planlaşdırarkən hökumət ölkənin avtomobil sənayesinə xüsusi və mühüm yer ayırdı.
Bu cür mürəkkəb iqtisadi şəraitdə Rover kompaniyası mülki avtomobil istehsalının bərpası üçün hökumətdən icazə aldı və Solihalldakı (Solihull) yeni zavod kompaniyanın ixtiyarına verildi.
Müharibə ərəfəsində dövlətin hesabına inşa olunmuş bu zavod tank və təyyarələr üçün mühərriklər buraxan məxfi müdafiə müəssisəsi idi. Hətta sonradan zavoda “Meteorit zavodu” (“Meteor Works”) adı verilmişdi.

Müəssisənin ərazisi böyük, lakin Rover avtomobil kompaniyasının istehsal fəaliyyəti məhdud idi, belə ki, o, yalnız müharibəyə qədərki modellərin məhdud sayda istehsalı ilə məşğul ola bilərdi. Yeni ideyalara tələbat kompaniya üçün açıq-aydın zərurətə çevrildi.
O vaxtlar Rover kompaniyasını Spenser və Moris Uilks (Spencer, Maurice Wilks) qardaşları idarə edirdilər. Onlar bazara yeni avtomobil çıxarmağı qərara aldılar, bu, qiymətcə baha olmayan, o qədər də mürəkkəb qulluq tələb etməyən və istehsal zamanı minimum polad təbəqə tələb edən model idi. Land Rover avtomobilini istehsal etmək ideyasının müəllifi Moris Uilks oldu. Solihalldakı zavodda dərhal yeni modelin hazırlanmasına başlandı, onun üçün baza modeli qismində Amerikanın Willis Jeep avtomobili götürüldü.
Moris Uilks hesab edirdi ki, hökumət metal sərfinə qoyduğu sərt kvotanı yumşaldana qədər bu layihə Rover kompaniyasına kömək edə biləcək ideal “aralıq” variantıdır. Tezliklə Moris Uilks bu avtomobil üçün ad da fikirləşdi: “Land Rover”.

Müharibədən sonrakı illərdə aviasiya sənayesinin alüminiuma olan tələbatı kəskin şəkildə azaldı və alüminium poladdan daha sərfəli metala çevrildi. Bunun nəticəsində konstruktorların ağlına yeni avtomobil modelinin kuzovunun istehsalı üçün Birmabright alüminium xəlitəsindən istifadə etmək kimi gözəl bir fikir gəldi.
Alüminium poladdan xeyli yumşaqdır və onun emalı poladla müqayisədə xeyli asandır ki, bu da istehsal xərclərini azaltmağa imkan verir. Bundan başqa, alüminiumun inkarolunmaz üstünlükləri (yüngül çəki və korroziyaya davamlılıq) ömrünün çoxunu pis yol örtüyü şəraitində keçirəcək avtomobilə ideal şəkildə uyğun gəlirdi.
Avtomobilin prototipinin yığılmasına 1947-ci ilin yazında başlandı və həmin ilin yayında bu iş başa çatdı. Land Rover insanlar üçün zəruri olan universal hərəkət vasitəsi oldu. Moris Uilksin irəli sürdüyü ideyalar kompaniyanın gələcək uğurunun əsasını qoydu.
25 sınaq nüsxəsi yığıldıqdan sonra Land Rover avtomobili 1948-ci ilin yazında Amsterdamda keçirilmiş avtomobil sərgisində nümayiş etdirildi. Bu modelin gözlənilmədən böyük maraq oyatması Rover kompaniyasını heyrətə saldı.

1950-ci ildə transmissiya sistemi təkmilləşdirildi, indi sürücü əlavə rıçaqın köməyi ilə transmissiyanı dəyişərək elə edə bilərdi ki, bütün təkərlər, yaxud da yalnız arxa təkərlər aparıcı olsun. Bundan başqa, sifarişçilərə müxtəlif variantlı kuzovları və müxtəlif uzunluqda təkər bazaları olan modellər təklif olundu. Land Rover markası müştərilərin təsəvvüründə çətin yolları keçməkdə əla keyfiyyətlərə malik olan etibarlı avtomobil təəssüratı yaradırdı. Hərbçi mütəxəssislər də Land Rover avtomobilinin etibarlı və universal avtomobil olduğunu etiraf etdilər. Qərb ölkələrinin çoxunun silahlı qüvvələrinin bu avtomobillərlə təchiz olunması kompaniyanın biznesinin mühüm bir hissəsinə çevrildi.

