FİAT

FİAT

Fiat (Fabrica Italiana Automobili Torino) İtaliyanın nəhəng avtomobil korporasiyasıdır. O, minik, idman və yük avtomobilləri istehsal edir. Habelə müxtəlif sənaye və kənd təsərrüfatı texnikası da hazırlayır. Korporasiya həmçinin aerokosmik məhsullar istehsal edən müəssisənin sahibidir. Korporasiyanın qərargahı Turin şəhərindədir.
Fiat kompaniyası 1899-cu ildə sərmayəçilər qrupu tərəfindən quruldu (onların arasında Covanni Anyelli (Giovanni Agnelli) də vardı) və Renault-un lisenziyası əsasında De Dion mühərrikləri quraşdırılmış avtomobillərin yığımına başladı. Anyelli dərhal istehsalın təşkilinə öz sosialist ideallarını, yəni sahibkarlarla fəhlələr arasında əməkdaşlığın mümkünlüyü ideyasını gətirdi.
1903-cü ildə İtaliyada xaricdən idxal olunan polad üçün tariflər ləğv olundu ki, bu da istehsalın sürətlə genişlənməsinə səbəb oldu: orijinal minik avtomobilləri – taksilər, eləcə də yük maşınları və avtobuslar buraxıldı, təyyarə və gəmilər üçün mühərriklərin istehsalına başlandı.

Elitar alıcılar üçün nəzərdə tutulan Fiat avtomobilləri təkcə İtaliya bazarında deyil, dünya bazarında da sabit populyarlıq qazandı. Elə həmin dövrdə Fiat brendi (əmtəə nişanı) avtomobil idmanı yarışlarında tanındı və Lancia, Storero, Miller və Nazzaro kimi markalarla rəqabət apararaq qələbələr qazandı.
Avropada Fiat avtomobil kompaniyası 10,5 litr tutumlu mühərriki olan S61 modeli ilə 1911-ci ildə Fransa Qran Prisində qələbə qazandıqdan sonra orijinal istehsalçı kimi məşhurlaşdı.
Tezliklə Covanni Anyelli belə nəticəyə gəldi ki, kustar istehsaldan sənaye istehsalına keçmək lazımdır. O, 1912-ci ildə Fiat markalı avtomobillərin seriya ilə istehsalına başladı. O, çoxlarından xeyli əvvəl başa düşmüşdü ki, hər bir avtomobil istehsalçısının öz üslubu olmalıdır və həmin üslub rəssam-stilist tərəfindən hazırlanmalıdır.
Bu siyasətin ilk bəhrəsi 1912-ci ildə buraxılmış Tipo Zero modeli oldu. Bu avtomobilin dizaynı orijinallığı ilə seçilmirdi və digər firmaların modellərinə bənzəyirdi. Avtomobilin “simasına” fərdilik gətirmək üçün Anyelli öz ustalarına tapşırdı ki, radiatorun altı müxtəlif dizaynını işləyib hazırlasınlar. Fiat və Alfa Romeo öz seriyalı məhsulları üçün kuzovları Lokati və Toretta (Locati & Toretta), sonra isə Zaqato kimi ustalara və Turinq (Touring) atelyesinə birincilər sırasında sifariş verməyə başladılar.

Fiat çox tez bir zamanda öz məhsullarının xaricdə istehsalını təşkil etdi. Misal olaraq 1909-cu ildə ABŞ-da işə başlamış Poughkeepsie zavodunu göstərmək olar.
Bu yanaşma Covanni Anyellinin baxışlarını tam əks etdirirdi, belə ki, o, istehsal sistemi üzərində nəzarətin gücləndirilməsi metodlarının işlənib hazırlanmasını planlaşdırırdı. Nəticədə o vaxtlar Avropada ən iri avtomobil kompleksi olan Lingotto layihəsi meydana çıxdı, bu kompleks 1922-ci ildə məhsul buraxılışına başladı.
Bu layihə müəyyən strategiyaya əsaslanırdı: elita üçün nəzərdə tutulmaqla yalnız tək-tək adamların imkanı daxilində olan avtomobillər deyil, əsil kütləvi avtomobillər istehsal etmək. Bu məqsədə istehsalın tamamilə yeni industrial təşkili prinsipləri sayəsində nail olundu, bu cür istehsal konveyer tipli yığım xəttinə əsaslanırdı.

