Qəzetlər xəbərləri təqdim edən və dərc edən bir nəşrdir. Qəzetlər ictimai fikrin formalaşmasında və baş verən hadisələr barəsində insanların məlumatlandırılmasında mühüm rol oynayır.
İlk qəzetlər əllə yazılmış vərəqələrdən ibarət idi və onları ictimai yerlərdən asırdılar. Ən birinci gündəlik vərəq «Günün hadisələri» idi və o Romada b.e.ə. 59-cu ildə nəşr olunmağa başlandı. İlk çap nəşri Çin dərci «Dibao» («Ti-pao») olmuşdur və o VIII əsrdə dərc edilmişdir. Bu nəşr müəyyən ölçülü taxta lövhələrdən hazırlanırdı. Avropada müntəzəm nəşr edilən ilk qəzet «Avista Relation» və yaxud «Zaytunq» qəzeti idi. Bu nəşr Almaniyada 1609-cu ildən dərc edilməyə başlandı.
Qəzetlər digər kütləvi informasiya vasitələri - jurnal, televiziya və radio ilə müqayisədə müəyyən üstünlüklərə malikdir. Qəzet daha çox məlumatı və daha müfəssəl şəkildə işıqlandıra bilər, radio və televiziyada gedən xəbərlər isə xülasə xarakteri daşıyır. Jurnallar əsasən ötən həftədə ölkədə və xaricdə baş vermiş mühüm hadisələrin işıqlandırılması və şərhi ilə məşğul olurlar. Qəzetlər, həmçinin yerli xəbərlərin işıqlandırılması yönümündə çalışır, bundan əlavə, informasiyanı jurnala nisbətən daha operativ sürətdə təqdim edir və şərh verir.
Qəzetlər, əsasən, gündəlik və həftəlik olur. Gündəlik qəzetlər ümumdünya, milli və yerli xəbərləri dərc edirlər. Gündəlik qəzetlərin çoxu səhər qəzetləridir, digərləri axşam qəzetləridir. Gündəlik qəzetlərin həftə sonu buraxılışları həcmcə adətən, adi qəzetlərdən böyük olur. Bu qəzetlərin tərtibatında xüsusi bölmələr nəzərdə tutulur: iqtisadiyyat, əyləncə, maliyyə, səyahət, bazar günü əlavəsi, verilişlərin proqramı və rəngli komikslər.
Həftəlik qəzetlər, əsasən böyük olmayan rayonlara xidmət edirlər. Bu tip qəzetlər insanların bir-birini tanıdığı, qonşuların və dostların həyatı ilə maraqlandığı kiçik icmalarda dərc edilir. Həftəlik qəzetlər toylar, ad günləri, vəfat, yerli işgüzar həyat və siyasəti barədə də məlumat verir. Əksər həftəlik qəzetlər beynəlxalq və milli xəbərləri dərc etmirlər.