Sözün obrazlıq xassəsi və ədəbi növlər

Sözün obrazlıq xassəsi və ədəbi növlər

Ədəbi əsər sözlə yazılmış əsər, sözlərdən istifadə və onlar sayəsində yaradılan dünya obrazı deməkdir. Ona görə bütün əsərlər sözlərdən ibarətdir. Hər bir əsərin digərindən fərqi onun formasından və s. əvvəl onda sözlərin az və ya çoxluğu ilə şərtlənir. Ona görə ədəbi əsərlərin mətn təbiətinə görə iki növü fərqləndirilir: birinci sözləri müəyyən ritmlə oxumaya, ikinci isə birinci şəxsin ikinci şəxsə informasiya ötürmək üçün mətnyaratmaya əsaslanan növlüdür.

Sözü ritmlə oxuma (nəğmə) ikinci şəxsə yox, ibtidai insan sürüsünə, sonralar tayfaya və çoxluğa aiddir. Məhz aiddir, ünvanlı deyil. İbtidai oxumada fərdi heç nə yox idi, o kollektivdə olmanın, kollektiv oxumanın bir hissəsi idi. Hər bir səs və nidanı oxuma ən qədimlərdə kollektiv və mənşəcə instinktiv oxumadan törəmədir. Hər bir oxuma kollektivdə olma hissinin sublimasiyasından qalıbdır. Ədəbiyyat nəzəriyyəsində bu lirik növ adını alıb. Beləliklə öz təbiətinin emosional və informativ istiqamətliliyinə görə ədəbi mətnlər iki qismə ayrılır:

1. Nəğmə mətnləri və ya lirik növ.
2. Birinci şəxsin mətnyaratması və ya epik növ.

Peşəkar müəllif yaradıcılığı yaranandan sonra lirik növ də birinci şəxsin mətnyaratmasının bir şəkli ola bilir. Lakin ədəbi mətnin müəllif tərəfindən yaradılan lirik növü onun ilkin nəğmə təbiətini saxlayır. Ona görə şairlərin müəllif mətni ikili təbiətə malik olur: onda həm nəğməlik əlamətləri, həm də birinci şəxsə aid mətnyaratma əlamətləri olur. Buna poeziya deyilir. Poeziya oxuma təbiətli müəllif yaradıcılığı formasıdır. Ona görə aşağıda biz poeziyanın mənşəyi və təkamülü haqqında ayrıca bəhs edəcəyik. İndi isə onu qeyd edək ki, nəğmə (oxuma) ilə poeziyanı eyniləşdirmək olmaz. Nəğmə, oxuma mətnyaratma prosesi deyil, bu, kollektivdə olmanın emosional və instinktiv ifadə formasıdır. Poetik mətn isə mətnyatarma prosesinin nəticəsi olur. Birinci şəxsin mətnyaratmasından yazı dilində törəyən nəsr təhkiyəsi isə yazı dilindən törəmədir. Nəsr növünə aid ədəbi əsər, ilk növbədə, sözlərin çoxluğuna, həcminə görə fərqlənir. Nəsr növü həmişə mətndir.

Lirik növ isə bədihə də, bənzətmə də ola bilir, yaddaşda çox vaxt şifahi saxlanır. Lirik növün rüşeymi olmuş ən qədim mərasim nəğmələri hələ tam mənada mətn olmayıb, insanların mövsüm bayramlarındakı ovqatlarını əks edən ifadəli, ritmli səslər olub. O zaman müasir, aydın fonetik səslər hələ yox idi və kollektiv oxuma müəyyən mənada, müasir sözdən, mətn sözündən əvvəl də mövcud olmuşdur. Həm dilin mənşəyi, həm də obraz olmaq baxımından sözün tarixini iki mərhələyə ayırmaq olar: yazıya qədər və yazıdan sonra. Başqa sözlə dünyanı şifahi təsvir edən işarə söz və yazılı obraz söz.

Yazıya qədər yaranan bütün nida səslər ad və işarə idi, sözün bu iki xassəsi hələ ayrı deyildi. Ona görə yazıyaqədərki sözyaratma da yazı dilindəki sözyaratmadan prinsipial şəkildə fərqlənir. Yazıya qədərki sözyaratma iki cəhəti ilə fərqlidir: o, birinci dil qanunlarını hələ tanımır, ikinci isə dünyanı konkret şeylərə parçalayıb işarə və təcrid edir. Sözün işarəvilik təbiətinin inkişafı, sözdən kollektiv istifadə edənlərin sayının artması onu obrazlılığını doğurur, çünki o bir şeyi yox, eyni cinsli şeylər çoxluğunu işarə edir. Bu işarə olmağın, bu funksiyanı icra etməyin yeni səviyyəsidir. Lakin dildə ilk sözlər şübhəsiz ki adlar kimi yaranmışdır və sonradan adlardan işarə kimi də istifadə edilməyə başlanmışdır. Lakin adda da işarəvi təbiət var idi və bəlkə də bunları ayırmaq doğru deyildir. Ad birünvanlı işarədir, konkretin işarəsidir. Beləliklə, yazıya qədər dildən yox, sözdən ibtidai işarə sırasının bir növü kimi danışmaq daha doğrudur. Bu çözlər dünyanı təsvir edən adobrazlardan ibarət idi: yağış, külək, su, torpaq, ağac, ay, günəş, at, it və s.