Birinci Dünya Müharibəsi Fiat-ı İtaliya avtomobil sənayesinin liderləri sırasına çıxardı. Artıq 20-ci illərin əvvəllərində Fiat İtaliyanın ən iri kompaniyasına çevrildi. Bu işdə kompaniyanın bacarıqlı administratoru Vittorio Valettanın böyük rolu oldu. Lakin 1919 - 1920-ci illərdə kompaniya və şəxsən Anyelli fəhlələrin bir sıra güclü tətilləri ilə qarşılaşdı, tətilin gedişində fəhlələr müəssisələri və xidməti otaqları ələ keçirirdilər.
Üsyan edən fəhlələrin liderləri hər ikisi kommunist olan Antonio Qramşi və Palmiro Tolyatti idi.
İstehsal faktiki olaraq dayandırıldı. Mussolini hakimiyyətə gəldikdən sonra Anyelli yenidən Fiat-ın başında durdu. 1927-ci ildə Fiat-ın idarə olunması üçün IFI holdinqi quruldu; bu günədək orada əsas rolu Anyelli ailəsi oynayır.

1932-ci ildə Balilla modeli debüt etdi, tezliklə bu avtomobillərdən 113.000 ədəd istehsal edildi.
1936-cı ildə 569 kub santimetr tutumlu mühərriki olan ikiyerlik avtomobil – Topolino və ya Fiat 500 modeli peyda oldu, bu, o vaxt dünyada kütləvi istehsal olunan ən kiçik avtomobil idi. Əvvəlcə kuzovun forması və həcmi layihələşdirildi və yalnız bundan sonra mühəndis Dante Cakoza (Dante Giacosa) kuzovun altında şassinin detallarının və aqreqatlarının necə yerləşdiriləcəyi barədə düşünməyə başladı (bu modeldə aparıcı təkərlər arxa təkərlər idi) və onları lonjeronlarında dəliklər olan qısa və yüngül rama şəklində konstruksiya etdi ki, bundan məqsəd onların çəkisini azaltmaq idi.
Zəruri möhkəmliyə yalnız ramaya maili kuzov bərkidildikdən sonra nail olunurdu. 1936-cı ildən 1955-ci ilədək bu məşhur avtomobilin 519.000 nüsxəsi satıldı. Bu avtomobilin müxtəlif modellərinin buraxılması İtaliyada onlara olan marağı artırmaq və istehsalın ümumi həcmini artırmaq məqsədi daşıyırdı.

İkinci Dünya Müharibəsi dövründə Fiat-ın müəssisələri güclü dağıntılara məruz qaldı, İtaliya faşizmdən azad edildikdən sonra milliləşdirildi. Bununla belə, Vittorio Valetta kompaniyanın faktiki rəhbərliyini həyata keçirməkdə davam edirdi.
Müharibədən sonra istehsalda canlanma yaranan dövrdə konveyerdən çoxlu sayda yeni modellər: ikiqapılı Fiat 500 sedanı, Fiat 1100 B və 1500 D universalları, bir il sonra isə Fiat 500 C, 1100 E və 1500 E modelləri çıxdı.
1950-ci illərin əvvəllərində Fiat 400 modelinin istehsalına başlandı, bu, ilk italyan avtomobili idi ki, 1953-cü ildən başlayaraq dizel mühərriki quraşdırılmış versiya ilə təklif olunurdu. Elə həmin il 1100/103 sedanları və 103 TV universalları buraxıldı. Beş il sonra isə kiçik Seicentos və Cinquecentos İtaliyanın simasını dəyişərək avtomobilləri hamı üçün əlçatan etdilər. Milyonlarla nüsxədə buraxılan bu avtomobillər İtaliyanı bütün dünyaya tanıtdılar və ölkədəki industrial dəyişikliklərdə təcəssüm edən iqtisadi möcüzənin rəmzinə çevrildilər.

