Mərhəmət - insanın ən gözəl xüsusiyyətlərindən biridir. Mərhəmət insanın təfəkkürü və iradəsi ilə bağlı olan bir xüsusiyyətdir.
        İnsan psixologiyasının formalaşmasının başlıca səbəblərindən biri də, onun asudə vaxtını nə cür keçirməsidir. Məhz elə buna görə də, asudə vaxtı, insan şəxsiyyətinin inkişaf və kamilləşmə vaxtı adlandırırlar.
        Sözsüz ki, ətraf mühit, din, milli adət-ənənələr, məktəb, ordu, iş, ictimai təşkilatlar - bütün bu sosial mühit insanın şəxsiyyətinin və dünyagörüşünün formalaşmasında, onun fikrində dəyərlərin müəyyən edilməsində fövqəladə rol oynayır.
        İnsanın mərhəmətə meyil etməsi təbii bir prosesdir. Lakin real həyatda hər bir insan mərhəmətli ola bilmir. Bunun bir neçə səbəbi vardır. Onlardan biri budur ki, məsələn, həmin insan mərhəmət haqqında yanlış təsəvvürə malikdir.
        Əsas səbəbsə ondan ibarətdir ki, hər bir insanın şəxsiyyətinin formalaşmasında onun yaşadığı və yaratdığı cəmiyyət mühüm rol oynayır.
        Mərhəmət - insan vücudunun, onun xarüqəladə bir yaradılış olmasının bariz təzahürüdür. Əsl mərhəmət, insanın qəlbinin daşa dönməsinin qarşısını alır və insanın bütün mənəvi xəzinəsini hərəkətə gətirir. Mərhəmət insana həqiqətə və gözəlliyə, ilahiyə olan inamını saxlamağa kömək edir. Bu amansız və rəhmsiz dünyada mərhəmət və yaxşılıq etmək - insana yaşayıb saf qəlbini saxlamağa kömək edir.
        Məlumdur ki, insanların bir-birinə göstərdiyi mərhəmət və savab əməllər cəmiyyətin saflaşdırılmasına xidmət edir. Ümumiyyətlə, bəşəriyyət mərhəmətli insanların hesabına ömür sürür.
        İnsanı mərhəmətli, xoşxasiyyət və savab əməllər edən adam etmək üçün, gərək uşaqlıqdan ona gözəl tərbiyə, təhsil verilə, ona elm öyrədilə. Çünki mənəvi dəyərlərlə böyüyüb boya-başa çatan insanın həyatı boyu ən üstün tutduğu şey, sözsüz ki, mərhəmət və savab əməllər olacaqdır.
        Bəzən belə sual verirlər:
        «Dünyada mərhəmət qalib gələcəkmi?». «Dünyada qalib gəlmək», yəni tək öz canını bu dünyada qoruyub saxlamaq nəzərdə tutulmur. Belə ki, insan tək özünü düşünməməli, daim digərlərinin problemləri və qayğıları ilə maraqlanmalı, bacardığı surətdə kömək etməlidir.
        İnsan gərək daim öz nəfsi ilə mübarizə aparsın. Xasiyyətində olan çatışmamazlıqları aradan qaldırsın. Çünki, insan yaxşı və pis iş etməkdə azad seçim qarşısındadır. Buna görə də, insan gərək mənəvi dəyərlərlə tərbiyələnsin ki, gələcəkdə onun etdiyi əməllər də gözəl və mərhəmətli olsun. Mən istərdim ki, bütün insanlar bu cür - əsl insan olsunlar.
Top