Hər kəs həyata bir dəfə gəlir və hər kəs də Tanrı tərəfindən ona bəxş olunan ömrü müxtəlif cür yaşayır. Rəzil, qorxaq, şəxsi həyatına qapanaraq yaşayan insanlar cəmiyyətdə heç nə ilə fərqlənmirlər və özlərini isə bütün zamanlarda yüksək dəyərləndirmişlər. Yalnız mərd, xalqını və Vətənini böyük məhəbbətlə sevən qartal timsallı insanlar yüksələ bilərlər bu uca zirvəyə. Belə ömür şərəflidir, əbədidir. Həyatda şücaətlər göstərən, Vətən naminə çarpışan qəhrəmanların adı xatirələrdə yaşayır, onların şərəfinə abidələr ucaldılır, əməlləri barədə şeirlər yazılır, mahnılar, dastanlar qoşulur.
        Ana yurdumuz Azərbaycan ta əzəldən qəhrəmanlar diyarı kimi tanınır. Qədim Oğuz elində adət imiş. Ov ovlamayan, düşmən qarşısına çıxıb igidliklər göstərməyən gənc ad ala bilməzmiş, ailədə, nəsildə belə oğula hörmət göstərilməzmiş. Oğuz qızları da yalnız öz sevgililərini sayıb mərdliklərinə əmin olduqdan sonra onlara könül verərlərmiş. Babək, Cavanşir, Koroğlu, Nəbi, Tomris, Həcər, Nigar timsallı mərd oğul və qızlarımız zaman-zaman Azərbaycan adlı məmləkətin qəhrəmanlıq salnaməsini yaratmışlar.
        Xalqımıza, odlar yurdu Azərbaycana xas olan qəhrəmanlıq ənənəsi bu gün də yaşayır. Məgər 1990-cı ilin 20 Yanvar gecəsində mərd oğul və qızlarımızın Vətənin müstəqilliyi uğrunda ayağa qalxmalan, təpədən dırnağadək müasir texnika ilə silahlanmış qoşunların yolu üstündə əliyalın canlı sədd qurmaları əsl qəhrəmanlıq nümunəsi deyilmi? Qarabağ uğrunda müharibədə misilsiz şücaətlər göstərən, ölümləri ilə ölməzlik qazanan şəhidlər məhz bizim dövrün qəhrəmanlarıdırlar. Onların adı nəsildən-nəslə keçərək daim yaşayacaq, ruhları Vətənin göylərində həmişə sərbəst yaşayacaq. Sevimli şairimiz Musa Yaqub Azərbaycanın oğul və qızlarının Vətənə olan sonsuz məhəbbətini aşağıdakı misralarda səmimi şəkildə belə ifadə etmişdir.

Bəlkə də, borcundan çıxmadım,
Vətən Ömür bahar deyil ki, bir də qayıtsın.
Öləndə qoynunda qoy ölüm ki mən,
Çürüyüm, birovuc torpağın artsın...

        Azərbaycanın Milli Qəhrəmanı leytenant Məzahir İzzət oğlu Rüstəmov da Gədəbəyin Şınıx bölgəsində ağır vəziyyət yarananda məhz «Vətən torpağını bir ovuc» artırmaq üçün könüllü surətdə cəbhəyə yola düşmüşdü. Şahidlər söyləyirlər ki, həmin dövrdə Başkənd cəbhənin ən qaynar nöqtəsinə çevrilmişdi. Ermənilərin məqsədi Çənlibel adlanan strateji yüksəkliyi ələ keçirmək idi. Gənc komandir Məzahir Rüstəmovun Şınıx bölgəsinə gəlməsi düşmənlərin məkrli planlarını əməlli-başlı alt-üst etdi. Məzahir Rüstəmov isə əsl vətənpərvər idi, qısa müddətdə əsgərləri arasında böyük nüfuz qazanmışdı, döyüş və kəşfiyyat əməiiyyatlarını əsl hərbçilərə xas peşəkarlıqla hazırlayırdı. Buna görə də onun rəhbərliyi altında gedən döyüşlərdə düşmən bir qayda olaraq ağır itkilərə məruz qalırdı.
        1992-ci ilin avqustunda Mutudərə istiqamətində gedən döyüş isə Məzahir Rüstəmovun son döyüşü oldu. Həmin döyüşdə 32 yaşlı komandirin gözləri həyata əbədilik yumuldu. Lakin bu, adi bir ölüm deyildi. Məzahir həyatdan qəhrəman kimi getdi. Jurnalist-publisist Sabir Hüseynov «Şimşək çaxır dağlarda» kitabında Məzahir Rüstəmovun ölümünü belə təsvir edir: «...Yox, qəhrəmanlar əsir düşmürlər - deyib səngərdən irəli çıxdı. Sinəsinə sıxdığı qumbaraları çıxartdı. Və qəflətən güclü partlayış səsi dağlarda əkssəda verdi. Bu səs-küyün içində «ana» kəlməsi eşidilməz oldu...»
        Gənc leytenant Məzahir Rüstəmovun qəlbində çoxlu arzu, istək var idi. O, qızı Təhminəni qayğısız böyütmək, atası - professor izzət Rüstəmov kimi alim olmaq istəyirdi. Lakin amansız ölüm cəsur komandirin arzularını yarımçıq qırdı. Təsəlli yeri isə...
        İndi ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Məzahir Rüstəmovun vaxtı ilə təhsil aldığı Bakıdakı 32 saylı məktəbin qarşısında büstü ucalır. O, necə də məğrur görünür! Məktəbin şagirdləri tez-tez büstün önünə tər gül dəstələri qoyaraq qəhrəmanın xatirəsini əbədi yaşadacaqlarına və Vətəni onun kimi sevəcəklərinə and içirlər.
Top