1960-cı illərin əvvəllərində kompaniya yenidən özəlləşdirildi. Konsernin başında böyük Covanni Anyellinin nəvələri – Umberto və kiçik Covanni durdular və istehsalın təşkilinə yeni yanaşmalar gətirdilər. İdarəedici personalın uzaqgörənlik intuisiyası sayəsində kompaniya kiçik litrajlı Fiat 850 avtomobilini buraxdı, bu modeldən 3 milyon ədəd istehsal edildi. 1966-cı ildə kompaniyanın qurucusunun nəvəsi Covanni Anyelli kompaniyanın sədri oldu və dünya bazarında kompaniyanın mövqelərini möhkəmləndirən bir sıra layihələrin təşəbbüsçüsü oldu.

Məhz 1966-cı ildə Fiat Volqa çayı üzərindəki Stavropol şəhərində Voljsk avtomobil zavodunun (VAZ) tikintisinə dair SSRİ ilə saziş imzaladı, sonralar həmin şəhərin adı kommunist hakimiyyəti tərəfindən dəyişdirilərək istehza ilə Tolyatti qoyulmuşdu, Tolyatti 20-ci illərdə az qala Fiat-ın məhvinə səbəb olmuş şəxs idi. VAZ-ın istehsal gücü gündə 124 markalı 2.000 avtomobilin istehsalına bərabər idi. Fiat Voljsk avtomobil zavodunu tikməklə həyatımıza əsaslı surətdə daxil oldu, həmin zavod SSRİ üçün milyonlarla minik avtomobili buraxdı, habelə əsas zavodda və yardımçı müəssisələrdə çoxlu sayda iş yerləri açıldı. Fiat-124 modelini VAZ faktiki olaraq ötən ilə kimi istehsal etməkdə idi, belə ki, 2105 və 2106 modelləri texniki cəhətdən Fiat-124-ün əkizləridir.
Buna görə də bu konsern haqqında cəsarətlə söyləyə bilərik ki, o, sovet minik avtomobilləri sənayesinin “şefidir”. Bugünkü avtomagistralları və şəhərlərin küçələrini “Jiquli” avtomobilləri olmadan təsəvvür edə bilmərik. Bundan başqa, “rus Fiat-ları” xaricdə satılan zaman (bunlar xüsusi olaraq ixrac üçün hazırlanan modellər idi) qiymətlərinin aşağı olması sayəsində “italyan Fiatları” ilə uğurla rəqabət aparırdılar.
Elə indinin özündə də cəmiyyətin orta təbəqəsi VAZ avtomobillərini almağa meyllidir, özü də çoxları “klassikaya”, yəni keçmiş Fiat-124 modelinə üstünlük verirlər. Bu model 1967-ci ildə – düz 30 il əvvəl ilin avtomobili seçilmişdi. Həqiqətən də uğurlu modeldir!

1969-cu ildə “Lança” şirkəti Fiat-ın tərkibinə daxil oldu. Elə həmin vaxtlar Dino-dan tutmuş 128, 130, 127 və 126 seriyalı modellərə qədər müxtəlif modelləri buraxmaqla yanaşı, Fiat İtaliyanın cənubunda, Polşada və Braziliyada avtomobil istehsalı zavodları tikir və Autobianchi və Lancia kimi məşhur brendlər alındıqdan sonra əldə etdiyi təcrübə də daxil olmaqla İtaliya avtomobil sənayesinin “nou-hau”sunu bütün dünyaya yayırdı. 70-ci illərin neft böhranı dövründə əsas diqqət hazır məhsulun yaxşılaşdırılmasına və istehsal proseslərinin təkmilləşdirilməsinə yönəldildi ki, bu da istehsalın daha yüksək səviyyədə avtomatlaşdırılmasına və məhsulun daha səmərəli maşınqayırma metodları ilə istehsal edilməsinə şərait yaratdı.
İnqilabi sistem olan “Robogate” avtomatlaşdırma sistemi sayəsində 1978-ci ildə Ritmo modelinin istehsalına başlanması şirkəti yeni inkişaf səviyyəsinə qaldırdı. 1983-cü il isə Fiat avtomobil konserninin tarixində dönüş nöqtəsi oldu, həmin il məşhur Uno modeli buraxıldı. Bu modelin vasitəsilə avtomobil həvəskarlarına geniş çeşidli yeniliklər təklif olundu, həmin yeniliklər elektronikanı, alternativ materiallardan istifadəni, mühərrikin quruluşunu və s. əhatə edirdi.
1980-ci ildə Cenevrədə kompakt avtomobil – Fiat Panda təqdim edildi. 20 illik istehsal müddətində Fiat kompaniyası Panda modelinin 60 variantını təklif etdi. Buraxılan Panda avtomobillərinin ümumi sayı 4 milyon ədəd təşkil etdi. Zahirən dəbdəbəli görünüşə malik olmasa da, Panda-nın dizaynı maestro C. Cudcaronun rəhbərliyi ilə ItalDesign atelyesində hazırlanmışdı. Bu gün bu model Qərbi Avropada ən ucuz modellərdəndir.

