Yol, əlbəttə ki, iqtisadiyyatın bir qoludur və ilk növbədə sərnişin, yük daşınmalarını, mal mübadiləsini təmin edir. Ancaq uzanan yollar həm də ölkələri birləşdirir, xalqları bir-birinə yaxın edir, mədəniyyətləri qovuşdurur. Şərqlə Qərbi birləşdirən və Azərbaycanın da mühüm rol oynadığı tarixi Ipək Yolu buna misaldır. Çindən başlayıb Orta Asiyadan, Qafqazdan və digər regionlardan keçərək Avropayadək çatan bu yol onun üstündəki ölkələrin əsas məhsullarının şərəfinə «İpək Yolu» adlandırılmışdır. Bununla belə, İpək Yolunun tarixi əhəmiyyəti yalnız yolboyu ölkələrdə ipəkçiliyin və ticarətin inkişafı ilə məhdudlaşmır. Bu yol qədim Çin mədəniyyətinin, orta əsrlər islam intibahının nailiyyətlərinin Avropaya yayılmasında, eləcə də Avropadakı mühüm kəşflərin Asiyaya gəlib çatmasında mühüm rol oynamışdır.
        Böyük İpək Yolunun çox geniş coğrafi ərazini əhatə etdiyini nəzərə alsaq, deyə bilərik ki, bu yol həm də bəşər tarixinin bir hissəsidir. Ölkələr arasında baş verən müharibələr, qarşıdurmalar tarixi İpək Yoluna da təsirsiz ötüşməmişdir. Müxtəlif amillərin təsiri ilə o, zaman-zaman dirçəlmiş, yaxud da tənəzzülə uğramışdır.
        Tarixdə birinci ipək Yolunun bizim eradan əwəl 138-ci ildə yarandığı və 300 il fəaliyyət göstərdiyi ehtimal olunur. Birinci İpək Yolunun Çinin Dunxuan şəhərindən başlanan qanadı Azərbaycanın Dərbənd, Şamaxı, Gəncə kimi şəhərlərindən keçərək Avropaya qədər uzanırdı. Bu yol Azərbaycanda ticarətin və ipəkçiliyin inkişafına güclü təkan vermişdir. Böyük Roma imperiyasının dağılması ilə birinci Ipək Yolunun da fəaliyyətinə son qoyulmuşdur.
        XIII əsrdə Monqol imperiyasının yaranması ilə Ipək Yolu yenidən dirçəlmişdir. Əlverişli coğrafi mövqeyə malik Azərbaycan bu yolun keçdiyi mühüm məntəqələrdən biri idi. İkinci İpək Yolu XV-XVI əsrlərədək mövcud olmuşdur. Dəniz yollarının kəşfi ilə əlaqədar Ipək Yoluna diqqət azalmış və o unudulmuşdur.
        XX əsrin sonlarında dünyada sonuncu sovet imperiyası dağıldıqdan sonra Mərkəzi Asiyada, Cənubi Qafqazda bir sıra müstəqil dövlətlər meydana gəldi, Şərqi Avropa ölkələrinin siyasi mənzərəsi dəyişdi, «Soyuq müharibə» dövrünün bitməsi ilə daha ölkələrin, xalqların yaxınlaşmasını əngəlləyən ideoloji-siyasi amillər yox idi. Digər tərəfdən, şərait «köhnə» və «təzə» dünyanın bir-biri ilə sıx inteqrasiya etməsi zərurətini gündəmə gətirmişdi. Bunun üçün ilk növbədə etibarlı və təhlükəsiz nəqliyyat dəhlizləri yaradılmalı idi. Tarixi Ipək Yolunun canlandırılması ideyası bu müstəvidə çox aktual və cəlbedici görünürdü. 1993-cü ilin mayında Mərkəzi Asiyanın və Cənubi Qafqazın 8 dövlətinin yüksək səviyyəli nümayəndələri Brüsseldə görüşərək İpək Yolunun bərpası ilə bağlı müxtəlif məsələləri müzakirə etdilər. Yeni ideyanın gerçəkləşməsi yolunda Avropa Birliyinin TASİS proqramı çərçivəsində 1993-cü ildə Brüsseldə qəbul olunan «Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi (TRASEKA)» layihəsi mühüm addım oldu.
        Böyük İpək Yolunun canlandırılması ideyasının gerçəkləşməsi üçün fəal iş aparan ölkələrdən biri də Azərbaycandır. ölkəmizin coğrafi mövqeyi elədir ki, o bütün nəqliyyat dəhlizlərinin mərkəzində yerləşir və Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Təsadüfi deyildir ki, tarixi ipək Yolunun bərpası üzrə ilk beynəlxalq konfrans 1998-ci ilin sentyabrında məhz Azərbaycanın paytaxtı Bakıda keçirilmişdir. Dünyanın 32 ölkəsinin, 13 beynəlxalq təşkilatın nüfuzlu nümayəndə heyətlərinin qatıldığı konfransda tarixi Ipək Yolunun bərpası ilə bağlı maraqlı təkliflər səsləndirilmiş, bir sıra vacib sənədlər qəbul olunmuşdur. Hazırda qədim İpək Yolunun bərpası üzrə qəbul olunan TRASEKA layihəsinin reallaşdırılması məqsədilə mühüm tədbirlər həyata keçirilir. Bu nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsində on kilometrlərlə rahat yollar çəkilmişdir.
        Bir cəhəti də qeyd edək ki, bu gün «lpək Yolu» ifadəsi şərti anlamda qəbul olunur. Belə ki, tarixi nəqliyyat dəhlizinə yeni Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti kimi enerji kommunikasiyaları da əlavə edilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolunu isə Şərqdən Qərbə doğru uzanan polad qollar kimi səciyyələndirə bilərik.
        Beləliklə, şübhə yoxdur ki, yeni şəraitdə formalaşan yeni İpək Yolu tarixi missiyasını bərpa edərək Asiya ilə Avropa arasında etibarlı dostluq, qarşılıqlı etimad, inam körpüsü olacaq.
Top