Xalqa, vətənə qəlbən bağlı olan, həyatları boyu əməlisaleh işlər görən insanlar gənclərə, yeniyetmələrə örnəkdirlər. Biz zaman-zaman xalqımızın içindən çıxan belə insanlarla fəxr edir, özümüz də gələcəyimizi onlar kimi qurmağı arzulayırıq.
        Valeh olduğum insan kimdir? Həyatda kimə oxşamaq, kimdən nümunə götürmək istərdim.
        Hələ lap kiçik yaşlarımdan evdə valideyinlərimə baxıb onların hərəkətlərini təkrarlayır, onlara bənzəməyə çalışırdım. Bir az böyüyüb məktəb yaşına çatdıqdan sonra özümü məktəbdə müəllimlərimə bənzətmək, onlara oxşamaq istəyirdim.
        Amma bir az böyüdükdən, həyatı dərk etdikdən sonra ətrafın genişlənir, hər kəsdə müsbət keyfıyyətlər axtarıb özündə aşılamağa çalışırsan. Ən yaxşı tərbiyə vasitəsi şəxsi nümunədir. Biz yaxşı insanlara oxşamağa çalışmaqla özümüzü tərbiyə edir, mənəvi yüksəlişə can atırıq.
        Mən ailədə anamı, məktəbdə müəllimlərimi özüm üçün şəxsi nümunə seçmişəm. Ailədə anamın necə davranmağını, bir qadın, bir ana kimi necə hərəkət etdiyini, övladları üçün yorulmaq bilmədən çalışdığını gördükcə, sözün həqiqi mənasında həsəd aparıram. Övladının bir uğurunu gördükdə qəlbi fərəh hissi ilə dolur. Ana bizi dünyaya gətirir, müəllim isə bizə sirlisehirli dünyanı bəxş edir, elmin qapılarını üzümüzə açır.
        Həyatda mənim üçün anamdan və müəllimlərimdən əziz və istəkli heç kim ola bilməz. Bəlkə də elə buna görədir ki, mən ən gözəl tərbiyə vasitəsi və şəxsi nümunə kimi anamı və müəllimlərimi görürəm. Hər bir insan üçün ən çox əziyyət çəkən, onu həyatda büdrəməyə qoymayan, həyatda ona düzgün yol göstərən bu iki şəxsdir. Hər kəs bu iki şəxsin qarşısında baş əyir. Onlar ürəyinin hərarətini, gözünün nurunu bizlərə verir.
        Onlar hər dəfə bizim başımıza sığal çəkəndə sanki qanadlanıb uçur, göyün yeddinci qatına qalxırıq.
        Mən də gələcəkdə həyatımı qurarkən anama və müəllimlərimə oxşasam özümü xoşbəxt hesab edərəm.
Top