Mən xoşbəxtəm ki, Azərbaycan kimi bir diyarım var - azad, müstəqil, suveren. Mən xoşbəxtəm. Çünki neçə il bundan əvvəlki həmyaşıdlarımdan fərqli olaraq, mən müstəqil bir ölkədə yaşayıram. Müstəqillik bizim bu günümüz, sabahımız, gələcəyimizdir.
        Azərbaycan gündən-günə böyüyür, inkişaf edir. Azərbaycanın güclü iqtisadiyyatı var. Tanrı Azərbaycandan heç nəyini əsirgəməyib, əsrarəngiz təbiəti, gözəl iqlim qurşağı, saf bulaqları, coşğun şəlalələri, bol sulu gölləri, təbii sərvətləri, gözəl şəhərləri, kəndləri, istirahət mərkəzləri - daha nələri, nələri... saymaqla qurtarmaz. Süleyman Rüstəmin dili ilə desək:
        Vətənimin seyrinə çağırıram elləri
        Cənnət görmək istəyən Azərbaycana gəlsin.
        Lakin Azərbaycanın dilbər guşəsi olan Qarabağımızı bağrı yaralı görmək hər birimizin qəlbini göynədir. Hər bir Azərbaycan vətəndaşının yeganə arzusu, istəyi Qarabağımızı azad görmək, düşmən tapdağından azad etməkdir.
        Mənim arzum budur ki, Azərbaycan xalqı bir daha müharibə görməsin, torpaqlarımız sülh yolu ilə alınsın. Bir daha top səsi, mərmi səsi eşitməyək. Ana-bacılarımızın göz yaşlarını, ah-naləsini, acı fəryadlarını görməyək. Köçkünlərimiz öz yurd-yuvalarına qayıtsınlar. Üçrəngli bayrağımız Qarabağın işğal olunmuş torpaqları üzərində dalğalansın. Yeni doğulacaq körpələrimiz orada dünyaya göz açsın, Qarabağın havasından udub, suyundan içsinlər ki, şəhidlərimizin ruhu şad olsun.
        Azərbaycanı olduğundan daha gözəl, daha qüdrətli görmək mənim arzumdur. İnkişaf etmiş ölkənin gəncləri də dünyagörüşlü, hərtərəfli yetişər. Mənim arzum orta məktəbi bitirdikdən sonra ali təhsil almaq, millətimə, xalqıma öz işimlə, əməlimlə bir fayda verməkdir. Mənim ən böyük arzum Azərbaycanımın bütün şəhər və kəndlərini gəzmək, o gözəllikləri görməkdir. Mən arzu edərdim ki, torpaqlarımız tezliklə azad edilsin və bir daha müharibə, işğal edilmiş torpaq və köçkün sözlərini eşitməyək.
Top