Fevral ayının 26-sı, saatın əqrəbləri 17.00-1 göstərir. Bütün ölkə bir dəqiqəlıik sükutla Xocalı şəhidlərini yad edir. Evdə analar bütün işlərini və söhbətlərini dayandırır. Atalar isə işdə öz işlərini dayandırır, uşaqlar isə məhəllədə bütün oyunlarını bir dəqiqəlik təxirə salırlar. Məmləkətin bütün vətəndaşları bu ürək ağrılı dəqiqələri dərin hüznlə yad edir. Hər il fevral ayının 26-sı saat 17.00-da ölkə vətəndaşları bu dəqiqələri sükutla yad edir və gələcəkdə də, inşaallah, edəcəklər.
        O gün erməni faşistləri, balaca şəhərin əhalisinə vəhşicəsinə hücum edərək şəhəri viran etmişlər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni yaraqlıları Xankəndində yerləşən Rusiyanın 366-cı motoatıcı alayının köməyilə Xocalı şəhərini amansızcasına işğal etmişlər. Xocalı şəhəri Ağdamla Şuşa arasında yerləşən yolda yerləşir və Əsgəranla Xankəndi arasında mühüm obyektlərindən biri sayılırdı.
        Şəhərə hücum çəkən yaraqlılar artilleriyadan istifadə edərək şəhərin evlərini, ictimai-iaşə obyektlərini və aeroportunu dağıtmışlar. Rəhmsiz düşmən, o gün heç kimə rəhm etmirdi. Nə qocaya, nə cavana və nə də südəmər uşağa. Şəhərin əksər evlərinə od vurulmuşdur. Bəzilərinə, elə evin sakinlərini içəridə qıfıllayaraq od vurmuşlar. Şahidlərdən biri olan şəhər sakini deyir ki, neçə il keçməsinə baxmayaraq, o, insan cəsədinin yanmış qoxusunu unuda bilmir.
        Xocalı əhalisinin əksər hissəsi, o qanlı gecə qanlarına qəltan edilmiş, yalnız 1500 nəfər Ağdama gəlib çata bilmişdilər.
        Artıq neçə on illərdir ki, yer üzündə erməni vəhşiliyi və erməni vandallığı öz cinayətlərini davam etdirir. Onların cinayətlərini yalnız faşistlərin cinayətləri ilə müqayisə etmək olar. Xocalı şəhəri bizim millətimizin xatirəsində bir qara yara olaraq qalacaqdır. Qəlbləri damğalamış bu ağrının intiqamı hələ də alınmamışdır. Hər il Xocalı faciəsini yad edən millət, bir daha öz-özünə demək istəyir ki, «Ey millət, bir daha icazə vermə ki, amansız düşmən belə faciə törətsin!». Xocalı faciəsi bizim millətin tarixinin qara səhifəsi olaraq, millətin özünü dərk etməsində xüsusi rol oynayır. Allah Xocalı şəhidlərinə rəhmət eləsin.
Top