Döyüş haqqında | Qabusnamə

Ey oğul, döyüş meydanında olsan, orada yavaş tərpənib süstlük göstərmək yaramaz. Düşmən sənə üstün gəlib axşam xörəyi yeməmişdən əvvəl, sən ona qələbə çalıb səhər çayını iç. Döyüşün ortasına düşmüş olsan, özünü itirib canından qorxma, gorda yatmalı olan adam heç bir vəchlə evdə yata bilməyəcək, necə ki, təbəri dilində mən demişəm:

Heç qorxusu yoxdur düşmən olsa şir,
Bilmərəm dünyada mən qorxu nədir.
Nə gözəl demişdir o ağıllı pir:
“Öləsi adama ev olar qəbir!”

Həmin mənanı farsca da deyirəm ki, hamıya məlum olsun:

Açıq ya da gizli şir olsa düşmən,
Şirə sən şəmşirlə cavab ver həmən.
Gorda tək yatmağa məhkum olsan sən,
Evdə nigarınla yata bilməzsən!

Döyüşdə bir addım irəli getmək mümkünsə, bir qədəm geri qoyma. Düşmən tərəfindən mühasirəyə alınsan, savaşı dayandırma, çünki yalnız savaşla düşməni ram etmək olar. Onlar sənin igidliyini gördükdə qorxuya düşərlər. Belə yerdə ölümü özün üçün xoşbəxtlik hesab et. Heç vaxt qorxma, ürəkli ol. Qoçaqların əlində qısa qılınclar uzun görünər.

Vuruşda ehmallıq yaramaz, balaca qorxaqlıq və ya süstlük oldumu, min canın olsun, birini də salamat apara bilməzsən. Ən alçaq adam sənə üstün gələr. Beləliklə, öldürülsən, rüsvayçılıq olar, bədnamlıqla şöhrət taparsan. Qəhrəmanlıqda məşhur olsan, səndən bir səliqəsizlik baş versə də, ziyan çəkməzsən, tay-tuşların içində başıaşağı olmazsan. Lakin şöhrət və dövlət olmadıqda adamın öz tay-tuşları arasında hörməti də olmur. Belə yaşayışdan isə ölüm üstündür. Yaxşı adla ölmək pis adla yaşamaqdan yaxşıdır.

Xoşdur yaxşı adla əgər ölsəm mən,
Mənə ad qalacaq, öləcək bədən.

Lakin nahaq qan tökməyə həvəskar olma, heç bir insanın qanını halal hesab etmə. Öldürsən, yol kəsənləri, oğruları, gor qazanları, yol azanları öldür. Nahaq qan hər iki dünyanın bəla qapılarını sənin üzünə açmış olar. Qiyamətdə cəzasını alarsan, bu dünyada pis ad qazanarsan. Gücsüzlər sənə etibar etməz. Xidmətçilərin ümidi qırılar. Xalq sənə nifrət edər. Camaat ürəklərində sənə kin bəslər. O dünyada bütün əzab-işgəncələr nahaq qan üstündə verilər. Lakin mən kitablarda oxumuşam, təcrübədən də görmüşəm ki, nahaq qanın cəzasını elə bu dünyada da çəkərlər. Əgər adamın öz taleyi uğurlu olsa, bəla onun övladına yetişər. Buna görə, özünə və balalarına yazığın gəlsin, nahaq qan tökmə. Lakin haqq qanın axıdılmasında da kahıllıq göstərmə, işlərinə ziyan dəyər.

Məsələn, mənim babam Şəmsülməalı haqqında nağıl edirlər ki, o, çox qəddar adam imiş və heç kəsi bağışlamazmış. Çox pis adam imiş, buna görə qoşun ona nifrət edirmiş. Qoşun mənim əmim Fələkülməali ilə əlbir olur, o, məcburiyyət üzündən gəlib öz atasını həbs edir, çünki ordu ona demişdi: “Sən bu işdə bizimlə bir olmasan, biz bu şahlığı özgələrinə verəcəyik”. Şahlığın öz xanədanının əlindən çıxacağını gördükdə zərurət üzündən, şahlıq xatirinə bu işi elədi. Babamı tutub əl-qolunu bağladılar, kəcavəyə mindirdilər, inanılmış adamlardan ibarət keşikçi qoydular və Kənaşı qalasına göndərdilər. Onu yola salanlar içərisində Abdullah adlı bir adam var idi. Yolda Şəmsülməali həmin adama deyir: “Ya Abdullah, bu işin kim tərəfindən edildiyini, bu tədbirin necə həyata keçirildiyini bilirsənmi? Necə oldu ki, mən bu işdən xəbər tutmadım?” Abdullah deyir ki, bunu filankəslər və filankəslər etmişlər. Beş sipəhsaların adınıçəkir, deyir: “Bu işi onlar etmiş, ordunu onlar yoldan çıxarmışlar, bu işdə mənim də əlim olmuşdur. Lakin sən bu işi məndən görmə, özündən gör, çünki bunun səbəbi ordunun üz döndərməsi deyil, sənin çoxlu adam öldürməyindir”.

Şəmsülməali deyir: “Səhvin var, bu işmənim başıma adamları öldürmədiyim üçün gəlmişdir. Əgər iş ağıllı qurulsaydı, gərək sənin və o beş nəfərin də qanı axıdılmış olaydı. Belə etmiş olsaydım, həm işlərim sahman olardı, həm özüm salamat qalardım”.

Bunu deyirəm, biləsən ki, görülməsi zəruri olan işlərdə ehmallıq etməyəsən, məcburi olanlarda süstlük göstərməyəsən. Bir də ki, adam axtalatmağı özünə adət etmə, bu, qan tökməyə bərabər bir şeydir. Öz şəhvətin xatirinə bir nəslin kökünü kəsirsən, bundan daha ağır zülm ola bilməz. Sənə xədim lazımsa, xədim edilmiş tap ki, onun günahı başqasının boynunda olsun, sən bu günaha batmayasan.

Döyüş məsələsinə gəldikdə isə, dediyim kimi ol, canının hayına qalma, nə qədər ki, bədənini itlərə yem etməmisən, adını şirlər adına qoşa bilməzsən. Bil ki, bir gün doğulan, bir gün də öləcəkdir. Canlılar üç növdür: danışan canlılar, danışıb ölənlər, canlı ölülər, yəni: mələklər, insanlar, quşlar və heyvanlar.
Pəhləvi dilində bir pars kitabında oxumuşam: Zərdüştdən soruşurlar ki, “canlılar neçə növdür?” O da belə cavab verib deyir: “Danışan canlılar, danışan və ölən canlılar, ölən canlılar”. Demək, məlum olur ki, bütün canlılar ölür və heç kəs öz əcəlindən əvvəl getmir. Ona görə də döyüşdə inamla vuruşub səy göstərmək lazımdır ki, həm çörəyə çatasan, həm şöhrət tapasan.

Ölüm və ölmək haqqında əmirəlmöminin Əli ibn Əbu Talib əleyhissəlam bir hədisdə belə demişdir: “Doğulduğum gün də ölmüşəm”. İndi mən hədisdən-hədisə keçsəm, çox danışmalı olaram. Hərçənd deyiblər ki, “çox bilən çox danışar”. Qayıdıram əvvəlki sözə: bil ki, çörək və adı bu dünyada qazanarlar. Elə ki qazandın, çalış mal-dövlət topla, topladığını yaxşı saxla və yerində xərclə.
Top