Bakının və bütövlükdə Azərbaycanın tarixi zəngin hadisələrlə doludur. Bakıda çoxlu sayda abidələr var və onlar sükunət halında şəhərin keçdiyi uzun dövrlü tarixi izləmişlər. Bakının memarlıq abidələri şəhərin inkişaf tarixini, demək olar ki, bütünlüklə əks etdirir. Bu abidələr şəhərin ən qədim hissəsi - İçərişəhərdə qorunub saxlanılmışdır. Şəhərin digər yerlərində də müxtəlif abidələr mövcuddur. Bakının dəniz «fasad»ını Qız qalasız təsəvvür etmək mümkün deyil. İçərişəhərdə Azərbaycanın ən qədim məscidlərindən biri olan «Həzrət Muhəmməd» məscidi vardır. Qədim tarixi məscid olan «Cümə» məscidinin gözəlliyi ziyarət edənləri valeh edir. Bir az yuxarılarda qədim Şirvanşahlar sarayı ucalır. Ətrafda isə müxtəlif məscidlər və tarixi abidələr zəngin mədəniyyətimizdən xəbər verir. Ümumiyyətlə, içərisi müxtəlif tarixi abidələr, gözəl minarəli məscidləri olan Içərişəhər, özü bir kompleks şəklində böyük bir qoruqdur. Belə ki, 1977-ci ildən İçərişəhər dövlət qoruğu elan olunmuşdur. Içərişəhər darvazalarından keçib, içəri daxil olarkən, sanki əsrarəngiz bir aləmə qədəm qoyursan.
        Bakı şəhərində abidələrlə yanaşı, inşa edilmiş bir çox zavod və fabriklər var. Bu tüstü buraxan uzun borulu zavod və fabriklər, abidələrlə müqayisədə elə də estetik gözəllik bəxş etməsələr də, onlar müasir Bakının ayrılmaz hissəsini təşkil edirlər.
        Bakı şəhərində neft sənayesi sürətlə inkişaf edir. Güclü küləklər vaxtı dənizin üzərində neft layları görsənir, bu da ki, öz növbəsində ekologiya üçün çox təhlükəlidir. Bakı böyük sənaye şəhəridir. Zaman geçdikcə, dünya ictimaiyyəti ekoloji problemlərə çox fikir verir və bununla bağlı dünyada bir çox ziyan verən sənaye müəssisələri bağlanır və ya yeni iş rejiminə keçir. Eləcə də Bakı şəhərində, ictimaiyyətin tələbi ilə bir neçə zərərli müəssisələr bağlanmışdır.
        Sənaye müəssisələri, abidələr və yaşayış binalarından əlavə, Bakıda çoxlu sayda tədris və mədəniyyət mərkəzləri vardır.
        Bakı - çox orijinal bir şəhərdir. O, dünyanın heç bir şəhərinə bənzəmir. Yalnız Neapol şəhərinin dəniz sahili Bakı şəhərinə çox oxşayır. Bakı, geniş Bakı buxtasının cənub yamacında amfiteatr şəklində yer almışdır. Dənizin sahilindən küçə və binalar, yarusbayarus ucalır. Bakı şəhərinin ayrılmaz simvolu olan neft buruqları, mavi dənizin fonunda Bakını təkraredilməz fonda göstərir. Bakı şəhəri gecə vaxtı daha da qəşəngləşir, sahil boyu uzanan bulvar işıqları ilə, dənizdə üzən və sahildə lövbər salan gəmilərin işıqları, birlikdə xüsusi əsrarəngiz gözəllik verir.
        Bakı iri elmi və mədəni mərkəzdir. Burada hər il minlərlə gənc mütəxəssis dərs alır, bundan əlavə şəhərimizdə çoxlu sayda əcnəbi tələbələr müxtəlif elmlərin sirlərinə yiyələnirlər. Şəhərdə çoxlu sayda kitabxana, teatr və muzeylər vardır.
        Bakının küçə və meydanları canlı tarix nümunələridir. Şəhərin küçələrindən bir dəfə keçməklə böyük şəhərin intensiv ritmi, o an hiss olunur, Bakı - güclü sənaye şəhəri və şanlı ənənələrə malik olan geniş iri mədəniyyət mərkəzidir.
Top