Həyatda çox adamlar var ki, bütün ömrü boyu var-dövlət qazanmağa çalışır, özünü oda-közə vurub xəzinə toplayır, son qisməti isə beş-on metr ağ parça olur. öləndən sonra da tezliklə unudulur, heç kimin yadında qalmır. Var-dövlətini isə öz tərbiyə verdiyi uşaqlar dağıdır. Elə insanlar da var ki, nəinki var-dövlətini, lazım gələndə hətta, son qəpiyini də millət, xalq yolunda sərf etməkdən usanmır. Belələri əbədi xatirə kimi, gözəl insan kimi yaddaşlarda qalır, xatırlanırlar. Belə şəxslərin adları xalqın dilində həmişə hörmətlə çəkilir, onların qeyrəti gələcək nəsli qeyrətləndirir, onlar üçün tərbiyə məktəbi olur. Əslində nə mal, nə dövlət, nə şan, nə şöhrət insan nəfsini doydurub onu xoşbəxt edə bilməz. İnsanın xoşbəxtliyi onun həyatından sonra adının dillərdə hörmət və izzətlə çəkilməsindədir.
        Azərbaycan xalqının da xalqını canından artıq sevən, onun üçün varından, dövlətindən keçən qeyrətli oğulları çoxdur. Belə işıqlı şəxsiyyətlərdən biri xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevdir. O, ulu tanrının Azərbaycan xalqına bəxş etdiyi nadir simalardan biri, millətin bəzəyi, xalqının qeyrətli və təəssübkeş bir oğludur.
        Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakıda anadan olmuşdur. Atası Tağı başmaqçılıq edib öz zəhməti ilə dolanır, oğluna da belə nəsihət edirdi: «Oğlum, zəhmətdən qorxma, çalış ki, axırda özgəyə möhtac olmayasan». Uşaqlıqdan zəhmətə alışan, həqiqi əməyin nə olduğunu bilən Hacı Zeynalabdin sonralar var-dövlət sahibi olub milyonlara sahib olsa da, heç özünün ilk dövrünü yaddan çıxarmamış, özünü xalqdan ayırmamışdır. Hacı Zeynalabdin, xüsusən, yetim və kimsəsizləri heç zaman yaddan çıxarmır, onlara bacardığı köməyi edirdi. O, xalqın savad və mədəniyyətdən geri qalmasının əsas səbəbini maarif və təhsilin olmamasında görür, elmə qadir olan kimsəsiz uşaqları öz xərcinə oxutdururdu. O, dörd məktəbi də öz himayəsinə götürmüşdü və oradakı təhsil xərcini özü ödəyirdi. Hacı Zeynalabdin 1895-ci ildə Mərdəkanda yeni üsulda sənət məktəbi təşkil etmişdi ki, bu da xalqa qiymətli bir bəxşiş idi. Onun sonralar açdığı məktəblərdən biri qızlar seminariyası olmuşdur ki, burada da müsəlman qızları oxuyub tərbiyə alırdılar.
        Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi gözəl arxitekturalı binalar indi də Bakının yaraşığıdır.
        Hacı Zeynalabdin Tağıyev xalqımızın fəxri, örnəyidir. Xalqımız heç vaxt onun və onun xidmətlərini unutmayacaq, əbədi xatirə kimi yaşadacaqdır.
        Mən arzu edirəm ki, indi də Azərbaycanın imkanlı şəxsləri Hacı Zeynalabdin Tağıyevdən ibrət götürərək xalqa xidmət etsinlər, onu çətinliklərdən qurtarsınlar. Xalqımız qədirbilən xalqdır və onların yaxşılığını heç vaxt əvəzsiz qoymaz.
Top