Bizim şəhər sülh şəraitində parlaq bir həyat sürürdü. Səhərlər insanlar rahatcasına öz işlərinə gedirdilər. Axşamlar isə şəhər başqa şəklə düşərək bayram əhvali-ruhiyyəsi alırdı: müxtəlif rəngli neon lampaları yanır, insanlar kinoya, teatra və dənizkənarı parka gedirdi. insanlar deyib-gülüb, şənlənirdilər və gələcəkdə nələrin baş verməsindən xəbərsiz idilər.
        Beləliklə mən, Şəhidlər xiyabanındakı əbədi məşəlin qarşısında dayanmışam. Bakı küləyi altında məşəl, daha da alovlanaraq əzəmətlə şölələnir. Bura - müqəddəs məkan olan Şəhidlər xiyabanının girişidir. 1990- cı ildə Azərbaycan Respublikasının günahsız vətəndaşları Sovet Ordusu tərəfindən şəhid edildi. Həmçinin, Şəhidlər xiyabanında şəhid olan yüzlərlə Milli Ordu əsgərinin də məzarı var.
        O gecə Sovet Ordusu bir-iki saat ərzində 170-ə yaxın Azərbaycan vətəndaşını qanına-qəltan etdi. Onların arasında qocalar, uşaqlar və qadınlar var idi. Güllələr və tankların tırtılı onları sülh şəraitindəki adi bir gündə yaxaladı. On üç yaşlı qız öz mənzilində olarkən naqafıl gülləyə tuş gəlmiş, marşrut üzrə işləyən sürücü öz maşınında qətlə yetirilmiş, öz xidməti borcunu yerinə yetirən «təcili yardım» həkimi, xəstə üstünə tələsdiyi vaxt güllələnmişdir.
        Həlak olan bu şəhidlərin misalını mən təsadüfən çəkmədim. Pəncərədəki uşaq xüsusi təyinatlı qoşunun üzlərini görə bilərdi və sonra isə məhkəmədə şahid qismində çıxış edə bilərdi. Marşrut sürücüsü daha çox insanı hadisə yerindən uzaqlaşdıra bilərdi. «Təcili yardım» həkimi daha çox yaralını ölümdən xilas edə bilərdi. Onların bəxti onda gətirmədi ki, məhz onlar o saat orada olmuşdular. Onların yerində bizim hər birimiz ola bilərdik - o gün Bakını zəbt edən qoşunların nifrəti çox böyük idi. Şəhid olanlar Bakı şəhərinin silahsız və müdafiəsiz insanları idi. Onlar şəhid oldular və xalq onları son mənzilə, dünyada misli az görünən əzəmətlə yola saldı.
        O gecə şəhərin küçələrində bir dənə də olsun quldur və soyğunçu yox idi. Küçələrdə adi Bakı sakinləri - əliyalın və silahsız insanlar var idi. Şəhidlərin əzəmətli dəfn mərasiminə şəhərin müxtəlif qəsəbələrindən - Əhmədli, Bayıl, Musabəyov, Bakıxanovdan və s. piyada gəlirdilər. Bakının kəndlərindən yük maşınlarında minlərlə al-qırmızı qərənfillər gətirildi. O gün şəhər bütünlüklə matəm qərənfıllərinə bürünmüşdü.
        Rəsmi statistikaya görə, o gecə 370 adam yaralanmışdır. Çətin ki, onların hamısının yarası axarıdək sağala. Onlardan bəziləri artıq dünyalannı dəyişmişlər, bəzilərinin isə köməyə ehtiyacı var.
        O dəhşətli gecə, sovet tankları bizim millətin ruhunu və əzəmətini əlindən alıb, onu sındırıb zəlil etmək istəyirdi. Lakin, şükürlər olsun ki, alınmadı. Xalq şəhid verdi, amma izzətini vermədi. Qanına bulandı, amma şərəfıni itirmədi.
        Hər il Şəhidlər xiyabanına yüz minlərlə insandan ibarət bir sel axışır. Şəhidlər xiyabanı insanlann daimi ziyarət yerinə, əsgərlərin isə and yerinə çevrilmişdir.
        Şəhidlər xiyabanının həzin-işıqlı alleyasında gəzişdikdə adam o dəhşəti bir daha gözlərinin önündə canlandırmaq istəyir. Artıq 20 ilə yaxın keçməsinə baxmayaraq, o qətl gecəsi xatırlananda qulaqlarda güllə səsi, tankların tırıltısı, ölənlərin və yaralıların naləsi, anaların fəryadı və s. eşidilir.
        Yəqin ki, həyatda ən qeyri-adi səhnələrdən biri - uşaqların qəbiristanda olmasıdır. Lakin, uşaqlar burada ölümə deyil, öz tarixlərinə qovuşurlar. Burada onlar igidlik və ölməzliyi dərk edirlər. Uşaqların gələcəkdə öyrənməli olduqlarını, burada onlara açıq kitab şəklində təqdim edilir. Soyuq yanvar küləyi gözləri qəhrəmanlıqla alovlanan uşaqların istisini apara bilmir.
        Şəhid olan hər bir kəs yanar şama bənzəyir. O yanaraq ətrafdakıları, cəmiyyəti isidir, onlara işıq bəxş edir. Lakin özü aradan gedir. Gedir, lakin ətrafdakıları, cəmiyyəti yaşadır. Tarixən şəhidlər bizim millətin yanar şamı, millətin qeyrət və namus katalizatoru rolunu oynamışlar. Hər il biz 20 Yanvarda şəhidlərə matəm saxlamaqla, bir millət kimi yenidən şücaət və qeyrət məktəbini xatırlayırıq. Yenidən bir yumruq kimi birləşib, düşmənə qarşı intiqam hissi ilə alovianırıq.
Top