60-cı illərdə Land Rover kompaniyası “forward control” variantını təklif etməklə, habelə fərdi və xüsusi sifarişlər əsasında hazırlanan avtomobillərin sayını artırmaqla öz modellərinin cərgəsini xeyli genişləndirdi. Məsələn, Land Rover avtomobilinin cəmi 500 kiloqram çəkisi olan desant modeli hazırlandı, bu avtomobilləri təyyarə ilə asanlıqla döyüş zonasına çatdırmaq olardı. Land Rover avtomobilləri ən müxtəlif funksiyaları yerinə yetirirdilər: ən çətin yerlərdə hərəkət etmək qabiliyyəti sayəsində onlar tikintidə istifadə olunur, habelə xilasedicilərə və tibb işçilərinə kömək edirdilər. İlk öncə fermerlərə kömək üçün düşünülmüş Land Rover avtomobili öz tarixi ərzində uzun yol keçərək dünyanın bütün qitələrinə yol tapmışdır. Land Rover avtomobilinin müasir dünyada necə böyük rola malik olacağı bu avtomobili hazırlayanların ağlına belə gəlməmişdi.

1970-ci ildə ictimaiyyətə təqdim edilmiş Range Rover avtomobili kompaniyanın mütəxəssislərinin gərgin əməyinin bəhrəsi idi. Bu model ikiqapılı variantda buraxılmışdı və onun arxa tərəfini yuxarı qaldırmaq olurdu. Bu avtomobilin interyeri kifayət qədər sadə idi, amma buna baxmayaraq, Range Rover böyük uğur qazandı. Onu almaq üçün kompaniyaya verilən sifarişlər sözün əsil mənasında bitib-tükənmək bilmirdi. Beləliklə, Range Rover uzun illər ərzində öz sinfinin avtomobilləri arasında misilsiz lider oldu.
Bununla belə, strateji cəhətdən önəmli olan Şimali Amerika bazarında yeni model böyük uğur qazanmadı. Dəyəri həddən artıq baha olduğuna görə o, öz sinfinə mənsub olan və digər istehsalçılar tərəfindən istehsal olunan avtomobillərlə rəqabət apara bilmədi. Buna görə də 1974-cü ildə onun istehsalı dayandırıldı. Land Rover kompaniyasının bu modelinin əsil zəfər qazanması üçün təxminən əsrin dörddə biri qədər vaxt lazım gəldi.

