İnsan cəmiyyətdə dünyaya göz açır və böyüyür. Onun həyatını dosttanışsız təsəwür etmək qeyri-mümkündür.
        Dostlar hər bir insanın həyatında mühüm dəyərlərdəndir. Məhz dostluq münasibətləri, insana, həyatın enişli-yoxuşlu yollarında möhkəm olmağa imkan verir.
        Qədim rus atalar sözündə belə deyilir: «Ağac kökləri ilə, insan dostları ilə var olur». Bizim yaxşı və etibarlı dostlarımız nə qədər çox olarsa, köklərimiz də torpaqda o qədər möhkəm olar. Təbii ki, dostluq bizim zamanda deyil, həmişə mövcud olmuşdur. insanlar arasında dostluq əlaqələri əsrlərdən bəri artmış və möhkəmlənmişdir. Qarşılıqlı anlam və ortaq maraqlar, ayrı-ayrı xalq və dövlətləri yaxın etmişdir.
        Yoldaşlıq, etibarlılıq və mehribanlığın bünövrəsi məktəb illərində qoyulur. Məhz məktəb illərində, biz dostluq anlamı ilə ilk dəfə tanış olur, elə ilk dəfə də dostluqda məyusluq hissini keçiririk.
        Gənc illərdə yanında etibarlı şəxsin olması bizə kiməsə lazım olduğumuzu hiss etmə imkanı verir, gücümüzdə inamı artırır.
        İnsanla dostluq etmək, onunla qarşılıqlı münasibətlərdə olmaq, anlaşmaq deməkdir. Bunlar da etibar, inam və ortaq maraqlara əsaslanmalıdır.
        Adətən, insanın əsl dostu az olur. Əsl dostda ən çox qiymətləndirilən onun mənəvi xüsusiyyətləridir. Yaş artdıqca insanlar «yaxşı dost, köhnə dost» anlayışlarını daha çox istifadə edirlər.
        Bəlkə də belədir. Amma unutmaq olmaz ki, hətta ən gənc insanın etibar etdiyi köhnə dostları vardır.
        Yaxşı dost əsl xəzinədir. Xəzinə qazanmaq üçün isə çalışmaq lazımdır. Sadəcə çalışmaq yox, ruhunla yoğrula biləcək bir münasibət yaratmaq lazımdır. Dostların xeyir və şərinə şərik olmaq çox mühümdür.
        Çox zaman insanlar dostlarında özlərinə bənzər olan xüsusiyyətləri axtarırlar. Yoldaş seçərkən eyni yaş, cins və sosial statusu uyğun insanlara üstünlük verilir. Zənnimcə bu düz deyil. Niyə biz dostumuzda özümüzdə olmayan xüsusiyyətləri axtarmırıq? Məgər əlavə üstün xüsusiyyətlər bizi daha da zəngin etmirmi?
        Yaxşı dost səhvlərimizi görən, bizə düz yol göstərəndir. Onun fikri bizim üçün digərlərinkindən daha önəmlidir.
        Mənim fikrimcə ən yaxşı dost, insanın eyiblərini adamın üzünə deyən dostdur. Çünki çox vaxtı adamın eyiblərini, yad insanlar adamın üzünə söyləmirlər. Əsl dost isə onlara deyər və dəyərli məsləhət verər. Atalar sözlərində deyildiyi kimi: «Dost - dostun güzgüsüdür».
        Güzgü eyibləri səssiz-sədasız söylər.
        Güzgü eyibləri insanın üzünə söylər.
        Güzgü qəzəbdən deyil, saf olduğu eyibləri söylər.
        Güzgü tozlanarkən başqalarının eyiblərini görməz.
        Güzgü eyibləri özündə saxlamaz. Yanından keçib gedərsən, eyiblər də həmin anda silinib gedər.
        Güzgüdə insanın vəzifəsi, məqamı, şan-şöhrəti əks olunmaz.
        Əgər güzgünü qırsan, yenə də sınıq parçalarıyla sənin əvvəlki eyiblərini və gözəliklərini üzünə söyləyər.
        Güzgü eyibləri olduğundan böyük göstərməz.
        Güzgü eyiblərimizi söyləyirsə, özümüzü islah edək, güzgünü sındırmağa ehtiyac yoxdur.
Top