Əli Qurban Dastançı. Şeirləri.

Əli Qurban Dastançı. Şeirləri.

Əl var

Əl var, barmağını qızılladasan,
Cansız daşı yonur, insan eyləyir.
Əl var, neştər vurub sızıldadasan,
Abadı uçurur, viran eyləyir.

Əl var, qabarlıdır işdən, əməkdən,
Əl var, yay günü də çıxmır əlcəkdən.
Əl var, əsər yazır xoş gələcəkdən,
Əl var, böhtan yazır min qan eyləyir.

Əl var, qızıl yığır, qubar artırır,
Əl var, ürək qoyur, bahar artırır,
Əl var, dərd artırır, azar artırır,
Əl var, min bir dərdə dərman eyləyir.

Əl var, xəyanətə uzanır hər dəm,
Əl var, qəlbə həmdəm, könülə həmdəm.
Əl var, insanlığa verir qüssə, qəm,
Əl var, səadəti nişan eyləyir.

Ələ hökm eləyən yalnız ürəkdir.
Xain ürəklərin ömrü gödəkdir.
Pis əllərin kökü kəsiləcəkdir,
Ellər, Əli belə güman eyləyir!

Manat

Sən bəşər evinin unu, urvası,
Ələyi, xəlbiri, sacısan, manat!
Xaçpərəst xaçısan, pütpərəst bütü,
Müsəlman Məkkəsi, Hacısan, manat!

Səni xəlq eyləyir insan barmağı,
Olursa Allahı, çıxırsan yağı.
Fəhlə ayağının yırtıq başmağı,
Şahların başının tacısan, manat!

İnsan cənnətisən, cəhənnəmisən,
Şadlığı, şənliyi,dərdi, qəmisən.
Atasan, anasan, dayı, əmisən,
Övladsan, qardaşsan, bacısan, manat!

Dostsan - hər əhdinə sadiq, mehriban,
Düşmənsən - həmişə işin nahaq qan!
Zahirdə mələksən, vurulur insan,
Batində timsahın acısan, manat!

Əvvəldən şirinsən, daldan şirinsən,
Gözəl buxağında xaldan şirinsən.
Əliyəm, müxtəsər, baldan şirinsən,
İlan zəhərindən acısan, manat!

Dünya, nə şirinsən

Dünya, nə şirinsən, sənin dadını
Bilməyən də yazıq, bilən də yazıq.
Razı buraxmırsan bir övladını,
Ölməyən də yazıq, ölən də yazıq.

Bəzəyib cismini ləl eyləyirsən,
Nazlı bir qız kimi əl eyləyirsən,
Açırsan qoynunu gəl eyləyirsən,
Gəlməyən də yazıq, gələn də yazıq.

Gələn uyur hər fitnənə, felinə,
Yalan-gerçək sözün düşür dilinə,
Oyuncaq verirsən vardan əlinə,
Almayan da yazıq, alan da yazıq.

Kimisinin bəndə düşür gəmisi,
Kimisinin məhsul vermir zəmisi,
Ağlayır kimisi, gülür kimisi,
Ağlayan da yazıq, gülən də yazıq.

Əlinin gərdişi çox sitəmlidi,
Dodağı gülənin gözü nəmlidi.
Zəmanənin sazı zilli, bəmlidi,
Çalmayan da yazıq, çalan da yazıq.

Əli Qurban Dastançı
Ədəbiyyat qəzeti.- 2011.- 16 dekabr.- S.6.


Top