Badam talaları | Alber Kamyu

Badam talaları | Alber Kamyu

“Məni ən çox nəyin heyrətləndirdiyini bilirsiniz? – Napoleon Fontana (Lui de Fontan (1757-1821) – ədəbiyyatçı, İmperiya dövründə universitet rektoru) söyləyirdi. – Gücün heç nəyi yarada bilməməsi. Yer üzündə yalnız iki fateh var – qılınc və ruh. Və hər şeyə rəğmən, ruh həmişə qılınc üzərində qələbə çalır”.

Göründüyü kimi, fatehlər də bəzən ruhdan düşür. Axı necəsə səs-küylü olduğu qədər boş və anlamsız şan-şöhrətin cavabını vermək lazım gəlir. Lakin yüz il öncə qılınc üçün ədalətli sayılanların dövrümüzün tankına heç bir aidiyyatı yoxdur. Fatehlər yetərincə irəliləyib və param-parça edilmiş, ruhun yoxa çıxdığı Avropanın üzərinə uzun illər davam edəcək qaranlıq səssizlik pərdəsi çəkilib.

Flandriya uğrunda gedən rəzil müharibələr zamanı holland rəssamları hələ quşxanalarındakı xoruzların şəklini çəkə bilirdilər. Və Yüzillik müharibə çoxdan unudulsa da, Sileziya mistiklərinin duaları hələ bir çoxlarının qəlbindədir. İndi hər şey dəyişib: rəssam da, monax da səfərbər edilib, dünyamızın rifahına görə hamımız eyni qədər cavabdehik. Ruh nə vaxtsa fatehin etiraf edə biləcəyi əlahəzrət sarsılmazlığını itirib; və o, gücü lənətləyərək özünü xərcləyir, çünki artıq birincisini özünə ram edə bilmir.

Bunun xəstəlik olduğunu deyəcəksiniz. Biz eyni proqnoza iddia edə bilməyəcəyik, lakin bir şeyi dəqiq bilirik – bu, reallıqdır. Nəticə: onunla hesablaşmaq lazımdır. Deyəsən, ən əsası, nəyi istədiyimizi bilməkdir. Bizsə bir şey istəyirik: bir də heç vaxt qılınca boyun əyməmək, bir daha ruha xidmət etməyən gücü qəbul etməmək.

Açığı, qarşımıza qoyduğumuz məqsədin sonu görünmür. Lakin bizim öhdəmizə düşən onun qarşısında aciz qalmamaqdır. İdrakın gücünə sonunadək arxalanmayan birisitək tərəqqiyə və ya Tarixin hansısa fəlsəfəsinə arxayın deyiləm. Əvəzində insanların həmişə öz talelərini daha dərindən dərk etmə istəyinə inanmışam. Biz öz mövcudluğumuzun şərtlərinə sarılmışıq, lakin daha çox ondan baş çıxarırıq. Ziddiyyətlərin bizi didib-dağıtdığını bilirik, amma eyni zamanda bununla hesablaşmamağı və onun yumşalması üçün əlimizdən gələni etmək lazım olduğunu bilirik.

Biz – insanıq və bizim borcumuz azad ruhların susamış həsrətini hansısa yolla doyuzdurmağa cəhd göstərməkdir. Biz parçaları birləşdirməli, ədalətsiz dünyada ədaləti mümkün qədər bərqərar etməli, xoşbəxtlik ehtimalına inamları, əsrin xəstəliyilə zəhərlənmiş xalqları yenidən oyatmalıyıq. Sözsüz, bu, insan qüvvəsindən xaric məsələdir. Lakin məhz uzun səy göstərilməsi tələb olunan məsələlər bu cür adlanır.

Gəlin qəti şəkildə nə istədiyimizi bilək, gəlin ruhdan düşməyək, hətta güc bizi yolumuzdan sapdırmaq məqsədilə hər hansı bir ideya və həyat nemətlərinin donuna girmiş olsa belə. Ən əsası, ümiddən düşməməkdir. Dünyanın sonu gəldiyini bağıranlara həddən artıq diqqət kəsilməyinə dəyməz. Sivilizasiyalar o qədər də asan məhv olmur, və hətta bu dünya dağılmağa məhkumdursa, ilk əvvəl digərləri yoxa çıxacaq. Bəli, əlbəttə ki, biz faciəli dönəmdə yaşayırıq. Lakin çoxları faciəlini çarəsizliklə səhv salırlar. “Faciəli, – Lourens söyləyirdi, – fəlakətin bərk təpiyi olmalıdır”. Əla fikirdir və bunu düşünmədən həyata keçirmək pis olmazdı. İndi çox şey təpiklənməlidir.

Mən Əlcəzairdə yaşayarkən qış fəslində səbirli olmağa üstünlük verirdim, çünki bilirdim: soyuq fevral günlərinin birində Konsulların vadisindəki badam ağacı çiçəkləyəcək. Həmişə də sonrakı mənzərəyə heyrətlənirdim – bu zərif, kiçicik ağbəniz örtük yağışa və dənizdən əsən küləyə necə sinə gərə bilir? Və o, hər il tumurcuqlanması üçün tələb olunan zaman kəsiyində dayanıqlı olmağı bacarırdı.

Bu, rəmz deyil. Rəmzlər bizi xoşbəxtliyə aparmır. Bura daha ciddi bir şey lazımdır. Bircə onu demək istəyirəm ki, fəlakətlər burulğanında boğulan Avropada həyat yükünü dartmaq çətinləşəndə yenidən bir çox gücü hələ indiyəcən xərclənməmiş günəşli ölkələrə üz tuturam. Onları ifadə edə bilmək üçün həddən artıq yaxşı tanıyıram: bu, seçilmiş torpaqdır, orda düşüncə və cəsarət arasında bir tarazlıq var. Və onların nümunəsini analiz etməklə bir həqiqəti dərk edirəm: əgər ruhu xilas etmək arzusundasansa, öz xeyirxahlıqlarının ah-vaylarını qulaqardına vurmalı, öz gücündən və öz ləyaqətindən ruhlanmalısan. Bizim dünyamız öz fəlakət burulğanında boğulur. O, bütünlüklə Nitşenin ümidsizlik adlandırdığı xəstəliyə boyun əyib. Gəlin dünyamıza həmrəy olmayaq. Ruha dəsmal götürüb ağlamaq səmərəsiz məşğuliyyətdir, yetər ki, onun rifahı üçün işləyəsən.

Bəs ruh necə zəfər çalmalıdır? Çox uzağa getməyək, yol elə Nitşenin dediklərində göstərilib. Meydanda ümidsizliyin qatı düşmənləri – dəmir iradə, müdrikin soyuqqanlı təmkini qılınc oynatmalıdır. Bu məziyyətlər indi heç olmadığı qədər zəruridir, və hər kəs özü üçün ən uyğununu seçə bilər. Hər bir halda əgər üzərinə bu qədər nəhəng məsuliyyət götürürsənsə, dəmir iradə ilə zirehlənməlisən. Lakin bu iradə seçkiqabağı tribunalardakı qaşqabağı və hədə-qorxunu deyil, şirəsi və ağlığı dənizdən əsən rüzgara sinə gərməyi bacaran badam ağacını ifadə etməlidir. Dünyanın əl-qolunu bağlayan qışın ortasında bar verməyi bacaran Odur.

“Yay” kitabından 

Ruscadan tərcümə: Kifayət Haqverdiyeva   

Top