İki nəfərlik sirr | Quentin Reynolds

İki nəfərlik sirr | Quentin Reynolds

Bütün böyük şəhərlər kimi, Montrealı da dar küçələrsiz təsəvvür etmək olmaz. Hər addımında insana Şahzadə Edvard küçəsini xatırladan cəmi dörd məhəllə uzunluğunda olan çıxılmaz dar küçələr, tinlər, döngələr və dalanlar… Heç kəs bu dar küçələri otuz ildir bu yollarda süd paylamaqla saç ağardan Pier Dubin qədər yaxşı tanımırdı.

Ötən on beş il ərzində, Pierin çörək ağacı olan bu arabaya Josef adlı böyük, ağ at başçılıq edirdi. Montrealda, xüsusilə də fransızların sıx məskunlaşdığı məhəllələrdə uşaqlara, hətta heyvanlara da müqəddəslərin adlarını vermək adəti hələ də mövcud idi. İlk dəfə bu əzəmətli at Süd şirkətinə gətiriləndə hələ o adsız idi. Elə həmin gündən bu vüqarlı at Pierin ixtiyarına verildi. Pier onun boynunu sığallayıb, döşünə tumar çəkib, onun gözlərinin içinə baxdı.

«O, mehriban, sadiq və səxavətli atdır. Onun gözlərində bərq vuran qığılcımdan necə ürəyə sahib olduğunu yəqin etmək elə də çətin deyildi. Mən onu, bütün ömrü boyu səxavəti və gözəl ürəyi ilə seçilmiş Müqəddəs Josefin şərəfinə, elə Josef adlandıracağam.
Artıq bir ildən sonra, Josef də sahibi qədər bu yollara bələd idi. Pier həmişə onu ‘təzə nallı, harın köhlən atım’ deyə səsləyərək, heç vaxt cilovlara toxunmaması ilə lovğalanardı.

Hər səhər dan yeri sökulməmiş saat beşdə Pier Süd Şirkətinin qarşısında olardı. Hər dəfə də adəti üzrə, araba yüklənər, Josef arabaya qoşulardı. Pier yəhərə qalxar, ‘’Bonjour vieil ami’’ (Sabahın xeyir, köhnə dost) deyə Josefi salamlayar, hər şeyi görən, sahibinin münasibətini qəlbi ilə duyan bu səxavətli məxluq danışacaq dili olmasa da, başını ona tərəf çevirər, bu müddət ərzində, onları kənardan izləyən sürücülər isə Josefin öz sahibinə gülümsədiyini deyərək, sanki bu mənzərədən həzz alardılar.

Yalnız Jakves adlı işçinin „Hazırdır, Pier, gedə bilərsən’’ əmrindən sonra, Pier Josefə “ Avance, mom ami” (İrəli, dostum) deyə pıçıldayar və bu möhtəşəm cütlük küçənin aşağısına doğru məğrur-məğrur irəliləyərdilər.

Araba heç bir göstəriş olmadan, yumaq kimi üç tin aşağıya – Müqəddəs Katrin küçəsinə qıvrılar, daha sonra Roslin döngəsi boyunca iki məhəllə sağa dönər və nəhayət sonda sola – Şahzadə Edvard küçəsinə tərəf burulardı. Sonra Josef birinci evin qarşısında dayanar, Pierin bir göz qırpımında yəhərdən düşüb, südlə dolu şüşəni qapının önünə qoymasını gözləyər, daha sonra isə yollarına davam edərək iki evi arxada qoyub, üçüncünün qarşısında dayanardılar. Bu minvalla, onlar küçənin axırına çıxardılar. Sonda isə, Josef yenə də heç bir müdaxilə olmadan dönər, gəldiyi yolu geri qayıdardı. Bax, Josef belə ağıllı məxluq idi.

Pier isə həmişə Josefin bu bacarığıyla öyünərdi:
‘’Mənim heç cilova əlim də dəymir. O, harada dayanmalı olduğunu elə yaxşı bilir ki. Josefin dartdığı arabada mənim yerimə kor biri də olsa, bu işin öhdəsindən gələr ’’.

Beləliklə, bu kiçik ittifaq eyni ahənglə uzun illər ömür sürdü. Tədricən Pier və Josef hər ikisi yaşlanır, illər bir-birini əvəzləyirdi. Artıq Pierin eşmə bığlarına çoxdan qar dənəcikləri ələnmiş, Josef isə əvvəlki kimi ayaqları üstə şahə qalxa, başını dik tuta bilmirdi. Bu illər ərzində həmişə onlarla birgə olan tövlələrin sahibi Jakves bir səhər Pieri əlində əsa ilə görənədək, onların yaşlandığını hiss etməmişdi.

