İllər bir göz qırpımında keçərək, biz məktəbdə təhsilimizi başa vururuq. Qarşımıza çox önəmli bir sual çıxır. Hansı peşəni seçməli? Seçdiyimiz peşə, bizim gələcəkdə həyatımızda bacarığımıza və maraqlarımıza uyğun gəlməli və biz bu peşədən daim həzz almalıyıq.
        Dünyada minlərcə peşə və sənət mövcuddur. Bu müxtəliflikdə nəçi olmaq böyük bir sınaq və imtahandır. Hansını seçməli? Nəçi olmalı? Həqiqətən çox məsuliyyətli bir məsələdir. Bu məsələni, özüm üçün və hələ uşaqlıq illərindən seçmişəm. Mən həkim olmaq istəyirəm.
        Qədim və humanist peşə olan həkimlik insanların səhhətinin qorunmasına, xəstəliklərin qarşısının alınmasına yönəlib. Insanların ayrılmaz dostu olan bu peşə sahibləri daim bəşərin keşiyində dayanmışlar.
        Hipokrat və İbn-Sinanın fəaliyyətləri bu sahənin inkişafına ciddi təkan vermişdir. Onların etdiyi dərin tibbi təcrübələr və nail olduqları kəşflər tibb elminin inkişafında əvəzolunmaz töhfələr vermişdir. Müasir zamanda tibb elmi daha sürətlə inkişaf edir.
        Orqanların dəyişdirilməsi haqqında uğurlu əməliyyatlar haqqında daima eşidirik. Bu əməliyyatlar minlərlə insanın həyatını xilas edir.
        Tanınmış həkim-cərrah S.Fyodorov minlərlə insanın görmə qabiliyyətini bərpa etmişdir. Elizarov, Kasyanov, Cavadzadənin məharətləri bütün dünyaya bəllidir.
        Həkim peşəsi olduqca məsuliyyətli və çətindir. Bu qədim sənəti seçən insan daim fövqəladə vəziyyətlərə hazır olmalı və insanlara yardım etmək hissindən həzz almalıdır. Əlbəttə ki, bu geniş ruhiyyə və insanlığa dərin məhəbbət tələb edir. Həyat üçün məsuliyyət daşımağa hazır olmaq lazımdır. Mənin ən böyük arzularımdan biri, həkim sənətinə yiyələnmək, onun sirlərini bilmək və doğma respublikamızın səhiyyəsinə öz töhfəmi verməkdir.
Top