Gələcək bizim əlimizdə deyil

Gələcək bizim əlimizdə deyil

Alber Kamünün 1946-cı ilin mart-may, 1949-cu ilin iyun-avqust ABŞ və Güney Amerika ölkələrinə səyahət zamanı apardığı qeydlərdən ibarət “Səfər gündəlikləri”ndən seçmələr:

D. xanımla insanların əksəriyyətinin yaşamaq istədikləri həyatı yaşaya bilmədiklərini və qorxaqcasına davrandıqlarını düşünürük.

Nyu-York limanına çıxırıq. Sis-duman qorxunc bir mənzərə yaradıb. Burada nizam, ərkyanalıq, iqtisadi güc hiss olunur. Bu qədər heyranedici və insanlığın fövqündə olan görüntü qarşısında ürəyimiz titrəyir.

Bir ölkəni tanımağın yollarından biri orada insanların necə öldüyünü görməkdir. Burada (ABŞ nəzərdə tutulur – tərcm) hər şey nəzərə alınır. Tanıtma afişalarında bu cür yazılır: “Siz öləcəksiniz və o zaman istirahət başlanacaq -1”. Məzarlıqların özəl mülkiyyəti var: “Yerinizi almağa tələsin!”

Haqlı olan əsla öldürməyəndir. Bu o deməkdir ki, o, Tanrı ola bilməz.

Çağımızdakı ideologiyaların sonunu göstərən işarələri qeyd etməli. Atom bombası ideoloji baxımdan qadağandır.

Özümü yenidən bu qədər gücsüz histt etmənin hüznü. İyirmi beş il sonra əlli yeddi yaşım olacaq. İyirmi beş il ərzində özümü yaratmalı və axtardığımı tapmalıyam. Ardınca qocalıq və ölüm gəlir. Mənim üçün ən əhəmiyyətli olan şeyi bilirəm. Boş-boş danışmalar və qısır yoxsulluqla vaxtı yelə verməyin yollarını da bilirəm. İçimdəki iki-üç meylə hakim kəsildim. Amma mənə gərək olan bu üstünlükdən nə qədər də uzağam. İnsanlara xas istəklərim, qaynar təbiətimlə bu unuduluş dənizlərinə, ölümün sehrinə bənzəyən bu ölçüsüz səssizliklərə uyğunlaşma arzusu arasında sürətlə parçalanıb qaldım

İki dəfə canlanan intihar düşüncəsi. Dənizi seyr edərkən gicgahlarımdan qorxunc bir yanğın yüksəlir. İnsanın canına necə qəsd etdiyini anladığımı sanıram.

Suyun üzəri hələ aydınlıqdır, amma dərində qaranlıqlar sezilir. Dəniz belədir. Zatən, onu bunun üçün sevirəm. Həyatın çağırışı, ölümə dəvət.

Dörd adamdan artıq birlikdəlik mənə dözülməz görünür.

Bütün cəhdlərimə baxmayaraq səbəbini belə anlamadığım bu hüzndən xilas ola bilmirəm.

Gələcək bizim əlimizdə deyil, üzərimizə gələn bu nəhəng axına qarşı heç bir şey edə bilmərik.

Yataqda. Qızdırma. Beyin isə inadla işləyir. Bərbad düşüncələr. Ətrafımdakı və içimdəki alt-üst edəcək naməlum bir dağıntıya doğru addım-addım yürümə duyğusunun dayanılmazlığı.

Həyatım boyunca əleyhinə olduğum şeyləri burda qəbul edirəm – sanki bu səfər daxilində istəmədiyim hər şeyə boyun əyməli olmuşam.

Yaşamaq özünə və həm də başqalarına qarşı pislik etməkdir. Amansız torpaq! Heç bir şeyə toxunmamaq üçün nə etməli?

Etiraf etməliyəm ki, əzab çəkmə faktı uzun müddət mənə yad olub. Məni bu mövzudan eşq agah etdi. İndi artıq buna dözə bilmirəm. Öldürmək bu mənada əzab çəkməkdən yaxşıdır. Dünən tam mənada dərk etdiyim şey doğrudan da ölmək arzusu idi.

Siz ölün, qalanını biz həll edərik.

Tərcümə etdi: Kənan HACI
sim-sim.az
Top