“’Ey Pier, olmaya ayağına fır çıxıb?’’ Jakves güldü.
‘’Mais oui, Jacques,’’ (Əlbəttə, Jakves) Pier bir az tərəddüdlə cavab verdi. ‘’İnsan yaşlandıqca, ayaqları sözünə baxmır’’.

»Gəl, sən bu ata südü qapılara necə aparmağı da öyrət. Onsuzda hər şeyi bacarır’’ Jakves dedi.
Bu at Şahzadə Edvard küçəsində xidmət etdiyi qırx ailənin hamısını əlinin içi kimi tanıyırdı. Pierin yazı-pozu işlərindən başı çıxmadığını yaxşı bilən aşpazlar, əlavə sifariş olduqda, şüşənin üzərinə qeyd yazmaq ənənəsini pozaraq, bunun əvəzində, çay daşı ilə döşənmiş yolda arabanın şaqqıltısı eşidilən kimi ‘’Sabaha bir şüşə artıq gətirərsən’’ deyə arxasınca səslənərdilər.

«Demək, axşama qonağınız olacaq,’’ Pier məmnuniyyətlə cavab verərdi.
Pierin həm də çox iti yaddaşı var idi. O, hər dəfə tövləyə çatan kimi Pankvinlərin, Lemoinlərin əlavə sifarişləri barədə Jakvesə məlumat verərdi. Jakves də ənənəyə sadiq qalaraq, deyilənləri həmişə cibində gəzdirdiyi kiçik dəftərçəsində qeyd edərdi.
Sürücülərin çoxu həftəlik xərcləri və hesabları vaxtında təhvil verməli olsalar da, Jakves həmişə nədənsə bu kiçik, cansıxıcı əməliyyatı Pierrə güzəştə gedərdi. Pierin öhdəsinə düşən iş sadəcə hər səhər, saat beşdə, dan yeri sökülməmiş oyanmaq, bu illər ərzində həmişə eyni səkidə dayanmış arabanı götürmək və sifarişləri vaxtında ünvanlara çatdırmaq idi. İki saatdan sonra is o, qayıdar, özünəməxsus əda ilə yəhərdən düşər, Jakveslə sağollaşar və asta-asta küçənin sonuna doğru yellənərdi.

Günlərin bir günü, Süd Şirkətinin sahibi səhər növbəsində çalışanların işini yoxlamaq üçün buraya kiçik bir səfər təşkil etdi. İşarə ilə Pieri göstərən Jakves ona dedi:’’Siz onun atla necə danışdığına baxın. Siz atın necə Pieri dinlədiyini və başını ona tərəf çevirdiyini görürsüznüzmü? Siz bir atın gözlərinin içinə baxın… Bilirsiz, məncə onlar bizdən nəsə gizlədirlər. Mən bunu çoxdan hiss eləmişəm. Mənə elə gəlir ki, bəzən onlar işə çıxanda bizə baxıb gülürlər. Pier yaxşı adamdı, cənab, amma yaş öz sözünü deyir. Məncə onun istirahətə və kiçik təqaüdə ehtiyacı var’’ o sözünü tamamladı.

»Amma əlbəttə…’’ sədr güldü. ‘’ Mən onun işinə yaxşı bələdəm. Otuz ildir o, burda işləsə də, indiyədək onunla bağlı heç bir şikayət olmayub. Ona çatdırın ki, artıq istirahət vaxtıdı. Maaşa görə də narahat olmasın, əvvəlki kimi vaxtlı- vaxtında alacaq ’’.

Ancaq Pier öz işindən əl çəkmək istəmədi. Josefi bir daha görməmək qorxusu onu çox narahat edirdi. ‘’Biz ikimiz də artıq qocalmışıq. İcazə verin birlikdə tərk edək bu işi,’’ o Jakvesə dedi. ‘’ Nə vaxt görsəm ki, artıq Josefin işləməyə taqəti qalmayıb, söz verirəm ki, o zaman məndə onunla birgə bu işdən əl çəkəcəm ’’.

Çox mehriban insan olan Jakves onu başa düşdü.
Pierlə Josef arasında insanın təbəssümünə səbəb olan qəribə bir münasibət var idi. Sanki onlar bir- birindən ilham alırdılar. Elə ki Pier yəhərə qalxırdı, Josef isə arabaya qoşulurdu, sanki öz yaşlarını tamamilə unudur, yüz il cavanlaşırdılar. Ancaq, işləri bitən kimi, sehrin gücü itir, hər şey əvvəlki görkəmin alır, Pier yenə də ləngərləyə-ləngərləyə küçəni enir, Josef isə taqətsiz halda boynunu qısıb, tövləyə doğru yollanırdı.

