Bilik xəzinədir. Elm, bilik o qədər həzz mənbəyidir ki, o insana hər şeyi, hətta fiziki iztirabı, necə qocaldığını belə unutdura bilər.
        Öyrənilməsi lazım olanlar həddindən artıq çox, insan həyatı isə olduqca qısadır. Biliksiz həyat həyat deyil. O adam məharətlidir ki, çox əziyyət çəkmədən elmə yiyələnir. Çox şeyi başqalarından öyrənir, hamının müdrikliyindən və qabiliyyətindən bəhrələnir. Yaşayaraq əldə edilən bilik daş üzərinə həkk edilmiş yazıdır.
        Biz elmi-texniki tərəqqi əsrində yaşayırıq. Bu əsr elə bir əsrdir ki, bu zamanda cəmiyyətin inkişaf templəri, onun iqtisadi inkişafı birbaşa olaraq bilik və elmdən asılıdır.
        Bilik bir gücdür. Elm öyrənmək böyük bir zəhmətdir. J.J.Russo demişdir: «Döyüşdə silah lazım olduğu kimi, həyatda da bilik lazımdır.»
        Müasir elm və tərəqqi elə bir səviyyəyə gəlib çatmışdır ki, nə orta, nə də ali məktəblər insana onun həyatının axırına kimi bütün bilik və elmi verə bilmir. Məhz buna görə də hər bir insan daim axtarışda olmalı, yeniliklərlə tanış olub, yeni bilik əldə etməlidir.

Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Hər uca zirvədən bilin ki, fəqət
Alimin rütbəsi ucadır əlbət.

        Məncə, hər kəs var-dövlət, daş-qaş əvəzinə bilik yığsa daha zəngin və güclü olar. Çünki ən qiymətli daş-qaşı salıb itirərsən, var-dövlət tükənər, lakin biliyi heç kəs səndən ala bilməz. Biliyini artırdıqca daha güclü və qüvvətli olarsan. Bir ərəb atalar sözündə deyildiyi kimi, «Bilikli adamın bir günü nadan adamın bütün ömrünə bərabərdir.»
        Həqiqətən də, bilik qaranlıq yollarda insana işıq bəxş edən bir çıraqdır.
        Gənclikdə günü hədər keçirmək olmaz. Çalışıb gənclikdə daha çox oxumaq, bilik əldə etmək lazımdır ki, gənclikdə qazanılan bilik qocalıqda müdriklik deməkdir. Bilik insana insanlıq, özünü əvəzsiz müstəqil varlıq olaraq təsdiq etmək üçün gərəkdir. insanlıq tələbi insanı vətənə sevgi üstə kökləyir.
        Biz gərək elmi biliklərimizi daha dərindən mənimsəyək ki, öz peşəmizin güclü mütəxəssisinə çevrilək, çünki respublikamızın rifahı bizim əlimizdədir.
        «Bilik - başa tac, var-dövlət boyuna boyunduruqdur» atalar sözü ilə yazımı bitirirəm və bütün gənclərimizin bəzəyinin daş-qaş, var-dövlət yox, bilik olmasını arzulayıram.
Top