Qadın öz ərini necə xəyanətə sövq etdi? | Gi de Mopassan

Qadın öz ərini necə xəyanətə sövq etdi? | Gi de Mopassan

Gənc markiza de Rennedon özünü şüşəni dəlib keçən güllətək içəri atıb heç danışmağa başlamamış uğunub getdi. Elə gülürdü ki, gözü də yaşardı. Eynilə bir ay öncə rəfiqəsinə ərinə intiqam almaqdan ötrü, yalnız intiqam almaqdan ötrü, özü də bircə kərə xəyanət etməsi haqqında danışarkən güldüyü kimi. Həm də ki ərinin çox səfeh və qısqanc olduğunu bəhanə gətirirdi.
Baronessa de Qranjeri oxuduğu kitabı divanın üstünə atıb maraq dolu baxışlarla Annetin üzünə dikildi. Amma onu da gülmək tuturdu.Axır ki, soruşdu:
− İndi neyləmisən?
− Ah, əzizim... əzizim... Bu, elə gülməlidir ki... Təsəvvür et... Canım qurtardı! Qurtardı! Qurtardı!
− Necə yəni canın qurtardı?
− Bax belə. Canım qurtardı!
− Nədən?
− Ərimdən, əzizim, canım qurtardı! Mən azadam! Azadam! Azadam!
− Necə yəni azadsan? Hansı mənada?
− Hansı mənada? Boşanma! Əlbəttə, boşanma! Mən boşana bilərəm!
− Artıq boşanmısan?
− Yox, əşşi, sən necə də ağılsızsan! Üç saatın içində boşanmaq olmaz axı. Amma mənim sübutum var... sübutum. O, mənə xəyanət edib... onu iş üstündə yaxalayıblar... bir fikirləş... iş üstündə... İndi o, mənim əllərimdədir.
− Danış görək! Deməli, o, səni aldadırmış?
− Hə. Daha doğrusu, necə deyim... həm hə, həm yox. Amma mənim sübutum var, əsas budur.
− Onları necə əldə edə bildin?
− Necə? Belə! Mən bu işi çox bacarıqla həll etdim! Son üç ay o, lap dözülməz olmuşdu: kobud, acıdil, qəddar, bir sözlə, iyrənc! Mən anladım ki, daha bu cür olmaz, boşanmaq lazımdır. Bəs necə? Bu, asan olmadı. Çalışdım, elə edəm ki, məni döysün. Amma o, bu hiyləmə aldanmadı. O, yalnız səhərdən axşamacan mənimlə söz güləşdirir, ürəyim istəməyəndə məcburən qonaq aparır, gəzmək istəyəndə evdən çıxmağa qoymurdu. Bütün həyatımı zəhərə döndərirdi, amma döymürdü ki döymürdü. Onda çalışdım, öyrənəm ki, sevgilisi var, ya yox. Elə düşündüyüm kimi də oldu. Amma o, onun yanına gedəndə, bunu elə ehtiyatla edirdi ki! Onları bir yerdə tutmaq mümkün deyildi. Tap görüm, mən nə fikirləşdim?

− Bacarmaram.
− Heç vaxt bacarmazsan! Qardaşımı yola gətirdim ki, mənim üçün həmin qızın şəklini tapsın.
− Ərinin sevgilisinin?
− Hə. Jak bunun üçün on beş luidor ödəməli olub. Saat yeddidən on ikiyədək onun yanında olub, bura şam yeməyi də daxil imiş, saatı üç luidora başa gəlib. Şəklini isə qız özü hədiyyə kimi verib.
− Məncə, o, hansısa başqa bir yolla da əldə edə bilərdi, daha ucuz bir vasitəylə... bunsuz... yəni qızın özü ilə işi olmadan.
− Yox, əşşi, qəşəng qızdır! Jak ondan iyrənməmişdi heç! Həm də ki mənə onun bədəni, sinəsi, dərisi və s. yerləri haqqında məlumat lazım idi.
− Heç nə başa düşmürəm.
− İndi başa düşərsən. Mənə lazım olan hər şeyi öyrənəndən sonra yollandım bir... necə deyim? Bir nəfərin yanına... Bilirsənmi, bu, elə bir adamdır ki, hər şeylə məşğul olur... istənilən işlə. Bəzi şeylərin aşkarlanmasında... gərəkli olan... bir adam. Əşşi, başa düşürsən də məni.
− Təxminən, hə. Bəs nə dedin ona?
− Mən ona Klarissanın şəklini göstərdim (qızın adı Klarissadır) və dedim: “Cənab, mənə bu qıza bənzəyən bir qulluqçu lazımdır. İstəyirəm ki, yaraşıqlı, eleqant, bacarıqlı, təmizkar olsun. Mən ona lazım olan məbləği ödəmək iqtidarındayam. Hətta bu məbləğ on min frank olsa belə. O, mənə təxminən üç ay müddətinə lazımdır”. Kişi lap mat qaldı. Sonra da soruşdu: “Sizə tərbiyəsinə söz ola bilməyəcək biri lazımdır?” Mən pörtdüm, çəkinə-çəkinə dedim: “Hə, düzgün biri olsa yaxşı olar”. “Bəs mənəviyyatca necə?” – o, soruşmağa davam etdi.

