Xalqımızda çox gözəl bir adət var. Böyüklər həmişə kiçiklərə nəsihət edərlər ki, yerdə çörək parçası görəndə onu qaldırıb öpmək və uca bir yerə qoymaq lazımdır. Bizdə əsl dostluğu da çörək kəsməklə başlayar, and içəndə də çörəyə and içərlər. Bütün bunlar göstərir ki, xalqımız çörəyə müqəddəs bir nemət kimi, bərəkət kimi baxır və onu uca tutur.
        İnsanlara çörək qədər vacib olan başqa bir nemət yoxdur. Azərbaycan xalqı ən qədim zamanlardan çörəyə ehtiramla yanaşmış, evinə ən əziz qonaq gələndə onu duz-çörəklə qarşılamışdır.
        Çörək əvəzedilməz nemətdir. Hər yerdə süfrəyə birinci çörək gətirirlər. Çünki çörək süfrənin şahıdır. Çörəksiz ən böyük qonaqlıq da insanı doydura bilməz. Çörək elin varı, elin sərvətidir. Çörəyə xoş baxmaq, onu ayaq altda atmaq, tullamaq, diz üstdə bölmək ən böyük günah sayılır.

 
Dadlı, bərəkətlidir,
Çiçək təravətlidir,
Dünyada şöhrətlidir,
Azərbaycan çörəyi!
Onu ancaq mərdlə kəs,
Hümmətin bilsə hər kəs,
Diz üstündə bölünməz,
Azərbaycan çörəyi!

        Çörək həyatdır, çörək yaşayışdır. Çörək olan yerdə gülüş də var, mahnı da var, oyun da var. Çörəyi bol olan xalqa zaval yoxdur, o heç vaxt basılmaz. Böyük şairimiz Səməd Vurğun çox gözəl demişdir:
 
Torpağa düşməsin havayı bir dən,
Çörək bol olarsa basılmaz Vətən!

        Görkəmli rus alimi A.K.Timiryazev demişdir: «Çörək insan zəkasının ən böyük kəşfidir». Deməli, bu kəşfin sayəsində hasil olan çörəyə ehtiram göstərmək, onu uca tutmaq bizim hər birimizin borcudur.
        Çörəyi tapdalamaq, ona xor baxmaq olmaz. Çörəyi bilmədən tapdaladıqda onu öpərək göz üstə qoymaq lazımdır. Ata-babalarımız deyiblər ki, çörəyə xor baxan, ona hörmətsizlik edən adamın evində heç vaxt bolluq olmaz. Çünki çörəyə hörmətsizlik evin bərəkətini qaçırır.

 
Çörəyi ver çörəkçiyə,
Birini də üstəlik.
Çörək müqəddəs nemətdir.
Çörək verən ol, çörək kəsən olma.
Çörək verən əli kəsməzlər.
istəyirsən bol çörək,
Al əlinə bel, kürək.
Duz-çörəyi itirmək günahdır.

        Verilən el sözləri bir daha göstərir ki, xalq həmişə çörəyi müqəddəs hesab etmiş və ona hörmətlə yanaşmışdır. Çörəyi uca tutmaq və qorumaq hamımızın borcudur. Mən arzu edirəm ki, dəyirmanlarımız həmişə taxıllı, çuvallarımız unlu, təknələrimiz çörəkli olsun.        
Top