Vaxt çox tez bir zamanda keçir gedib. Günlər, həftələri, həftələr ayları, aylar illəri əvəzləyir, hər şey dəyişir və biz də dəyişirik. Artıq XX əsri başa vurub yeni əsrə qədəm qoymuşuq.
        Keçən əsr - inqilablar, müharibələr, dəhşətli zəlzələlər, yeni-yeni kəşflər və ixtiralar, elmdə və ədəbiyyatda yüksək nailiyyətlər əsri kimi yadda qaldı.
        Keçən əsr iki böyük dünya müharibəsi və digər çoxsaylı müharibələrin şahidi oldu. Milyonlarla insanlar insanlıq borcunu yerinə yetirməmiş, cürbəcür alçaqlıqlara və şərəfsizliklərə əl ataraq minlərlə insanları məhv etmişdir. Bəlkə də bir o qədər də insan öz həyatlarını şərəflə və izzətlə yaşamışlar, bir sözlə, əsl insan kimi yaşamışlar, öz canlarını bəşəriyyətin səadəti uğrunda fəda etmişlər. Həlak olaraq onlar bir çox insanları xilas etmiş və gələcək nəsillərə örnək olaraq qalmışlar.
        Tək XX əsrdə deyil, tarixən xalqlar, millətlər, klanlar və müxtəlif konvensiyalar bir-birilə müharibə etmiş və hansısa cılız dünya istəklərinə nail olmaq, qan tökməyi fəxr bilmişlər və bu əmələ müxtəlif don geyindirmişlər. Ən maraqlısı və ən dəhşətlisi budur ki, qan tökən insanlann hamısı, son olaraq ölür gedir və bir qarış torpağa sahib olurlar, o da ona qismət olsa. Belə çıxır ki, bu qaniçən insanlar, ona görə insanları qırırmışlar ki, son olaraq bir qarış torpaq qazansınlar. Gülməlidir, elə deyilmi?
        Artıq iyirmi ilə yaxındır bizim ölkə Ermənistanla müharibə şəraitində yaşayır. Azərbaycanın 20% torpaqları işğal edilmiş, bir milyondan çox qaçqın, minlərlə şəhid ailəsi vardır və s. Müharibə, demək olar hər bir ailəyə toxunmuş və hər bir eli-obanı acı xatirələrə qərq etmişdir.
        Biz yeni nəsil olaraq, yeni olan XXI əsrə qədəm qoymuşuq. Bizim qarşımızda yeni-yeni yollar açılmışdır. Artıq, biz dünyaya yeni gözlərlə və yeni fikirlərlə baxırıq. Bizim qarşımızda çoxlu problemlər, həll olunmamış məsələlər və Qarabağın qaytarılması durur.
        Bütün bunları etmədən sülhün bərqərarı mümkün deyil. Mən arzu edirəm ki, bizim başıbəlalı torpağımızda güllə səsləri dayansın və işğal olunmuş torpaqlarımızın hamısı qaytarılsın. Mən əminəm ki, ədalət bərqərar olacaq və mənfur müharibə haçansa susacaq.
        Mən arzu edirəm ki, mənim vətənim qüdrətli və zəngin bir dövlətə çevrilsin. Mən istərdim ki, gələcək nəsil dərdsiz-sərsiz ömür sürüb yaşasınlar.
        Mənim bu arzularım çox tezliklə və asanlıqla reallaşa bilər, o şərtlə XXI əsrin gəncləri, bizim Vətənin övladları məmləkətimizin inkişafı və möhkəmlənməsi yolunda əllərindən gələni əsirgəməsinlər. Atalar demişkən: «Güc - birlikdədir». Allah bizə yar olsun.
Top