Oxuyun, ay millət! | İvan Kraus

Hər dəfə kitab mağazalarına girəndə guşələri gəzir, rəflər arasında dolaşıram. Boynumu qeyri-təbii şəkildə burub, rəflərə düzülmüş kitabların kötüyündən adlarını oxuyuram. Ta boynum tutulana qədər. Bu, təhlükəli haldır. Bir tanışım hansısa kitabı beləcə o qədər axtarmışdı ki, boynu qurumuşdu, düzəldə bilmirdi. Satıcılar onu taksiyə oturdub birbaşa massajçı yanına göndərmişdilər.

Kitab mağazalarına istirahət üçün getdiyini deyənlər, sözsüz ki, məsələni şişirdirlər. Şair dostum var, deyir ki, hər dəfə kitabçıdan çıxan kimi cumuram evə – uzanmaq üçün. O dəfə kitab mağazasında bir nəfər gördüm, həmin qeyri-təbii vəziyyətdə kitab axtarmaqdan axırda huşunu itirdi. Xoşbəxtlikdən, yıxılanda başı aktyorların və müğənnilərin xatirələrindən ibarət kitab qalağına çırpıldı deyə, salamat ötüşdü.

Mağazadakılar arasında həkim də varmış, əlüstü müayinədən belə nəticəyə gəldi ki, bir ara adamın beyninə qan çatmayıb. Həmin oxucunu şeir kitabları olan bölməyə aparıb, endirimli nəşrlərin üstünə uzatdılar, özünə gələnəcən də orda qaldı.

Yaşım artdıqca daha da ehtiyatkar oluram. Uyuşmanın ilkin əlamətlərini hiss edən kimi, kitabların yuxarı rəflərə düzüldüyü guşədən aralanır, aşağı rəflərdəki, təbii vəziyyətdə baxmaq mümkün olan kitablara yaxınlaşıram.

Üz qabığında yazılanları oxuduqca görürəm ki, müasir romanlar bir-birinə çox oxşayır. Əksəriyyətinin qəhrəmanları Rita, Canet, ya da Hildeqarddır. O qəhrəman, adətən, tənhalıqdan, depressiyadan əziyyət çəkir. Günlərin birində Cerriyə, Boba, ya da Karl-Haynsa rast gəlir: vaxtilə birlikdə dərsə, yaxud tennis oynamağa getdiyi oğlana. Tam 150 səhifə boyunca ona elə gəlir ki, öz köhnə dostuyla birlikdə xoşbəxt həyat qura bilər, ancaq hardasa 160-la 200 arasında özü üçün aydınlaşdırır ki, bu, sadəcə, xəyalmış. Əgər romanın baş qəhrəmanı kişi cinsindəndirsə, əksər hallarda adı ya Arno, ya Ceyms, ya da Volfhanq olur. Elə ilk fəsildəcə hiss edir ki, bezdirici və lazımsız bir işdə çalışır. Yoldaşları darıxdırıcı, texnologiya anlaşılmaz, yollardakı tıxaclar isə dözülməzdir. Qəhrəmanın öz dostuna məxsus fitnes-kluba gəldiyi, o adama qarşı hislərinin də yalnız dostluqla məhdudlaşmadığı məlum olan səhifələrə çatanda kitabı tez-tələsik qoydum yerinə. 

O günsə əlimə bir kitab keçdi, üzqabığındakı anonsda yazılmışdı ki, Cek bu bahar öz anasının seksual cazibəsini kəşf edəcək… Kitabı hövlnak qaytarıb rəfə qoymaq istəyəndə satıcı qızla toqquşdum. Qucağında bir topa kitab aparırdı. Biri yerə düşdü. Götürüb üzqabığını oxudum, məlum oldu ki, Karib adalarından birini vuran qasırğa təkcə yerli sakinlərin yox, Çikaqodan gəlmiş bir zooloqun – Cill adlı qadının da həyatına əsaslı təsir göstərib. O, yerli hindulardan Hayriri adında bir oğlanla qayalığa sığınıbmış. Oğlan həmin zooloqu öz tilsiminə, yerli magiyanın təsirinə salmaqla kifayətlənməyib, üstəlik, qadında elə sonsuz ehtiras oyadıb ki, Baltimorda yaşadığı müddətdə beləsini dadmayıbmış! Qəribə gəlməsin, hamısı amerikan qidasından və həyat tərzindəndir...

Kitabı satıcı qıza qaytarıb başqa guşəyə keçdim. Burda “nəyi necə eləmək” mövzulu onlarla kitab vardı. Özünəinam hissini necə yaratmalı… Məsləhətləri necə qulaqardına vurmalı… Seksdən necə həzz almalı… Özünü necə sağaltmalı… Düşüncələri necə oxumalı… Karyeranı necə qurmalı… Kişilərin qadınlara münasibətini necə bilməli… Stressdən necə qurtulmalı… Necə varlanmalı… Bu guşədə tək bircə kitab çatışmırdı: “Mütaliə üçün maraqlı bir kitabı necə tapmalı...”