Günlərin bir günü, Pierin ən çox qorxduğu şey başına gəldi. Dan yeri yenicə sökülmüşdü. Şaxta adamı qılınc kimi kəsirdi. Gecə sanki, göydən yerə nur ələnmiş, hər tərəf ağappaq rəngə boyanmışdı.
«Pier, sənin dostun bu səhər oyanmıyıb, Jakves dedi. O, tamam əldən düşmüşdü, Pier. Onun iyirmi beş yaşı var idi və bu da insan ömrünün yetmiş beş ilinə bərabərdir’’.
‘’Elədir,’’ Pier pıçıldadı. ‘’Doğrudur, mənim yetmiş beş yaşım var mən bir daha Josefi görə bilməyəcəm’’. 

‘’Əlbəttə görəcəksən,’’ Jakves onu sakitləşdirdi. ‘’O, öz yerindədir, çox da sakit görünür. Get, onunla vidalaş’’* Pier bir addım atmışdı ki, ayaqları arxasınca gəlmədi. ‘’Yox, yox….sən başa düşmürsən, Jakves’’* Jakves əlini onun çiyninə qoyaraq təsəlli verdi:

‘’ Biz yenidən Josef qədər yaxşı bir at tapacıyıq. Bir aya sən ünvanları ona elə öyrədəcəksən ki, o da Josef kimi hər evi tanıyacaq.’’* Elə bu zaman onun gözləri Pierin gözlərinə sataşdı. Bütün bu illər ərzində, Pier onu səhərin soyuq mehindən qoruyan, gözlərinin üstünədək düşən papağını çıxartmamışdı. Ancaq indi Jakves ilk dəfə idi ki, onun gözlərinin içinə baxırdı və sanki bu baxışlarda nəsə qəribə bir şey onu heyrətləndirirdi. Onun baxışları buz kimi soyuq və mənasız idi. Bu gözlər Pierin qəlbindəki bütün acıları, ruhundakı kədəri güzgü kimi əks etdirirdi. Buradan illərdən bəri onun qəlbində yığılıb qalmış acıları, ruhundakı kədəri görmək elə də çətin deyildi. Sanki onun qəlbi və ruhu bu həyatdan küsmüşdü.

»Bu gün istəyirsən işə çıxma’’ Jakves dedi.
Ancaq Pier çoxdan küçə boyunca üzüaşağı yola düzəlmişdi. Əgər siz həmin vaxt orda olsaydınız, küçədəki yad insanlar kimi, onun yanaqlarından süzülən yaşı görüb, hönkürtünü eşidərdiniz. Sonra Pier küncə qısılıb yolu keçmək istədi. Elə bu zaman qarşıdan sürətlə gələn yük maşınının sürücüsünün səsi ətrafı bürüdü. Digər tərəfdən sürücü əyləci sıxdığından təkərlərin də xırıltısı ətrafa yayılmışdı. Ancaq Pier…. Pier heç nə eşitmədi.
Beş dəqiqə içində özünü bu vurhavura çatdırmış həkim dedi: ‘’ O, artıq ölüb. Yerindəcə keçinib’’.
Bir az sonra Jakves, başqa işçilər özlərini yetirdilər və hərəkətsiz halda uzanmış cəsədə baxdılar.

‘’Mənim heç bir günahım yoxdur, and içirəm!’’ sürücü etiraz etdi, ‘’ o özünü maşının altına atdı. Məncə, o heç maşını görmədi. O elə gəlirdi ki, elə bil kordur’’.

Aşağı əyilən həkim dedi:* ‘’Kor dediniz? Əlbəttə, mərhum kor olub. Baxın, qara suyu görürsünüzmü? Bu kişi beş il olar ki, kordur’’.* Sonra o Jakvesə tərəf dönüb soruşdu:
«Səhv etmirəmsə, siz onun işlədiyini dediniz. Məgər siz onun kor olduğunu bilmirdiniz?’’
‘’Yox, əlbəttə ki yox’’ Jakves astadan cavab verdi. ‘’Nəyinki mən, heç kəs bilmirdi. Yalnız o… Josef, onun ən yaxın dostu bunu bilirdi. Məncə, bu sirr idi…Yalnız bu iki nəfər arasında olan sirr, ’’ o sözünü tamamladı.

Tərcümə etdi: Tamella Abdıyeva
Redaktə etdi: Günel Əbiyeva
Top