İnsanlar arasındakı ən ali münasibətlərdən biri xeyirxahlıq və səmimilikdir. Xeyirxahlıq ən yüksək insani keyfiyyətdir. Hər dəfə xeyirxahlıqdan, yaxşılıqdan söz düşəndə böyük şairimiz Səməd Vurğunla bağlı bir epizodu xatırlayıram. Xarici ölkədən vətəninə qayıdan şairi aeroportda qarşıiayan ən yaxın dostlarından biri hal-əhvaldan sonra ona belə bir sual verir: «Şair, çox ölkələr gəzib, çox adamlar görübsən, Bəs deyə bilərsənmi ki, səadət nədir?»
        Səməd Vurğun dostuna belə cavab verir: «Dostum, sən bu sualı öz ürəyinə ver! Neçə insan övladının üzünə ürəyinin qapılarını açmısan? Neçə insan övladının qolundan tutub ayağa qaldırmısan? Bu dünyada ən böyük nemət insanlıq, insanlığın əsas şərti isə xeyirxahlıqdır. Bu dünyada ancaq yaxşılıq qalacaqdır. Bax, əsl səadət budur!»
        Böyük şairin ürəkdən gələn bu sözlərində kamil bir insanın könül duyğularını hiss edir, qarşımızda əsl insan görürük. Onun yaradıcılığı da bu hisslərlə təşəkkül tapmış, insanlıq və xeyirxahlıq lirikası kimi meydana çıxmışdır.

 
Deyirəm ki, rast gəldiyim bir yetim uşaq
Ata desin, ata bilsin məni görəndə.
Kim istəməz yıxılanın dayağı olmaq?
Kim sevinməz bir xeyirxah ömür sürəndə?

        Xeyirxahlıq təmənnasız edilən yaxşılıq, əvəzi güdülmədən göstərilən köməkdir. Insanlığın bu ali və yüksək keyfiyyətli şair və yazıçılarımızın yaradıcılığında geniş əksini tapmış, tərbiyə vasitəsinə çevrilmişdir. Dahi şairimiz Nizami Gəncəvinin əsərlərinə müraciət edək. Böyük şairin «Xeyir və Şər» mənzum hekayəsi xeyirin şər üzərində, xeyirxahlığın bədxahlıq üzərində qələbə rəmzi, qalibiyyət simvoludur. Adından da göründüyü kimi, bu əsərdə xeyirlə şərin mübarizəsindən bəhs edilir. Xeyir, kürd və onun qızı kürd qüvvələri, Şər isə mənfiliyi təmsil edir. Əsər xeyir qüvvələrin qələbəsi ilə bitir. Bu isə bəşər tarixində insanlığın ən böyük arzusu, ən yüksək amalıdır. Vicdanı pak, nəfsi təmiz olan adamlar həmişə başqalarına göstərdikləri təmənnasız yaxşılıqdan, darda olana əl uzatmalarından mənəvi zövq almış, ali insanlar kimi yaddaşlarda qalmışlar.
        Yaxşılıq, xeyirxahlıq heç vaxt itmir, gec-tez yaxşılıq edən şəxsin özünə qayıdır, onu əsl insan kimi tanıdır, ucaldır, şöhrətləndirir. Xeyirxahlıq əsl tərbiyə məktəbi, tərbiyə vasitəsidir. Biz də bu məktəbin şagirdləri kimi xeyirxah olmalı, bizdən kömək umanlara, dara, çətinə düşənlərə qayğı göstərməli, onların harayına, köməyinə çatmalıyıq. Bu, bizim qəlb istirahətimiz, könül dincliyimiz olmalıdır.
Top