Fiat Uno modeli 1983-cü ilin martında Cenevrədə debüt etdi. Məhz bu model on il müddət ərzində Apennin yarımadasında birinci olaraq Uno (bir) adını doğrultdu. Fiat Uno İtaliyada 1995-ci ilin mayında konveyerdən çıxarılaraq istehsal üçün Belsko-Bayala şəhərindəki “FlAT-Polsca” (keçmiş FSM) Polşa zavoduna, habelə “TOFAS-Fiat” Türkiyə bölməsinə və “El Nasr” Misir filialına verildi, bu müəssisələrdə bu modelin istehsalı hələ də davam edir. İtaliya konveyerində Fiat Uno modelini onun xələfi – Fiat Punto əvəz etdi.

İtaliyanın əsas avtomobil istehsalçısı olan Fiat tərəfindən 1985-ci ildə təqdim edilmiş iri Croma Fiat modeli (bu modeldə aparıcı təkərlər qabaq təkərlərdir) “ümumavropa” platforması adlandırılan vahid TIPO 4 platformasında layihələşdirildi, Lancia Thema, Saab 9000 və Alfa Romeo 164 modelləri də bu platformada hazırlanmışdır. Arxa qapısı pilləli olan, rahat və geniş baqaj yerinə malik olan hetçbek kuzovlu bu model 1996-cı ilədək konveyerdə saxlandı və ona olan tələbat 1996-cı ildə tamamilə aşağı düşdükdə Fiat şirkəti onun istehsalını davam etdirməyə lüzum görmədi.

1986-cı ildə Fiat Qrupu “Alfa Romeo”nu və onun şöbələrini satın aldı və bununla da dünya bazarında mövqelərini möhkəmləndirdi. Şirkətin siyasəti tezliklə onun bazara yeni Alfa 164 modelini çıxarmasına imkan verdi, bu model əfsanəvi Alfa markasının həvəskarlarının ürəyincə oldu. Alfa 164-dən sonra bir sıra yeni modellər, o cümlədən 1997-ci ildən istehsalına başlanmış və ilin avtomobili seçilmiş Alfa 156 buraxıldı.
Beşqapılı Tipo hətçbəki 1988-ci ilin yanvarında, dördqapılı və altıpəncərəli sürüşkən formalı Tempra sedanı 1990-cı ilin fevralında, beşqapılı Tempra Station Wagon universalı (onu həm də Fiat Tempra adlandırılar) və Marengo furqonu isə 1990-cı ilin yayında debüt etdi. Bu modellər vahid platformada hazırlansa da onların dizaynı bir qədər fərqlidir.
Eyni texnoloji platformada Fiat konserni həmin modellərə bənzəyən, lakin daha bahalı və prestijli avtomobilləri – С və D seqmentlərinə mənsub olan Lancia Delta, Alfa Romeo 33, Lancia Dedra və Alfa 155 modellərini də buraxdı. Tipo xarici görünüşünə görə bir qədər böyüdülmüş əvvəlki bestselleri – Fiat Uno-nu xatırlatsa da hər halda “1989-cu ilin avtomobili” titulu ona qismət oldu. Bununla belə, Tipo bazarda geniş populyarlıq qazanmadı. 1995-ci ilin oktyabrında Tipo və Tempra modelləri İtaliyada Bravo/Brava və Маgеа modelləri ilə əvəz olundu.

