İnsan - Uca Allahın yaratdığı ən üstün məxluqdur. Lüğətdə Insan kəlməsinin izahında belə deyilir: «insan - təfəkkür qabiliyyətinə malik və nitqi olan, alətlər yaratmağa qadir və onları əmək prosesində istifadə edən canlı bir məxluqdur». Insan yarandığı ilk gündən əmək fəaliyyətilə məşğul olmuş və inkişaf etmişdir. Qədim Azərbaycan atalar sözündə belə deyilir: «Meyvə barı ilə tanınar, insan - əməyi ilə». Əsrlər və minilliklər keçir, bəşər yaşayış təcrübəsini artırır və kamilləşir. insan əmək fəaliyyətində inkişaf edərək böyük nailiyyətlərə yiyələnir.
        İnsan və təbiət, insan və cəmiyyət bir-birindən ayrılmaz bir məfhumlardır. Dahi rus yazıçı A.P.Çexov yazırdı: «insanda hər şey gərək gözəl olsun: həm üzü, həm paltarı, həm qəlbi, həm də fikri». Yazıçı bununla demək istəyir ki, fikri və qəlbi təmiz olmayan insanın zahiri gözəl olsa da, onun heç bir faydası və xeyri yoxdur. O, bir qəşəng və görkəmli qarpıza bənzər ki, zahirən onu görənlər deyərlər ki, nə yaxşı qarpızdır. Lakin onu kəsdikdə, içi ağ və çürük çıxar.
        İnsan gərək gənclik illərindən öz orqanizmini və sağlamlığını qorusun, daim fiziki kamilliyə can atsın. Eyni zamanda da, çoxlu oxuyub və yaxşı təhsil almalıdır ki, mənəvi cəhətcə inkişaf etsin və kamilləşsin. İnsanın həqiqi kamilliyi, onun fiziki və mənəvi inkişafının vəhdətində təzahür olunur. Zahirə fikir verib batinini, yəni fikrini çirkinliklərlə bərbad edən insan isə, yuxarıda misal çəkdiyim - qarpıza bənzər.
        Mən öz inşamı dahi Şekspirin sözləri ilə sona yetirmək istərdim: «insan necə də xariqüladə bir varlıqdır! Onda necə də böyük qabiliyyətlər gizlənmişdir! O, yaradılışın zinəti və bütün Yer üzünün tacıdır!».
Top