Cavab verməyə cəsarətim çatmadı. Sadəcə, başımı inkar mənasında tərpətdim. Ancaq birdən ağlıma gəldi ki, başına başqa şey yerləşər, tez dedim: “Cənab, bu mənim ərim üçündür... O, mənə xəyanət edir... haradasa kənarda... mənsə istəyirəm ki, bunu evdəcə etsin. Anlayırsınız məni? Onu iş başında tutmaq istəyirəm.”

Adamı gülmək tutdu. Onun baxışından bildim ki, mənə olan hörməti birə beş artdı. Hətta dedi ki, mən çox yaradıcı biriyəm. Mərcə girərəm ki, o, həmin an mənim əlimi də sıxmaq istədi. Sonra dedi: “Xanım, bir həftəyə sizə lazım olanı tapacağam. Biri uyğun gəlməz, başqasını taparıq. Uğur mənim boynuma. Siz mənə iş yalnız müsbət mənada həll olunduqdan sonra pul ödəyəcəksiniz. Deməli, bu, ərinizin sevgilisinin şəklidir?” Təsdiq etdim. “Yaraşıqlı qadındır, özü də göründüyü qədər arıq deyil. Bəs ətir?”

Mən anlamayıb soruşdum: “Necə yəni, bəs ətir?” O, gülümsündü: “Kişi başı bişirmək üçün ətir əsaslı rol oynayır. Qoxu onlarda şüuraltı xatirələri oyadaraq kişiləri hərəkət etməyə vadar edir. Qoxu dumanlı bənzətmələrə səbəb olur, haldan salır və adəti həzləri yada salaraq həyəcanlandırır. Bir də yaxşı olardı bilək ki, əriniz həmin xanımla nahar edərkən süfrəyə hansı yeməklər verilir. Siz onu tutmaq istəyən günün axşamı məhz həmin xörəkləri sifariş edə bilərsiniz. Ah madam, o, bizim əlimizdədir! Əlimizdədir!”

Mən oranı əsl valehlik hissiylə tərk etdim. Həqiqətən də, çox düşüncəli bir adama rast gəlmişdim.

II

Üç gün sonra mənim yanıma hündürboy, qaraşın, özü də hədsiz gözəl bir qız gəldi. Həm sadə, həm də cəlbedici görünüşü vardı, bilinirdi ki, təcrübəsi var. mənim yanımda özünü çox mədəni aparırdı. Onun kim olduğunu hələ düz-əməlli bilmədiyimdən, “madmuazel” deyə, müraciət etdim, amma o, elə o dəqiqə dilləndi: “Madam, mənə, sadəcə, Roza deyin”. Biz söhbətə başladıq:
− Deməli, belə. Buraya hansı səbəbdən dəvət olunduğunuzu bilirsinizmi?
− Əlbəttə, madam.
− Lap yaxşı, gözəlim. Bu, sizə... çox da xoşagəlməz görünmür?
− Madam, mən artıq səkkizinci dəfədir boşanma təşkil edirəm. Adətkaram.
− Belə isə çox gözəl. Sizə bunun üçün çox vaxt lazımdır?
− Madam, bu tamamilə sizin ərinizin çılğınlığından asılıdır. Müsyö ilə heç olmasa, beş dəqiqə birlikdə olandan sonra mən sizə dəqiq cavab verə bilərəm.
− İndi onu görəcəksiz, əzizim. Amma xəbərdarlıq edirəm: onu yaraşıqlı adlandırmaq olmaz.
− Mənim üçün heç fərqi yoxdur. Lap eybəcərlərin də boşanmasına kömək etmişəm. Soruşmaq olarmı, siz ətir barədə öyrənə bildinizmi?
− Əlbəttə, əziz Roza. Bu minaçiçəyidir.
− Lap yaxşı. Elə mən özüm də bu ətri sevirəm. Madam, bəlkə, ərinizin sevgilisinin nə cür alt paltarı geyindiyini öyrənmisiniz? İpək?
− Xeyr, mənim balam, güpürlü yumşaq pambıq parçadan.
− Görünür, bu xanım çox zövqlüdür! İpək alt paltarıyla indi heç kəsi təəccübləndirməzsən.
− Tamamilə haqlısınız.
− Beləliklə, madam, mən öz işimə başlayıram.