“Project Jay” layihəsi

“Project Jay” layihəsi 1980-ci illərin ortalarında kompaniyanın ən əhəmiyyətli layihəsi oldu, onun sayəsində ailə avtomobillərinin bazar seqmenti üçün nəzərdə tutulan Discovery avtomobili işıq üzü gördü. Bu modeldə Range Rover modelinin təkər bazasından istifadə etmək qərara alındı, amma onun kuzovu Range Rover modelinə nisbətən daha sadə və daha ucuz idi. Layihə üzərində aparılan gərgin iş nəticəsində Land Rover Discovery modeli yarandı, o, 16 sentyabr 1989-cu ildə Frankfurt avtomobil salonunda ictimaiyyətə təqdim olundu. Bütün təkərləri aparıcı olan avtomobillərin yeni bazar seqmentində Discovery modeli Land Rover kompaniyasının ilk avtomobili oldu.
Discovery və Range Rover modelləri “lüks-klass” avtomobilləri bazarına çıxarıldı, təzələnmiş Defender modeli isə digər bazar seqmentlərində özünü yaxşı tərəfdən göstərə bildi, məsələn, o, aktiv istirahət həvəskarları olan amerikalılar arasında böyük populyarlıq qazandı. Defender modeli hələ də ofrouderlər arasında misilsiz lider olaraq qalmaqdadır.
1993-cü ilin iyulunda 1.500.000-ci Land Rover avtomobili hazırlandı. Bir il sonra, yəni BMW kompaniyası Rover Group-u satın aldıqdan az sonra Range Rover avtomobilinin yeni modelinin hazırlanmasına başlandı.
Yeni Range Rover avtomobili öz sələflərindən köklü surətdə fərqlənməli idi. Onun üçün yeni şassi yaradıldı və V8 mühərrikində dəyişikliklər edildi. Avtomobilə dizellə işləyən 2,5 litr tutumlu BMW mühərriki quraşdırmaq imkanı da nəzərdə tutulmuşdu. Bu avtomobildə təhlükəsizlik sistemindən tutmuş özü-özünü nizamlayan asqıya qədər hər şey ən yeni elektron avadanlığın nəzarəti altında idi. Yeni Range Rover avtomobilinin əvvəlki modellərin xələfi olduğunu vurğulanmaq üçün ən yeni texniki avadanlıqlarla təchiz olunmuş zavodda iri aparıcı kuzov hazırlandı. Yeni Range Rover avtomobilini elə layihələşdirdilər ki, o, ən təmtəraqlı avtomobillərlə rəqabət apara bilsin, çətin yerlərdən keçməkdə əla keyfiyyətlərə malik olsun və “lüks-klass” avtomobilləri arasında kompaniyanın lider nüfuzunu möhkəmləndirsin.
Range Rover Classic adlanan klassik Range Rover modeli 1996-cı ildə istehsaldan çıxarıldı. Mövcud olduğu 26 il ərzində bu modelin 317.615 nüsxəsi istehsal olundu. Bu müddətdə Range Rover modeli avtomobil dizaynının ən yaxşı nümunələrindən birinə çevrildi.

Land Rover kompaniyasının yarım əsrlik tarixi bir çox əlamətdar hadisələrlə zəngindir, onlardan biri də Land Rover Freelander modelinin işıq üzü görməsidir. Bu modelin tarixinin başlanğıcı son dövrlərə təsadüf edir. Baxmayaraq ki, bütün təkərləri aparıcı olan kiçik avtomobillər çoxdan istehsal olunur, onlardan heç biri nə Land Rover-in malik olduğu əsil ofrouder keyfiyyətlərinə malik ola, nə də zəngin təcrübəsi olan Land Rover-in varisi ola bilib.
Şübhəsiz ki, Land Rover avtomobilinin 50 ildən artıq müddətdir artmaqda olan pərəstişkarlarının sıralarına Freelander modeli sayəsində daim yeni avtomobil həvəskarları qoşulur. Aktiv istirahət həvəskarları üçün nəzərdə tutulan, çətin yerlərdən keçməkdə əla keyfiyyətlərə və nüfuzlu sələflərə malik olan, bütün təkərləri aparıcı olan kompakt avtomobillərin bazarda peyda olması kompaniyaya əlavə uğur gətirmişdir.
Lakin zaman bir yerdə dayanmır, xüsusən yeni minillikdə həyatın ritmi hər il sürətlənir. Bununla əlaqədar olaraq aktiv avtomobil sürmə ön plana çıxır. Müasir dövrün tələblərinə cavab vermək üçün 2005-ci ildə kompaniya bazara özünün yeni flaqman modelini – Range Rover Sport avtomobilini çıxardı. Dinamika və idarəetmə göstəricilərinə görə bu model Land Rover kompaniyasının tarixində ən yaxşı modeldir.
Land Rover kompaniyasının əfsanəvi beşliyi: Defender, Discovery, Range Rover, Freelander və Range Rover Sport tayı-bərabəri olmayan, bütün təkərləri aparıcı olan unikal avtomobillərdir. Maraqlıdır ki, indiyədək Land Rover kompaniyasının istehsal etdiyi bütün avtomobillərin 70%-i hələ də bütün dünyada öz sahiblərinə layiqincə xidmət edir. 1947-ci ildə yaranmış Land Rover kompaniyası yeni yüzilliyə bütün təkərləri aparıcı olan ən yaxşı avtomobil modellərinin istehsalçısı kimi daxil olmuşdur.

Mənbə: http://avtomobil.az
Top