Filosoflar cəmiyyəti uzun bir zəncirə, insanları isə bu zəncirin halqalarına bənzətmişlər. Bu bənzətmədən çıxan məntiqi nəticə isə belədir: insanlar bir-biriləri ilə möhkəm tellərlə bağlıdırlar.
        Həyat bu məntiqin nə qədər doğru olduğunu təsdiqləyir. Insan ona verilən ömrü eyni tərzdə yaşamır. Bəzən tale onun üzünə gülür, günləri xoşbəxtlik, firavanlıq içində keçir, bəzən də çətinliyə düşür, sərt sınaqlarla üzləşir, bədbəxtliklərə düçar olur. Lakin fərqi yoxdur, istər həyatını enişi olsun, istərsə də yoxuşu, insan bütün məqamlarda öz yanında ailə üzvlərini, dostlarını, yaxınlarını görmək istəyir. Daim başqaları ilə ünsiyyətə girmək, başqalarının köməyinə çatmaq, kiminləsə sevincini, kədərini bölüşmək insanın təbiətindən irəli gələn bir xüsusiyyətdir. Başqa sözlə desək, insanın insanla əlaqəsinə mənəvi ehtiyacı, daxili tələbatı var və bunsuz insanın normal yaşamasını təsəwür etmək mümkün deyildir.
        Məşhur ingilis yazıçısı Daniel Defonun sevə-sevə mütaliə etdiyimiz «Robinzon Kruzo» əsərini yada salaq. Əsərin qəhrəmaru Robinzon Kruzonun cəmiyyətdən kənarda, cəngəllikdə keçən məşəqqətli həyatının timsalında «lnsan tənha yaşaya bilərmi?» sualına cavab tapmaq mümkündür. On beş il cəngəllikdə tək qalan Robinzon Kruzo maddi cəhətdən öz yaşayışını təmin edə bilsə də, yanında insan nəfəsini hiss etmək, hisslərini kiminləsə bölüşmək istəyi bir an da olsun onu tərk etmir. Nəhayət, Cümə adlı insanla rastlaşanda R.Kruzonun həyatı dəyişir, onda inam, çətinliklərə qarşı mübarizə əzmi artır, özünü daha güclü hiss edir. Cümə isə həqiqətən də Robinzon Kruzoya dayaq durur, onu bir çox təhlükələrdən qoruyur. Cəngəllikdən qurtulub İngiltərəyə qayıdan Robinzon Kruzo Cümə haqqında «Çətin günün daimi və yaxşı dostu» kimi danışır.
        Nə qədər belə oxşar misallar çəkə bilərik. «Tək əldən səs çıxmaz», «Güc birlikdədir», «EI gücü, sel gücü» kimi zərb-məsəllər xalqımızın insanın insana arxa, kömək olması barədə düşüncələrinin ifadəsidir. Qədim bir rəvayətdə deyilir ki, dünyagörmüş müdrik ata öz övladları arasında yaranan ixtilafları, çəkişmələri aradan qaldırmaqdan ötrü onlara həyat dərsi keçir. O, əvvəlcə övladlarına tək-tək nar çubuqları verir. Ovladlar nar çubuqlarını asanlıqla sındırırlar. Sonra ata yeddi nar çubuğunu bir yerə bağlayaraq sındırmaq üçün övladlarına verir. Bu dəfə nar çubuqlarının dəstəsini sındırmağa qardaşların heç birinin gücü çatmır. Çünki yeddi çubuq bir yerdə daha möhkəmdir. Insan cəmiyyəti də belədir - dost dostdan, qardaşqardaşdan, bir sözlə, insan insandan güc, qüvvət alır. Müdrik atanın bu ibrətamiz dərsindən sonra qardaşlar aralarındakı ədavətə son qoyaraq birləşirlər.
        Bir-birilərinə arxa olan insanlar dağları yarmağa, təbiətin şıltaqlıqlarını ram etməyə qadirdirlər. Azərbaycan neftçiləri 1949-cu ildə sahildən 42 kilometr aralıda açıq dənizdə dəmir estakadaların üzərində «Neft Daşları» adlanan şəhərcik salmışlar. Bu əfsanəvi şəhərciyin araya-ərsəyə gəlməsində neftçilər, mühəndislər, geoloqlar, digər peşə sahibləri fədakarlıqla çiyin-çiyinə çalışmışlar. Şahə qalxan dalğalar, soyuq, külək nə qədər güclü olsa da, insanların birliyi üstün gəlmişdir.
        «Neft Daşları» istifadəyə veriləndən cəmi bir neçə il əvvəl isə insanların birliyini təxminən beş il davam edən İkinci Dünya müharibəsi sınağa çəkmişdi. Yoxsulluq, aclıq, kəndlərin, şəhərlərin dağıdılması, yanğınlar, cəbhədən gələn ölüm-itim xəbərləri... Müharibə illərinin acı mənzərəsini bu kimi sözlərlə ifadə etmək mümkündür. Lakin müharibənin gətirdiyi mərhumiyyətlər nə qədər ağır olsa da, insanlar sıx birləşdilər. Məgər döyüşçülərin müharibənin od-alovundan keçərək bərkiyən dostluğunu başqa nə ilə isə müqayisə etmək mümkündürmü? Bu və ya digər səbəblərdən arxada qalan insanlar isə cəbhəyə daha çox neft, silahsursat, ərzaq göndərmək üçün gecə-gündüz çalışır, könüllü surətdə isti paltar, əlcək, corab toxuyur, zinət əşyaları tədarük edirdilər. Sevimli şairimiz Süleyman Rüstəmin «Ana və poçtalyon» şeirində müharibə illərində arxa cəbhənin insanlarının mehribanlığı, başqasının dərdini özlərininki sanmaları kimi nəcib duyğuları təsvir olunur. Cəbhədəki oğlundan xəbər gözləyən anaya məktub gətirməyən poçtalyon onun halına yanır, günahkar olmasa da, ananın qarşısında özünü suçlu sanır... Beləliklə, insanların birliyi Ikinci Dünya müharibəsinin qələbə ilə başa çatmasını təmin etdi.
        Ötən əsrin doxsanıncı illərinin əvvəllərində on minlərlə soydaşımız qonşu Ermənistandakı, Dağlıq Qarabağdakı ata-baba yurdlarından qovuldu. Həmin çətin günlərdə respublikamızın şəhər və kəndlərində insanlar dara düşən, ev-eşiklərini itirən soydaşlarımıza yardım əli uzatdılar, onlara öz həyatlarını yenidən qurmaqda hər cür dəstək verdilər.
        Göründüyü kimi, bütün zamanlarda insanlar müxtəlif cür sınaqlarla üzləşmişlər. Ancaq insanın yanında insan varsa, o güclü və yenilməzdir. Buna görə də insan bütün zamanlarda bütün sınaqlardan qalib çıxmışdır.
Top