Bəs dil qanunları olmadan sözlər necə yaranırdı? Məlumdur ki, heyvanlar belə mənalı səslərdən istifadə edir. Bu qovuşuq səslərdən işarəvi məna yaradan əsas vasitə intonasiya və təkrar olmuşdur. Yeni sözlər, ilk növbədə, məlum səslərin yeni intonasiya ilə təkrarından doğurdu. Sözün təkrarı vasitəsi ilə mənalar yaratmaq indi də bütün dillərdə qalır. Təkrarla, ilk növbədə çoxluq, böyüklük, kəmiyyət və zərflik mənaları yaradılır. Sözyaratmanın digər forması təkrarın forması olan təqliddir. Səslərə və hərəkətlərə təqlid də sözlərin, səslərin yaranmasına səbəb olmuşdur.

Müəyyən mənada intonasiyanın özü də təkrarın bir şəklidir: lakin ibtidai insan müxtəlif emosional halda eyni səs qovuşuğunu təkrar edəndə fərqli variantlar alınırdı. Deməli, sözlərin intonasiyadan asılı olaraq yaranan yeni variantları da yeni sözlərin səbəbi ola bilirdi. Müasir dilçilikdə bu heç də həmişə düzgün izah edilmir və fleksiya adı almışdır. Əslində fleksiya intonasiya vasitəsi ilə mənayatma qaydasının yazı dilində normalaşmasıdır.

Yazıya qədər və yazının ibtidai formalarında hələ dil qanunları yox idi. İbtidai insanlar ad-işarələri yaradaraq dünyanı təsvir etmək, insan yaddaşında olan obraz və mənzərələri adlandırma yolu ilə bir-birindən fərqləndirmək istəyirdi. Bu fərqdən də dilin əsası olan təcrid və abstraksiya insan yaddaşının xassələri kimi onların özündən asılı olmayaraq ortaya gəlmişdir. Lakin biz bir fikrimizi inkişaf etdirməliyik: yazıya qədərki söz yaradıcılığının linqvistik qanunlar olmadan yaranmasını. Onda bəs sözlər necə yaranıb?

Bizcə, yazıya qədər söz yaradıcılığının əsas mənbəyi sosial səbəblərlə bağlıdır. Bu sosial hadisə səs variantlarının sözləşməsidir. Müasir terminlə desək, sözyaratmanın əsas mənbəyi alınma sözlər olmuşdur. Qədim insan sürüləri daim miqrasiyada, hərəkətdə idilər. İstər ilkin sürüdən ayrılan balaca sürülər, istərsə qohum sürülər kontakta girəndə, birləşəndə, hətta müharibə edəndə belə ilkin səs-çözlərin yeni variantları ilə üzləşirdilər və bu variantlar sözə çevrilir və yeni məna çalarları alır, tayfaların leksikonu qarşılıqlı olaraq zənginləşirdi. Lakin heç bir konkret sürü və tayfa ləhcələrin yaradıcısı deyildir. Əsas söz yaradıcısı insan sürülərinin sosial həyatı idi. Ona görə də xalqların sözlər, dillər yaratması barədə mifi unutmaq lazımdır. Sözlər ictimai hadisədir və onlarda etnik heç nə yoxdur. Eyni sözün ikinci, üçüncü dillər vasitəsi ilə ilkin dilə qayıtması faktları etimologiyada yaxşı məlumdur.

Yazıya qədər qədim dillərin zənginliyi tayfaların sosial həyatının zənginlik dərəcəsi ilə bağlı idi. Ən zəngin dillərdə 200-dən 600 qədər sözlər ola bilərdi. Lakin tayfalar hücumlara və məğlubiyyətə məruz qalandan sonra onların leksikonu də yoxsullaşa və sözlər yazı olmaması səbəbindən itib-bata bilirdi. Həmin tayfanın varisləri isə itmiş sözlərin yenidən başqa tayfalarda yeni sözlər kimi tapa bilirdilər. Variantların müstəqil sözlərə çevrilməsi dilin inkişafının, söz yaradıcılığının universal forması idi. Beləliklə sözü yaradan və sayca artıran əsas stimul dünyanı idarə etmək, təsvir etmək idi. İşarə söz – ən qədimlərdə şeyin adı idi, onun digər şeylərdən fərqləndirən ünvan idi. Sözün adlığında hələ əsil obrazlılıq yoxdur. Sözün obrazlılıq xassəsi ad-işarə sözü eşidən ikinci şəxsin yaddaşında yaranır. Yağış sözü ikinci şəxsin yadında yağışı canlandırır.

