Yaşadığımız dünya, bizi əhatə edən maddi aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir. Bu ətraf aləm təbiət adlanır. Əslində biz özümüz də bu təbiətin bir zərrəsiyik, onun tərkib hissəsiyik. Təbiət bizim hamımızın anasıdır.
        Bizim yaşadığımız dünya çox gözəldir. O həm də əsrarəngız və maraqlıdır. Biz zəngin və füsunkar bitkilər aləminin, vəhşı heyvanlardan tutmuş ən xırda həşəratlara qədər saysız-hesabsız canlıların əhatəsindəyik. Əslində Yer kürəsi adlandırdığımız planetin məzmunu da elə ən şüurlu və ən ali varlıqlar olan biz insanlarla bizi əhatə edən təbiətin harmoniyasındadır. Dünyamızın sabahı, gələcəyi bu vəhdətdən və bu vəhdətin əzəli və əbədi tarazlığından asılıdır. Bu harmoniyanın, bu tarazlığın pozulması dünyanı fəlakətə sürükləyə bilər, bütün bəşəriyyəti, dünyanı məhv edə bilər. Ona görə də bu insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin bitki örtüyünü - onun florasını və canlılar aləmini - onun faunasını qorumalıyıq.
        Biz təbiətin kiçik bir parçasıyıq. Bizim yaşayışımız da, sağlamlığımız da onunla bağlıdır.
        Təbiətin ayrılmaz hissələrindən biri meşələrdir. Almanlar meşələrə çox mənalı və müasir səslənən bir ad veriblər: «Yaşıl ciyər». Yaşıllıq insana çörək qədər lazımdır. Həm də çörəksiz yalnız insan məhv olduğu halda, yaşıllıqsız, meşələrsiz təkcə insanlar deyil, başqa canlılar da yaşaya bilməz. Meşələr bizim sərvətimiz, var-dövlətimizdir. Meşələr bizim məişətimizin bir hissəsidir. Yaşıllıq əhatəsində insanı işıqlı fikirlər öz ağuşuna alır, xoş əhvali-ruhiyyə, qurub-yaratmaq eşqi güclənir. Məlum həqiqətdir ki, meşələri - Yer kürəsinin bu yaşıl kəmərini bircə an təsəvvür etməsək demək, bəşər də yoxdur.
        Təəssüflə qeyd etməliyik ki, son zamanlar təbii qazın azlığı, tikinti və kənd təsərrüfatı işləri, eləcə də baxımsızlıq meşələri çox sıxışdırır. Yaşıllığa, meşələrə qarşı ölçüsüz-biçisiz hücum insana qarşı yönəlmiş ən ağır müharibədir. insan ağlı, insan zəkası bu «müharibəni» dəf etməyə qadirdır və biz təbiətin nizamını pozan, onun qədrini bilməyən, korlayan adamlara qarşı mübarizə aparmalı, təbiətimizi və onun gözəlliyini mühafızə etməliyik.
        Son illərdə respublikamızda təbiətin qorunması və mühafizəsi məsələsinə çox böyük diqqət yetirilir. Hətta şairlərimiz də öz şeirləri ilə bu gözəl təşəbbüsə qoşulmuşlar. Mən də öz inşamı lirika ustası, böyük şairimiz Hüseyn Arifin aşağıdakı misraları ilə yekunlaşdırmaq istəyirəm:

 
Hər vaxt təbiəti gətirək yada,
O, bizi duyğusuz, ruhsuz sanmasın.
Yollar uzansa da, yollar artsa da,
Meşələr pozulub yaralanmasın.
Top