Təhsilin insan həyatında, müstəqil Azərbaycanımızın tarixində oynayacağı mühüm rolu qiymətləndərərək Ulu öndərimiz Heydər Əliyev qeyd edirdi ki, gərək gənclərimiz həyatımızın bu çətinliklərinə baxmayaraq təhsillənsinlər. Yəni biz məktəblərin, təhsil müəssisələrinin işinə daha çox qayğı, diqqət göstərməliyik. Hər hansı bir çətinliyə baxmayaraq, biz təhsili yaşatmalıyıq. Gənclər müstəqil bilik almalıdırlar, təhsillənməlidirlər.
        Mərhum Prezidentimiz Heydər Əliyev gəncler xalqımızın milli, millimənəvi dəyərləri əsasında tərbiyələnməlidir fikrini irəli sürürdü. O, qeyd edirdi ki, gənclər arasında aparılan iş bu istiqamətdə olmalıdır. «Bizim elmimiz inkişaf etməlidir. Elmimizi gənclər, siz inkişaf etdirəcəksiniz. Indiki görkəmli alimlər etdiklərini ediblər, amma elmimizin gələcəyi gənclərin əlindədir.»
        Elm həqiqəti öyrənir, həyatın qanunauyğunluqlarını, təbiətin sirlərini birbirinin ardınca kəşf edir.
        İnsan yalnız elmi, təhsili, hərtərəfli dünyagörüşü ilə başqalarından fərqlənə bilər.
        Hər birimiz hər an yeni bir bilgi əldə etməyə çalışmalı, təhsilimizi, biliyimizi artırmalıyıq. Çünki, bilik və təhsil almadan heç nə əldə edə bilmərik.
        Məhşur Azərbaycan şairi N. Gəncəvi hələ 10 əsr bundan əwəl elmin gücü haqqında deyirdi:

 
Əmr etdi, verildi fərman,
Alimdir gözümdə ən əziz insan.
Elmlə, hünərlə! Başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz!

        Şairin fikrincə yalnız insan elmin gücü ilə qələbə çalıb, müvəffəqiyyət əldə edə bilər.
        Aqil, müdrik insanlar əsrlər boyu təhsilli, elmli insanlara yüksək qiymət vermiş, onlara hörmət və ehtiramla yanaşmışdır.
        Elm ağlın çırağıdır. Elm elə bir xəzinədir ki, nə qədər sərf etsən bir o qədər artar. Elm öz sahibinə böyük zinətdir. Elmsiz adam meyvəsiz ağacdır- kimi müdrik deyimlər söylənmişdir.
        Müasir dövrümüz sivilizasiya dövrüdür. Bu dövrdə yüksək elmi səviyyə, dərin bilik tələb olunur. Onun üçün də müasir gənclərimizin təhsilə yiyələnmələri vacib şərtlərdəndir. Təhsilin bünövrəsi məktəbdə qoyulur, bu fikri Ulu öndərimiz Heydər Əliyev belə xarakterizə edirdi:
        «Şəxsən mənim müəllimə böyük hörmətim olubdur. İndiyə qədər həyatımda keçdiyim yol, mənim biliyim, elmim-hamısı orta məktəbdə aldığım təhsillə bağlıdır... Mən bu gün müəllimim qarşısında baş əyirəm, müəllimə hörmət və ehtiramımı bildirirəm.»
        Təhsil almaq nəyə gərəkdir?-suahnın ətraflı bir cavabı var: daha güclü, daha qüvvətli olmaq. Təhsilli insan hər şeyə qadirdir.
        Bu gün bizim Azərbaycanımız çox ağır zamanlar yaşayır. Mənfur qonşularımızla müharibə şəraitindəyik. Qaçqın və köçkünlərimiz var, torpaqlarımız işğal altındadır. Sivilizasiya dövrüdür, dünya dövlətlərinə inteqrasiya əsridir. Bütün bu problemlərin həlli yolu elm, təhsil yoludur. Dövlətimiz, Prezidentimiz bu yolda millətimizə, vətənimizə qayğı və diqqətini əsirgəmir. Təhsilimizin daha da inkişaf etdirilməsi üçün «Təhsil Qanunları» hazırlanıb, fərmanlar verilir. Təhsil ocaqlarının, məktəblərin təmiri, yenidən qurulması, inşa edilməsinə böyük maddi vəsaitlər xərclənir.
        Bütün bunlarla yanaşı, biz müstəqil Azərbaycan vətəndaşları olaraq, təhsilimizin güclənməsi, inkişaf etdirilməsi üçün böyük işlər görməliyik: oxumalı, çalışmalı, uca zirvələr fəth etməliyik.
        Azərbaycanımızın firavanlığı, çiçəklənməsi, qüdrətlənməsi, bütün dünyada öz sözünü əzmlə deyə biləcəyi naminə əlimizdən gələni əsirgəməməliyik!
Top