Özünün lirik şeirlərinin birində A.S.Puşkin belə soruşurdu:

Əbəs nemət, təsadüf nemət
Həyat, sən niyə mənə verilmisən?

        Beləcə, şair öz həyatının mənasını dərk etmək istəyirdi. Həyat ona qəribə və müəmmalı görsənirdi. Bu gün biz qətiyyətlə bildiririk ki, dahi Puşkinin həyatının mənasını, poeziya, nəsr, dramaturgiya və epistolyar janrlarda təkraredilməz surətlərin yaradılması təşkil edirdi. Az təsadüf olunsa da, bu belədir - insanın öz zamanında özünə aid bəlli olmayan müəmma, sonrakı uzaq nəsillər üçün o, tamamilə aydın bir şeyə çevrilir.
        Həyatın mənası haqqında sual hər bir insanın həyatında gec və ya tez yaranmaqdadır və bu sualın yaranma səbəbi elə də əhəmiyyətli deyil. Mühüm odur ki, bu sualı insan necə cavablandıracaq.
        Həyatın mənası haqqında insanlar hələ qədim zamanlardan düşünürmüşlər. O zamandan etibarən bu suala o qədər anlamlar verilmişdir ki, onların hamısını yazmaq mümkün deyil. «Həyatın mənası Allaha ibadət etməkdir», - inanclı insanlar bu sualı belə cavablandırırlar. Antik dövrün mütəfəkkirləri isə: «Həyatın mənası cəmiyyətə xidmətdir», - deyirdilər. Yaxın keçmişdə bizim kommunist rəhbərlərimiz: «Həyatın mənası ictimai-faydalı əməkdədir», - fikrini izhar edirdilər. Görəsən, bu fikirlər səhvdirmi? Əlbəttə ki, yox. Bu fıkirlərin hamısında ayrı-ayrılıqda həqiqət var. Həyatın mənası haqqında sualı bəşər qarşısında duran ən mühüm məsələlərdən biri saymaq olar.
        Mənim fikrimə görə, həyat insana bu dünyada yerinə yetirilməli şeyləri icra etmək üçün verilib. Ev tikmək, ağac əkmək, uşaqları böyütmək - insan üçün icrası lazım olan minimum əməllərdir. Bu fıkrin müdrikliyi ondan ibarətdir ki, sadalanan hər bir əməl, sanki insanı davam etdirir, onun gələcəyinin inikasını salır. Həqiqətən, ev və ya bina, insandan sonra onun izini daşıyan bir əməl kimi qalır: orada yaşayırlar, şadlıq edirlər və s. Ağac insan dünyasını dəyişdikdən sonra da insanlara xeyir verməkdə davam edəcək: istilərdə sərin, küləklərdə dayaq və s. övlad isə gələcəkdə yaşayaraq yaradır, vətənini qoruyur və insanların qayğısını çəkir və s. Elə Allaha ibadət etməyin əsas hissəsini də bu işlər təşkil edir. Yəni ibadətin mahiyyəti tək zəruri olan əyilib-durmaq deyil, əsl vətəndaş olaraq vətənə xidmət etməkdir.
        Müəyyən bir vaxt keçdikdən sonra gələcək nəsil öz-özünə sual verəcək: «Mən niyə yaşayıram? Mənə həyat niyə verilmişdir?». Hərə bu sualı özünə uyğun cavablandıracaq. Çox güman ki, bunun böyük bir hikməti var.
Top