İnsan torpağın övladıdır
        Hava, su, torpaq, təbii landşaft, flora və fauna aləminin rəngarəngliyi, iqlim şəraiti, bütün bunların hamısı insan həyatını və onun bioloji tələbatlarını müəyyənləşdirmişdir.
        İnsan həyatda qalması üçün gərək yer üzündə möhkəm dursun, hava alsın, mütəmadi olaraq maye və qida qəbul etməli, ətrafında özünə və həyat tərzinə uyğun lazımi mühit yaratmalıdır.
        Bizim istifadə etdiyimiz, malik olduğumuz hər bir şey insanın zəhməti və idrakının birgə mədəniyyəti sayəsində yaradılıb.
        Biz zavodlarımız, fabriklərimiz, mədənlərimiz, elektrik stansiyalarımızla fəxr edirik. Biz sevinclə kosmik gəmilərin möhtəşəm uçuşlarını müşahidə edirik və böyük fəxrlə, zövqlə özümüz özümüzə deyirik: «Bu, bizim nəaliyyətimizdir, bu insan əməyinin səmərəsidir».
        İnsan ona görə insandır ki, o əmək fəaliyyəti ilə məşğuldur, zəhmət çəkir. Əgər insan oğlu min illər bundan əvvəl özünə əmək alətləri düzəltməsəydi, od almağı öyrənməsəydi o, bu gün böyük məhsul verən zəmilərə və kibernetik maşınlara malik ola bilərdimi?!
        İnsanda mövcud olan bütün xüsusiyyətlərin təzahür olunmasının səbəbi əlbəttə ki, insanların bir cəmiyyət olaraq qarşılıqlı ictimai əmək fəaliyyətinin nəticəsidir. Əmək fəaliyyəti insana düz yeriməyi öyrətdi. Əmək fəaliyyətinin başlanması şüurun və təfəkkürün başlanmasına təkan verdi. İş prosesinin nəticəsində ünsiyyət dili meydana çıxdı. Bu unikal mexanizm vasitəsi ilə birbiri ilə ünsiyyət qurmağa başladılar.
        İnsanla təbiətin bağlılığı həddindən artıq sıx və ayrılmazdır. Allah insanı digər canlı məxluqlardan fərqli yaratmışdır, ona şüur vermişdir və insan şüurlu surətdə cəmiyyətlə əmək əlaqələri yaradır.
        İnsan ictimai əmək fəaliyyətinə başlayan zamandan bəri o təbiətə yiyələnir, ona təsir edir və ilkin görünüşünü dəyişir. Eyni zamanda bu proseslə yanaşı, digər ondan ayrılmaz bir proses də gedir. Nəticə etibarı ilə onun öz təbiəti də dəyişirdi və nəhayətdə insan indiki inkişaf mərhələsinə gəlib çatır.
        Cəmiyyət insanın gündəlik əmək fəaliyyəti olmasa qətiyyən yaşaya bilməz.
        Əmək, bizim ilk öhdəçiliyimizdir. Deməli, çalışmaq hər birimizin borcudur. Əmək - bəşəriyyətin mövcud olmasının ilk şərtidir. Təsadüfi deyil ki, Insan haqları haqqında Beynəlxalq Konvensiyada insanın əmək hüququ ikinci bənddə, yaşamaq hüququndan sonra gəlir.
        Əmək fəaliyyətindən məhrum olan insan, qısa müddət ərzində cəmiyyət üçün təhlükəli mənbəyə çevrilə bilər. Minilliklərdən bəri gələn bəşəriyyətin tarixi təcrübəsi göstərir ki, bütün dağıdıcı inqilablar, işsiz gücsüz qalmış fəhlə sinifinin öz əmək hüquqlarını bərpa etmək və bununla da normal həyat tərzini tarazlamaq niyyətləri dururdu.
        Həqiqətən də insan əmək fəaliyyəti zamanı həyatın mənasını dərk edir, sevincin fəlsəfəsini dərk edir və bununla da ruhlanır, ilham alır.
        Hər bir insanda, istər yeni ixtiralar edən, istər tikən, istər çalışan, hər kəs ki, öz əməyi ilə cəmiyyətin yaşaması üçün lazım olan əməlləri həyata keçirir, onda qurub yaratmaq qabiliyyəti vardır.
Top