Daha sonra Punto/Sporting modeli işıq üzü gördü. 3 və 5-qapılı hetçbek formasında buraxılan bu model öz sinfinin 17 baza modeli arasında ən populyar avtomobil oldu. GT versiyası onun ən güclü modifikasiyası idi. Modelin debütü 1993-cü ildə baş tutdu. Bu modelin yeni nəsli 1999-cu ildə işıq üzü gördü.
1998-ci ilin mart-aprel aylarında Turində Fiat Seicento modeli təqdim edildi. Panda avtomobilləri kimi bu model də A sinfinə mənsubdur. O, Polşada istehsal olunur və Avropa bazarlarında satılır. Bu modelin aşağıdakı baza versiyaları hazırlanır: Young, S, SX, Citymatic, Suite, Sporting və Seicento Elettra (elektromobil).

Fiat Bravo-nun bazasında hazırlanan idman avtomobili – Fiat Coupe kupesi bu tip modellər arasında ən ucuz avtomobillərdəndir. Coupe Turbo modeli bu avtomobilin yüksək dinamika göstəricilərinə malik olan daha güclü modifikasiyasıdır. Maksimal sürəti 250 km/saat olan bu model Merсedes-Benz CLK və Porsche Boxster kimi güclü avtomobillərin rəqibidir. O, ilk dəfə 1993-cü ilin noyabrında ictimaiyyətə təqdim edildi. 2000-ci ilin yayında Turin avtosalonunda Turbo yeni komplektasiyada təqdim edildi. Bu, 220 at gücünə malik mühərriki və 6-pilləli ötürücü sürət qutusu olan Coupe 2.0 20V Turbo Plus idi.
Mühərriki köndələn vəziyyətdə yerləşdirilən Fiat Ulysse avtomobili aparıcı təkərləri qabaq təkərlər olan minivendir. Peugeot/Citroеn və Fiat/Lancia ilə birlikdə istehsal edilir. 7-8 yerlik iri salonlu bu universalların geniş ailəsinin premyerası 1994-cü ildə Fiat şirkəti ilə PSA konserninin U60 adlı birgə layihəsi çərçivəsində keçirildi. Ümumi platformada hazırlanan bütün bu modellərin istehsalı Fransanın şimalındakı yeni NordSEVEL zavodunda həyata keçirilir.
1996-cı ilin əvvəlində bazarda Fiat Scudo/Citroen Jumpy/Peugeot Expert minifurqonlarının yük və yük-sərnişin avtomobilləri ailəsi (U64) təqdim edildi. Onların hərəki hissəsi və qismən kuzovları U60 ailəsinin minivenləri ilə unifikasiya olunmuşdu. U64 platforması qısa bazalı Fiat Talento modelini əvəz etdi.

Fiat Barchetta avtomobilləri ilk dəfə 1995-ci ildə Cenevrə avtoşousunda təqdim edildi və sərginin ən gözəl kabrioleti sayıldı. Aparıcı təkərləri qabaq təkərlər olan bu idman kabrioleti üstü açıq olan və ya çıxarıla bilən “spayder”dir. O, Fiat Punto-nun bazasında hazırlanır, Fiat şirkəti ilə Pininfarina dizayner atelyesinin birgə işinin məhsuludur. 2000-ci ilin yayında Turin avtosalonunda Barchetta Riviera “lyuks” komplektasiyası nümayiş etdirildi.
2000-ci ilin oktyabrında şirkət yük-sərnişin avtomobili olan Doblo modelini Paris avtosalonunda nümayiş etdirdi. Bu model həm sərnişin, həm də yük avtomobili (Doblo Cargo) versiyasında təklif olunur.
Daha sonra Stilo modeli işıq üzü gördü. İtaliyada Stilo 2002-ci il oktyabrın 6-dan buraxılır. Bravo modelini əvəzləyən bu üçqapılı hetçbek aktiv avtomobil sürmə həvəskarları üçün nəzərdə tutulmuşdur.
Öz növbəsində, “ailə” variantı olan beşqapılı model (o, Fiat Brava modelini əvəzləyir) də buraxılır. Fiat Stilo altı-yeddi il ərzində buraxılacaq. Planlaşdırılan ümumi istehsal həcmi 2,5 milyon avtomobilə bərabərdir.
Konsern müflisləşən firmaları tədricən satın alır və bu gün Ferrari, Lancia və Alfa Romeo kimi avtomobil istehsalçıları Fiat-ın “qanadı” altına sığınmışlar. Fiat-ın bir neçə traktor zavodu da vardır. 

Mənbə: Avtomobil.az
Top