Yaddaşsızlıq və genişqəlblilik həmişə Azərbaycan xalqını çətin vəziyyətlərə salmış, çörəyini yeyənlərin nankorluğu və namərdliyi ilə üz-üzə qoymuşdur. Əsrlərdən bəri erməni mənfurlarının başımıza açmadığı oyun qalmadı. 1905-ci ildə də qanlar töküldü. 1918-ci iidə də həmin dəhşətləri yaşadıq. 1988-ci il isə bizə bir daha sübut etdi ki, düşmən elə düşməndir. Dədəmiz Qorqudun dili ilə desək, «Qazı düşmən dost olmaz», ona yalnız layiq olduğu cavabı vermək lazımdır. Xocalı faciəsi isə ermənilərin azərbaycanlılara qarşı törətdikləri faciələrin ən dəhşətlisi, ən müdhişi idi. Bu, bizim qan yaddaşımıza, qəm yaddaşımıza yazılan bir faciə oldu.
 
Xocalı taleyi uğursuz yazı,
Xalqın öz qanına bulaşmasıdır.
Xocalı dünyanın ən ağır yası,
Bütöv bir millətin ağlaşmasıdır.

        Xocalı faciəsi Varfolomey gecəsindən də dəhşətli, ondan da müdhiş, ağrılı və acılıdır. Xocalının faciə gecəsi elə bir dəhşətli gecədir ki, onu yalnız soyqırım hesab etmək olar. Soyqırım deyirəm ona görə ki, yəni bundan dəhşətlisi yoxdur. Bu dəhşət əliyalın, günahsız camaata qarşı çevrilmişdi. Bu tək Xocalıya qarşı deyil, bütün türk dünyasına qarşı genosid idi. Bu həm də təkcə ermənilərlə bağlı olmayıb, türkçülüyə qarşı bütün ermənipərəst millətlərin birgə marafonu idi.

Xocalı arxadan atılan güllə,
Xocalı xalqının faciəsidir.
Xocalı günahsız soydaşlarımın
Qisas çağırışı, fəryad səsidir.

        1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni qaniçənləri ilə birlikdə keçmiş «şanlı» Sovet Ordusunun 366-cı alayının tankları Xocalıya hücum edərək türk dünyasına qarşı düşmən simalarını bir daha göstərdi. Tarix belə vəhşilik, belə dəhşət görməmişdi. Ermənilər dinc əhalini, gəlini, qızı, qocanı, körpəni gülləyə tutur, qanına qəltan edir, körpə uşaqları süngüləyir, hamilə qadınların qarnını deşir, ən ağlasığmaz vəhşilik və barbarlıqdan çəkinmirdilər. Xocalı faciəsi Azərbaycan xalqının qəlbində ən ağrılı bir göynərti, ən müdhiş bir yaradır. Bu dərd bizi həmişə için-için sızladır və mənfur düşmənə qarşı intiqama səsləyir. Çox keçməyəcək ki, xalqımız bir nəfər kimi ayağa qalxaraq əsarətdə qalmış torpaqlarını azad edəcək, düşməndən bütün faciələrimizin qisasını alacaqdır. Mən buna bütün qəlbimlə inanıram.
Top