Vərdiş | Rene-Sülli-Prüdom

Qonaq kimi gəlmişdi, getmədi bir də,
O bizə kölətək sadiqdir yaman.
Ağlı əvəz edir indi hər yerdə,
Onunla yaşamaq asandır, asan.

Çalışqan dayədir, saya salmırıq,
Hər yerə baş çəkir, burnunu soxur.
Üzünü görmürük, vecə almırıq,
Elə deyirik ki, qorxusu yoxdur.

Kəsə yolla düz gedir, hədəfdən zaddan –
heç zaman yayınmır, soruşmur yolu.
Yaman əltutandır, hey altdan-altdan –
Deyir ki, ordan yox, burdan buyurun.

Yaxşı tanıyırmış bizi bizdən də,
O qazdan ayıqdı, işi biləndi.
O heç vaxt düşmürmüş dilimizdən də,
Tənbəllikdə dilimizə gələndi.

Bu qoca kaftarın keçsən əlinə,
Zibilə düşürsən, qulu olursan.
Ürəyin də keçir onun əmrinə,
İçərdən onunla dolu olursan.

Əgər ona aldansan, devriləcəksən,
Bir qulun ömrünə başlayacaqsan.
Simasız əşyaya çevriləcəksən,
İnsan yox, kölgətək yaşayacaqsan.

Tərcümə etdi: Qismət
Top