Səhra yerdə dağ sözü ikinci şəxsin başında dağın obrazını yaradır. Deməli, obrazın özü adamların yaddaşındadır: Söz – obrazı aktuallaşdırır, fərdin yaddaşında təzədən xəyal, xatirə və s. kimi canlandırır. Sözün obrazyaratma xassəsi də elə budur. Hər bir ad-söz obrazdır. İki ad söz isə yeni obrazdır. Ağac – bir obrazdır. “Yaşıl ağac” yeni obrazdır. Deməli iki ad söz yanaşı qoyulanda (işlənəndə), yeni obraz yaranır. Yəni söz sırasının kəmiyyəti keyfiyyətə keçir, əslində yeni obrazlar yaradır. Ad sözləri bir birinə bağlamaqla yeni obrazlar yaranır. Hətta iki sözün sırasını dəyişəndə də yeni obraz yaranır: ağac yaşıl. Dilin ilk elementi iki obraz sözün yanaşı işlənməsi ilə yeni obrazların yaranmasıdır. Söz hətta təkrar olunanda da yeni obraz yaranır.

Deməli dil – sözlərin sayını artırmaqla yeni obraz yaradıcılığı kimi təkamül edib. Söz birləşməsi və ya cümlə müəyyən mənada eyni bir şeydir və ad sözlərin təyinlik, obrazlılıq xassəsindən istifadə ilə onları bir-birinə qoşmaqdır. Hər bir xəbər mübtədanın əlamətidir, təyinidir. Cümlədə hər nə qədər söz olsa da, onlar ya mübtədaya ya da xəbərə aid olur. Deməli cümlə ibtidai insanın iki sözü qoşmaqla yeni obraz yaratma bacarığının davamıdır, yeni formasıdır. Yazıya qədər yaranan sözlər dünyanı işarə edən sözlərdir. Onlarda işarəvi və ayırma tərəfi aparıcı və əsas idi. İşarəvi sözlər insanın idrak prosesinin müəyyən mərhələsini əks edirdi. İbtidai insan maddi adəmi seyr etmək və öyrənməklə ilkin təcrid aparırdı: bu ilkin təcrid hələ maddi şeyləri fərqləndirməyə yönəlmişdi. Torpaq otdan, ot çiçəkdən, çiçək koldan, kol ağacdan fərqləndirilir və adlandırılırdı. Eyni zamanda, torpaq daşdan, adi qaya dağdan fərqləndirilirdi. Fərqləndirmə adlanma ilə bitirdi və bu, təfəkkürün inkişafı, beynin ilk təcrid əməliyyatları idi.

Sözün sözə qoşulması yazıya doğru addım idi: adların əlamətləri fərqləndirilirdi: məsələn suyun dəniz, çay, bulaq, göl formaları fərqləndirilməyə başlayanda yeni sözlərdə işarə tərəfi onun fərqləndirmə tərəfini üstələdi. Suyun növlərinin fərqləndirilməsi ilə təcrid qabiliyyəti, təbiət hadisəsini ağılda (gerçəkdə yox) parçalayıb birini digərindən fərqləndirmə qabiliyyəti inkişaf etdi. Əsil təfəkkür də budur: dünyanın bütövlüyü sözlərin köməyi ilə insan ağlında parçalanır. Sözlər bu parçalanmanı yaşadır və söz şəklində yeni nəsillərə ötürür. Artıq uşaq özü suyu dəniz, çay, göl kimi fərqləndirməyi öyrənmir, bu fərqi o dəniz, çay, göl sözləri ilə hazır şəkildə mənimsəyir. Yeni sözlər dünyanı öyrənmə və bilmə aləti olur.

Yazıya qədər, söz birləşmələrindən istifadəyə qədər sözlər əsasən fərqləndirici işarə idi, göstərmə təbiətli idi. Lakin söz sözə qoşulan kimi, sözün biri digər sözün təyini olan kimi sözün işarə təbiəti üstünləşdi. Sözün işarə funksiyasından istifadə etmək, onun vasitəsi ilə işarələr (sonralar məlumatlar) göndərmək zərurəti bu işarələri təsvir etmək, yazmaq zərurəti yaratdı. Yazıya alınan işarə-sözün dərhal ən unikal və qiymətli tərəfi meydana çıxdı: yazıya alınan söz-işarənin insan çoxluğu içində yekməna anlaşılması xassəsinə xidmət edən alət meydana çıxdı. Hər hansı şəkildə təsvir edilən sözün insan çoxluğunda, tayfada (cəmiyyətdə) eyni cür başa düşülməsi xassəsi təfəkkürün və dilin müasir formasının yaranmasına doğru addım idi.