O, doğrudan da, öz işinə elə başladı ki, elə bil, ömür boyu bu işi görüb. Bir saatdan sonra ərim evə döndü. Roza ona tərəf heç gözünün ucu ilə də baxmadı, amma ərim baxışlarını ona zillədi. Minaçiçəyinin ətrindən içəridə durmaq olmurdu. Bir beş dəqiqədən sonra o, otaqdan çıxdı.
Ərim məndən dərhal soruşdu:

− Bu nə qızdır?
− Bu... mənim yeni qulluqçumdur.
− Onun hardan tapmısınız?
− Onu mənə baronessa de Qranjeri ən yaxşı rəylə göndərib.
− Belə de! Yaxşı qızdır.
− Eləmi?
− Hə... qulluqçu üçün pis deyil.

Mən sevinc içindəydim. Hiss etdim ki, o artıq qırmağa ilişib. Elə həmin axşam Roza mənə dedi:
− Madam, sizə artıq söz verə bilərəm ki, bu, iki həftədən çox çəkməyəcək. Müsyö çox tez ələgələndir.
− Sizə nə isə deyib?
− Yox, sadəcə, adımı soruşub... səsimi eşitmək üçün.
− Çox gözəl, əziz Roza. Bacardığınız qədər tez tərpənin.
− Narahat olmayın, madam. Mən, sadəcə, lazım olduğu qədər inad edəcəyəm ki, özümü gözdən salmayım.

Bir həftə sonra ərim artıq evdən çıxmırdı. Bütün günü otaqlarda gəzişirdi, bir də ən diqqətəlayiqi o idi ki, artıq mənim evdən çıxmağıma mane olmurdu. Mən də bütün günü itib-batırdım... ona azadlıq verməkdən ötrü.
Doqquzuncu gün Roza paltarımı dəyişməyə kömək edərkən dedi:
− Bu gün, madam, hər şey baş verdi.

Mən bir az təəccübləndim, hətta azacıq həyəcanlandım da. Buna səbəb hadisənin özü deyil, qızın bu haqda danışma tonu idi. Pıçıldadım:
− Və... hər şey qaydasındadır?
− O! Hər şey əladır, madam. Artıq üç gün idi ki, müsyö çox inadkarlıq edirdi, amma çox tez razılaşmaq istəmirdim. Zəhmət olmasa, madam, bir gün təyin edin... faktın təsdiqini tapmaq üçün...
− Əla, əzizim... Qoy, lap cümə axşamı olsun.
− Necə məsləhətdir, madam. Onda o vaxtadək mən müsyönü yaxın buraxmayacağam ki, lap cuşa gəlsin.
− Əminsiniz ki, alınacaq?
− Təbii ki, madam. Tamamilə əminəm. Onu elə cuşa gətirəcəm ki, hətta “hadisə” məhz sizin dediyiniz saatda baş verəcək.
− O zaman saat beş olsun.
− Olsun beş. Bəs harada?
− Mmm... mənim yataq otağımda.
− Yaxşı. Sizin yataq otağınızda, madam.

İndi başa düşürsən ki, əzizim, mən neyləmişəm? Hər şeydən əvvəl atamı, anamı, sonra dayım d’Orvleni, məhkəmə sədrini, ondan başqa ərimin dostu olan hakim Rapleni də çağırdım. Onlara nə göstərəcəyimi deməmişdim. Hamısından xahiş etdim ki, barmaqlarının ucunda yataq otağımın qapısına yaxınlaşsınlar. Beşə qədər gözlədim, düppədüz beşə qədər. İlahi, ürəyim necə çırpınırdı! Dalandarı da çağırıdım, bir şahid də artıq olsun. Sonra isə... sonra... saatın zəngi çalınanda mən qapıları açdım – şart! Ha! Ha! Ha! Eşq macərası ən qızğın yerindəydi... ən qızğın yerində... əzizim. Ərimin sifəti bir haldaydı! Bir halda! Sən bir onun sir-sifətini görsəydin! Hələ bir durub bizə tərəf çevrildi... sarsaq! Ah, necə də gülünc idi... Mənsə gülməkdən ölürdüm. Atam isə elə qəzəbləndi ki, az qaldı onun üstünə atılsın. Dalandar isə, sadiq qulluqçu, ona geyinməyə kömək edirdi... bizim yanımızdaca, yanımızdaca... Aşırmasını da bağlayırdı, elə gülməli idi! Amma Roza möhtəşəm idi! Möhtəşəmliyin zirvəsindəydi! Elə ağladı, elə ağladı! Bu qızın qiyməti yoxdur... Sənə nə vaxtsa lazım olsa, nəzərində saxla.
İndi də burdayam... qaçıb gəldim ki, sənə hər şeyi danışım. Mən azadam! Boşanıram!
Və o, qonaq otağının ortasında fırlanmağa başladı, baronessa isə fikirli halda, bir az da narazılıqla dilləndi:
− Bəs məni baxmağa niyə dəvət etməmişdin?

Tərcümə: Svetlana Quliyeva

Müəllif: Gi de Mopassan

Top