Bu dünyada sev zəhməti,
Odur həyatın zinəti.         

        İnsanın həyatının əsl bəzəyi zəhmətdir. Insan həyatını əməklə mənalandırmağa çalışmalıdır. Həyatda nəyəsə nail olmaq üçün çalışmaq lazımdır. Əməyin sayəsində insanlar aclıqla, soyuqla, vəhşi heyvanlarla mübarizədən qalib çıxmışlar.
        İnsan yaşamaq, yaratmaq üçün çalışmalıdır. Əmək insanın rifahıdır, onun bütün həyatının və fəaliyyətinin bünövrəsidir. Əmək insana xoşbəxtlik verir, onun qısa ömrünü uzadır. Kimliyindən asılı olmayaraq hamı çalışmalıdır, çünki onun uğuru çalışmağındadır. Çalışmaqla yanaşı həyatda inamlı, ümidli olmaq lazımdır. Çünki ümid və inam insanı son ana qədər aparır. Sadəcə bir misal: bir gün necə olursa iki qurbağa içərisində süd olan qaba düşür. Nə qədər tullansalar da kənara çıxa bilmirlər. Bir müddət sonra qurbağalardan biri «Artıq tullanmağımız mənasızdır, bizimki bura qədər imiş» şəklində düşüncələrə qapılır. Bütün cəhdlərindən vaz keçir və beləcə süddə boğularaq ölür. Lakin digər qurbağanın inamı tamdır və ölüncəyə qədər tullanmaqda qərarlıdır. Heç bir işıq yolu görünməsə də tullanmağa davam edir. O qədər tullanır ki, nəhayətdə südün üzərində yağ təbəqəsi əmələ gəlir. Südün səviyyəsi yüksəlir. Yüksəliş qurbağaya qurtuluş gətirir.
        İnsan da qarşısına qoyduğu məqsədə çatmaq üçün çalışmalı, mübarizə aparmalıdır və içindən gələn səsə qulaq asmalıdır. «Mən bu işin öhdəsindən gəlməliyərm, o zaman uğur qazanmaq olar.
        Heç vaxt ümidsizliyə qapanmaq lazım deyil. Ümidsizlik elə bataqlıqdır ki, düşən boğular. Ümidə sarı möhkəm durmaqla uğur qazanmaq olar.
        Müvəffəqiyyət heç vaxt gözlədiyimiz yerə gəlməyəcək. Bunun üçün çalışmalı, zəhmət çəkməli, ona doğru irəliləməliyik.
Top