Hər dəfə kitab mağazalarına baş çəkəndə bunu da fikirləşirəm ki, gör nə qədər yazan var...
Uyuşmasın deyə boynumu düzəldib yan-yörəmi gözdən keçirirəm. Kassadakı qız xəyallara qərq olub. Bu hal mənə tanışdır. Yəqin ki, roman düzüb-qoşur. Müdirin də vəziyyəti qəlizdir. Gözlərini kağıza zilləyib, arada köks ötürür. Görünür, hansısa bir məqamacan gəlib, ondan o yanasına qərar verə bilmir. Sarışın satıcı qız kitabları rəflərə düzür. Ancaq dalğın bir halı var. Ətrafına məhəl qoymur. Onun necə işlədiyini müşahidə etdikcə anlayıram ki, əslində indi qızın beyni uzun bir hekayə qurmaqla məşğuldur. Fikirləşir ki…
Elə hey rəflərə kitab düzürdü… Bütün günü mağazada keçdiyi üçün öz məhəbbətilə rastlaşa bilmirdi… Təbii ki, günlərin bir günü Yaromil gəlib “Seks haqqında indiyədək bilmədikləriniz” adlı kitabı tapıb gətirməsini ondan xahiş edənəcən...

Həmin gün qız, axır ki, mövcudluğun dözülməz yüngüllüyünü dadır. Tezliklə onun da kitabı rəflərdə peyda olur. Üz qabığında qeyd edilir ki, o, bir vaxtlar satıcı işləyirmiş… Başqa mağazalardakı satıcılar onun kitabını götürüb baxacaq, öz əsərlərinin süjeti barədə düşünəcəklər.

Kassada oturan qız könülsüz-könülsüz çek vurur. İstedadı üzə çıxarılsaydı, nələr yaratmazdı! Məsələn, lesbiyan sevgisi haqqında romanını tamamlardı: əsl sensasiya yaradardı! Kompüterdə nəsə bir kitab adı axtaran eynəkli qız… Çox vaxt əlləri belində olur, “Bədən işarətlərini necə oxumalı” kitabının müəllifinə görə bu, seksual məyusluq əlamətidir. Bəllidir ki, o da nəsə yazıb-yaradır. Qızın ondan ötrü “Romanı necə yazmalı” mövzusunda vəsait tapmasını gözləyən cavan oğlanın isə saçları üzünə tökülüb. Belə vəziyyətdə kitabları görə bilməsə də, bu, onun roman yazmasını əngəlləmir. Heç bir maneə dayandıra bilməz onu. Deməyə sözü var çünki. Atası ilə qatı ziddiyyətdədir. Saçlarının uzunluğu səbəbindən. Azadlığı məhdulaşdırılır. Cəmiyyət onu qətiyyən anlamır. Amma bütün bunlar yalnız fitnes-klubda Marselə, ya da tətil vaxtı Dehlidə Rao adlı yoqa rast gələnəcən davam edir.

Azacıq aralıda bir kişi dayanıb, gözlərini çılpaq qadın rəsmləri olan kitaba zilləyib. Hər dəfə satıcı qız onun yanından keçəndə səhifəni çevirir, özünü elə göstərir ki, guya girişi oxuyur. Yəqin ki, erotik roman yazır, bəzi detalları dəqiqləşdirməyə ehtiyac duyub.

Mağazadan küçəyə çıxıram.

Avtobus sürücüsü qaşqabağını töküb. Görünür, hekayələr silsiləsi alınmır. Adını “Dayanacaqlar” qoyub. Birincini yazmağa başlayıb: qarajdan necə çıxdığı barədə. Amma elə birinci dördyoldaca əyləci basmalı olub.

Kafedəki ofisiant ikicə addımlığımdadır. İşarəylə çağırıram, xeyri olmur. İndi onun beynində əhvalatlar qaynaşır, müştərilərsə ona mane olurlar.

Meyvə-tərəvəz satıcısı şeir aləminə elə dalıb ki, pomidor istəyirəm, portağal çəkir. Aptekçi isə “Aspirin” əvəzinə “S vitamini” gətirir. Çəkinmədən deyə bilərəm ki, o, kriminal roman yazır.

Metroya girirəm, ora əməlli-başlı yazıçılar ittifaqına dönüb. Kimsənin üzü gülmür. Hamı qaşqabaqlıdır, nədənsə dümdüz qabağa baxırlar. Sərnişinlərin yarısı hələ əsərinə münasib ad tapmayıb, narazıdır, qalan yarısı da romanını açıq, yoxsa qapalı finalla yekunlaşdırmaq barədə düşünür.

Vaqonun küncündə bir kişi tək oturub. Hüznlü görkəmi var, arabir burnunu çəkir. Oğrun-oğrun adamları süzür. Hərdən qımıldanıb kağıza nəsə yazır. Sonra da onu oxuyub xəfifcə gülümsəyir. Vərəqi büküb cibinə qoyur, dərhal da çıxarır. Yazdıqlarını təzədən oxuyub başını bulayır, ucdantutma hamısını qaralayır. Xülasə, suyuşirin adamdır. Adi bir yumoristdir. 

Ruscadan tərcümə: Seyfəddin Hüseynli
Top