Hər bir insan üçün ona əziz olan yerlərdən biri də, onun uşaqlıq dövründə yaşadığı məhəllə, ilk dostları ilə tanış olduğu məkandır.
        Mənim üçün əziz olan belə məkan, uşaqlıq illərim keçdiyi Əhmədli qəsəbəsindəki bir məhəllədir. O, çox böyük və gözəldir. Ilin yaz fəslində məhəlləmiz yaşıllığa bürünür, həyətdəki ağaclarda açılan əlvan güllərin təravəti bütün məhəlləni ətirləndirir. Bizim binanın bir neçə addımlığında maşın qarajları yerləşir və bu qarajlar bizim bina ilə qonşu məhəlləni birləşdirir. Bizim küçə ilə üzüyuxarı qalxdıqda, parkla rastlaşırıq. Park çox böyük və gözəldir. Parkda ərik, alma və əncir ağacları var. Parkın yanında dağ yerləşir və bu dağla getdikdə, başqa bir qəsəbəyə gedib çıxmaq olar. Bizim binanın digər tərəfində küknar və başqa iynəyarpaqlı ağaclar bitir, bu ağacların çətirində müxtəlif quşlar yaşayır. Hava qaranlıqlaşdıqda məhəllədə fənərlər yanmağa başlayır və bütün küçəni işıqlandırır. Məhəllə ilə üzbəüz stollar və bir neçə oturacaqlar quraşdırılmışdır, onlann üzərində məhəllə camaatı nərd, şahmat və digər stolüstü oyunlar oynayırlar. Məhəllənin mərkəzində müxtəlif cür yelləncəklər var. Uşaqlar bütün günü yelləncəkdə oynayır, evə getmək istəmirlər. Əvvəllər, uşaqlıq dövründə mən də məhəllədə oynamağa çoxlu vaxt sərf edirdim, dostlarla birgə cürbəcür oyunlar oynayırdıq.
        Bizim binanın sağ tərəfində birmərtəbəli böyük sahəli xeyir-şər evi var. Bizim və qonşu məhəllələrin camaatı burada öz xeyir-şər məclislərini keçirir. Qarajların yanında artıq otuz ilə yaxındır ki, böyük bir qovaq ağacı bitir. Ağac o qədər hündürdür ki, beşmərtəbəli binanı, boyca iki-üç mərtəbə ötmüşdür.
        Bizim küçə qışda, demək olar ki, qarla örtülmür, qar yağdıqda yalnız maşınların, ağacların və evlərin damlarının üzərinə oturur. Qar daha çox qəsəbənin ətrafındakı təpələrə qonur. Qar yağdıqda uşaqlar kirşələrini götürüb, cumurlar həmin təpələrə və paltarları tam islanana qədər orada oynayırlar. Digər qəsəbələrlə müqayisədə, Əhmədlidə qış daha sərt keçir. Belə ki, şəhərin mərkəzində yağış yağdıqda, bizim qəsəbədə narın qar yağır. Hal-hazırda bizim küçəyə yeni asfalt döşəyirlər və bir neçə yeni yelləncəklər quraşdırırlar.
        Böyüdükdən sonra məhəlləmizdəki uşaqların çoxu hərəsi bir yerə dağılışdı. Lakin, bundan sonra harada yaşadığımdan asılı olmayaraq, mən öz əziz uşaqlıq məhəlləmizi və uşaqlıq dostlarımı heç vaxt unutmayacağam.
Top