Azərbaycan Respublikası beş ölkə ilə həmsərhəddir, Şərqdən isə Xəzər dənizinin suları ilə yuyulur. Paytaxt Bakı Xəzər dənizinin təbii körfəzlərindən biri olan Bakı buxtasında salınıb. Bakı şəhəri beynəlxalq dərəcəli liman şəhəridir. Azərbaycanın bütün çayları dünyanın ən böyük qapalı su hövzələrindən biri olan Xəzərə aiddir. Xəzər hər tərəfdən quru ilə əhatələnib. Əslində Xəzər göldür, amma, çox duzlu və böyük olduğundan onu dəniz adlandırırlar. Dənizin səviyyəsi əsrlər boyu gah qalxmış, gah da enmişdir. Bu da onun sahilində yaşayan xalqlara çoxlu bədbəxtlik gətirmişdir.
        XII əsrin tarixi abidəsi olan Qız Qalası tikildiyi zaman Xəzərin tam sahilində ucaldılmışdır, qayalıqlarını isə ləpələr döyəcləyirmiş. Əsrarəngiz və möhtəşəm Səbail tikililərinin sirləri son günlərə qədər elmə naməlum idi, dənizin çəkilməsi ilə biz bu abidə haqqında daha ətraflı məlumatlar əldə edə bilmişik.
        İrihəcmli su mənbəyi olan Xəzər dənizi, respublikamızın təsərrüfatında önəmli rol oynayır. Neft-Qaz sənayesi inkişafı, balıqçılıq, gəmiçilik və s. bu kimi sahələrin inkişafı məhz dənizlə bağlıdır. Günəşin bolluca şuaları və istisi, təmiz dəniz havası, cazibədar çimərliklər, Xəzərin sahilində önəmli kurort-turist bazalarının yaradılmasına imkan verir.
        Ölkəmizdəki bir çox istirahət mərkəzləri özünəməxsusluğu ilə fərqlənməklə yanaşı, həm də dünyanın bir çox kurortları ilə oxşarlığa malikdir.
        Xəzərin zəngin ehtiyatlarından istifadə edə bilmək üçün onun sularının təmizliyinin qorunub saxlanması çox vacibdir. Xəzərsahili ölkələr beştərəfli danışıqların nəticəsi olaraq dənizin qorunması üçün güclərini birləşdiriblər. İmzalanmış sənədə əsasən Xəzərin sularında nərə balığının qanunsuz ovunun qarşısının alınması və dənizin ekologiyasının qorunması kimi məsələlərdə əməkdaşlıq öz əksini tapmışdır.
        Yaşasın və çiçəklənsin Doğma Xəzər və əziz Azərbaycan!
Top