Həmyaşıdımla hal-əhval, şəxsi duyğularımızı ifadə edən fikirlərimi bölüşdükdən sonra ona vətənim haqqında bunlan yazardım:
        Vətənimin ərazisi 86,6 min kv km-dir. Əhalimiz 9 mln.artıqdır. Respublikamızın tərkibinə bir muxtar qurum- Naxçıvan Muxtar Respublikası, 65 rayon, 69 şəhər rayonu, 130 şəhər tipli qəsəbə və 4354 kənd, yaşayış məntəqəsi daxildir.
        Dövlət dilimiz Azərbaycan dilidir. Əhalinin 95%-dən çoxu bu dildə danışır. ölkəmizin paytaxtı Bakı şəhəridir. Əhalisi 2 mln.-dan çoxdur. Milli pul vahidi manatdır. Dinimiz islam dinidir. Ölkəmizdə məscidlərlə yanaşı provaslav-rus, provaslav-gürcü, yəhudi, erməni-qriqoriyan, malakan, katolik, protestant, həmçinin dini icmalar vardır.
        1988-ci ildən Ermənistan tərəfindən başlanmış ərazi iddiaları və hərbi təcavüz nəticəsində Azərbaycanın ərazisinin təqribən 20%-i Ermənistan tərəfindən işğal olundu. Ərazi iddiaları və hərbi təcavüz nəticəsində əhali qaçqın və məcburi köçkün vəziyyətindədir.
        Əziz dost! Mən sənə ecazkar bir diyardan - Azərbaycandan, onun təkrarsız təbiətindən, çoxəsrlik mədəniyyətindən, tarixindən söhbət açmaq istəyirəm. Bu diyarın qədim sakinlərindən, onun həyatından, adətənənələrindən danışmaq istəyirəm. Vətənimizin kəşməkəşli dünənindən, bugünkü irəliləyişindən, qayğı və problemlərindən, sabahkı planlarından xəbər vermək istəyirəm.
        Azərbaycan coğrafi addır. Bir tərəfdən bu adı odla əlaqələndirmiş, digər tərəfdən qədim zamanlarda türk soyu ilə bağlamışlar. Yəni türk dillərində «azər» - ər kişi, «ər oğlu» anlamındadır.
        Azərbaycan yeraltı, yerüstü sərvətiylə - pambığı, çayı, canlara məlhəm olan meyvələri-üzümü, ənciri ilə məşhurdur. Vətənim dünyaya nefti «qara qızıl»ı ilə tanınıb.
        Azərbaycan qədim mədəniyyəti ilə tanınır. «Kitabi-Dədə Qorqud», «Oğuznamə», «Koroğlu» və bir çox epik abidələrlə dünya mədəniyyəti içərisində xüsusi yer tutur. Bu bərəkətli, səxavətli ana torpaq, bir çox mütəffəkirlərin, alim və fılosofların, şair və yazıçıların, rəssamların və memarların, musiqiçilərin beşiyi olmuşdur.
        Azərbaycan torpağı bəşəriyyətə Nizami Gəncəvi, Xaqani Şirvani, Bəhmənyar, Nəsimi, Füzuli, Nəsrəddin Tusi, Şah Ismayıl Xətayi, Molla Pənah Vaqif, A.Bakıxanov, M.F. Axundzadə, M.Ə.Sabir, C.Məmmədquluzadə, Hüseyn Cavid, Səməd Vurğun, Əliağa Vahid, Xəlil Rza, Rəsul Rza kimi dahilər bəxş etmişdir.
        Doğma diyarımın al-əlvan təbiəti Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev kimi fırça ustalarının boyakarlıq lövhələrində öz əksini tapmışdır.
        Xalq musiqimiz, muğamlarımız Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikov kimi görkəmli bəstəkarlar yetişdirmişdir. Bu torpaq Rəşid Behbudov, Bülbül kimi sehrli, ecazkar səsə malik müğənnilərə ilham vermişdir.
        Bu diyar bütün rəngləri, boyaları, tarixin bütün nişanələrini özündə təcəssüm etdirən xalçaçı sənətkarlar yetişdirmişdir.
        Azərbaycanımın elm və maarifinin çoxəsrlik bir tarixi vardır. Bakı Dövlət Universiteti, Azərbaycan Elmlər Akademiyası bir çox ali təhsil ocaqları fəaliyyət göstərir. Bu gün respublika alimlərinin qarşısında Xəzərin dərinlikləri, kosmosun ənginlikləri, insan beyninin sirlərinin açılması kimi problemlərin fəthi durur.
        Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə və onun ağır nəticələrinə baxmayaraq ölkəmiz inkişaf edib güclənir.
        Azərbaycanın Prezidenti İlham Əliyev cənabları ölkəmizin bütün potensialını səfərbər edərək onun demokratik inkişaf yolunda böyük uğurlar əldə etməkdədir.
        Əziz dost, vətənimizin gözəlliyini, onun inkişafını, qonaqpərvər, mehriban xalqını - bir sözlə, qədim olan diyarı seyr etmək üçün Azərbaycana gəl!
        Hörmət, cənnət, gözəllik görmək istəyən Azərbaycana gəlsin!
Top