Mən, sən, o...

Mən, sən, o...

Mən bu dünyaya münasibətlər, düşüncələr arasında körpü qurmaq üçün gəlmişdim.
 
Sən-bu körpüləri yandırmaq üçün.
 
O körpülər ki, onlarla bütün dünyanı dolaşmaq olardı.
 
Biz-ömür boyu bu yanmış körpülərin külüylə oynadıq, biz ola bilmədik. Siz olduq, Onlar olduq.
 
...Mənə görə həyatın-bu qarışıq məsələnin çox sadə həlli vardı. Sənə görə bu sadə məsələnin çox mürəkkəb həlli. Ona görə biz orta məxrəcə gəlib bu həyatın yeganə həllini tapa bilmədik.
 
Bu səbəbdən Sizə görə bir başqa çıxış yolu mövcuddu, Bizə görə bir başqa, Onlara görə lap ayrı.
 
...Mən indi-bu sətirləri yazdığım an bədənimin hərarəti 39 dərəcədi, amma üşüdürəm. Sən deyə bilərsənmi, insan orqanizminə bu qədər fərqli iki hal nə üçün lazımdı? O iki hal ki, bir-birinə tərs mütənasibdi.
 
Siz heç düşündünüzmü, insan nə üçün yüksək hərarətdə titrədir, kədərdə boğularkən gülmək istəyir, tənhalıqda kimisə arzulayır. Biz hər zaman nəsə əkslik hiss edirik. Kədər və sevinc, soyuq və isti, sevgi və ayrılıq, onlar hamısı gerçəkdənmi insan həyatına eyni dərəcədə lazımdı?!
 
Mənim üçün bu sualların cavabı olduqca maraqlıdı. Sənin üçün anlamsız. Onun üçün biz bu həyatı birlikdə çözə bilmədik. Həyatın yeganə anlamı, sadə anlamı, bircə cümləlik anlamı Sizin üçün, Bizim üçün, Onlar üçün bu səbəbdən fərqli oldu, ayrı-ayrı oldu, həqiqət parçalandı.
 
Sən, mən, o, biz, siz, onlar qədər oldu.

Səhər Əhməd 
Top