Deməli, yazı sayəsində söz iki unikal xassə qazandı: o, obrazişarəyə çevrildi, çoxluğu bildirə bilən simvolluq kəsb etdi. İşarəlik nidasəsdə yazıya qədər də qismən var idi. Lakin məhz şəkil, heroqlif və fonetik söz kimi təsvir (yazı) sayəsində onun insan çoxluğunda identik şəkildə başa düşülməsi üçün imkan açıldı. Məhz sonuncu xassə müasir dilin yaranmasına yol aşdı. Adamların sözləri identik səkildə başa düşmək qabiliyyəti çox güman ki, yazıdan sonrakı dövr ərzində təkamül edib.

Dildən istifadə insan beyninin ən mürəkkəb funksiyasıdır və təkamül yolu ilə insanda bu xassənin inkişafı qısa bir vaxtda baş verə bilməzdi. Nəzərə alaq ki, çoxlu söz bilmək, yadda saxlamaq qabiliyyəti indi də insanların hamısında eyni dərəcədə deyil və çoxları bunu əziyyətlə öyrənirlər. Mənalı səslərdən heyvanlar da istifadə edir, lakin heyvanlarda mənalı işarə təbiətli səslərin identikliyi yoxdur, ancaq instinktiv səstanıma qabiliyyəti vardır. Təfəkkürün, insanın unikal xüsusiyyətlərindən biri adamların ikinci şəxs rolunda (mətndinləmə zamanı) sözləri identifikasiya etmə qabiliyyətlərinin yüksək səviyyəsidir. İnsanlar omonim sözləri də identifikasiya edə bilirlər. Bu mətnoxumanın təkamülü nəticəsində yaranmış təfəkkür xassəsidir.

Deməli, söz yazılı formada işarə edilmədən onun işarəvi təbiəti tam açıla bilməzdi və ad dilindən söz birləşməsi dilinə, müasir dilə keçid ola bilməzdi. Bax bu mənada, mətn dili (ilk söz birləşməsi artıq şifahi mətn idi) yazıdan, sözləri maddi formada təsvir və işarə etmək mədəniyyətindən əvvəl yarana bilməzdi. Yazı hər şeydən başqa, müasir sözün identiklik xassəsini insan ağlında yaradan əsas cəhət və şərt olmuşdur. İndi biz sözlə mətnin sərhədini göstərə bilərik. Söz ad-obrazdır və mətndən on min illər əvvəldən mövcud idi. Mətn isə iki və daha artıq sözü bir-birinin işarəsi və təyini kimi işlətməklə alınan yeni obrazdır və yazıdan sonra yaranmışdır. Söz yalnız digər sözün işarəsi və təyini olanda həqiqi işarəvilik xassəsini daşımış olur. Ona görə dillə mətnin tarixi eynidir, onlar sözə görə çox cavandırlar.

Sözün özü də mətnə qədər təsvir və təcrid aləti olmuşdur. Müasir dilçilikdə təsviri sözlərə əsas lüğət fondu deyilir. Burada həqiqət vardır, çünki ilkin yazı əsasən bu sözlərə əsaslanmışdır. Bədii dilin və bədii təsvirin əsasını da bu sözlər təşkil edir. Bədii dil obraz-sözlərə, ad sözlərə əsaslanır və mətn mədəniyyətində yaranan terminlərdən imtina edir. Ona görə ədəbi əsər informasiya daşıyıcısı olmaqdan əvvəl, dünyanın obrazlı mənzərəsini, real obrazını yaratmağa can atır. Elmi dil üçün, elmi təsvir üçün dünyanın konkret obrazı maraqlı deyildir, çünki konkret şeylər həyatı proses kimi göstərə bilmir, ancaq fakt kimi göstərir. Terminlər ümumi məfhumların adıdır, ümumi məfhumlar isə, ilk növbədə, təkrarlanan hadisələrin, proseslərin obrazını yaradır. Elmin təsvir etdiyi şey xalis şəkildə, fakt şəklində yoxdur. Amma ədəbiyyatda təsvir edilən şeyin və hadisənin faktlıq, konkretlik iddiası vardır. Ədəbiyyat üçün bir dəfə olan fakt maraqlıdır və bu faktın unikallığı da onun yeganəliyində sayılır.

Mənbə: "Ədəbiyyat nəzəriyyəsi" kitabı 
Müəllif:
Rəhim Əliyev

Top