Cənubi Azərbaycan yazıçısı Səməd Behrəngi əsərlərində xalqımızın azadlıq, birlik arzularını əks etdirmiş, insanları zülmə, istibdada qarşı mübarizə aparmağa çağırmışdır. Bu cəhətdən ədibin «Balaca Qara Balıq» hekayəsi də xarakterikdir.
        Alleqorik əsər olan «Balaca Qara Balıq» hekayəsində müəllif öz azadlıq arzularını balaca balığın dili ilə ifadə edir. Balaca Qara Balığın dünyaya göz açdığı mühit Səməd Behrənginin yaşadığı cəmiyyətin oxşarıdır. Burada cəhalət hökm sürür. Ətrafdakı balıqlar heç nə ilə maraqlanmır, yeknəsək həyat yaşayırlar. Onların düşüncəsinə görə həyat yalnız yeməkdən, yatmaqdan, arxda mənasız vaxt keçirməkdən ibarətdir.
        Lakin gəncliyin təmsilçisi olan Balaca Qara Balıq belə həyat tərzi ilə barışmır. O, arxdan çıxmaq, böyük dünyaya qovuşmaq istəyir. Ətrafdakı mühafizəkar balıqlar isə onun bu istəyini əsla anlamır və bir ağızdan deyirlər: - Başqa dünya yoxdur! Dünya elə gördüyün bu dünyadan ibarətdir.
        Balaca Qara Balıq nə anasının yalvarışlarına, nə də qonşularının tənələrinə məhəl qoymayaraq, ətalət mühitini tərk etməyə özündə cəsarət tapır. Onun bu hərəkəti digər balaca balıqları da cəsarətləndirir. Onlar Balaca Qara Balığın arxasınca deyirlər: «Sən bizi qəflət yuxusundan oyatdın».
        Genişliyə, yeni dünyaya doğru gedən yolda Balaca Qara Balıq çox çətinliklərlə üzləşir. Yolda onun qarşısını müxtəlif qüvvələr kəsmək istəyir. Şaqqa balıq, balıqudan buna nümunədir. Şaqqa balıq kiçik balıqların arasına ədavət salır, onların qüvvələrini parçalayır və sonra da asanlıqla «qurt» eləyib udur. Balıqudan da balaca balıqların qənimidir. Lakin bu və ya digər xeyir qüvvələr Balaca Qara Balığa həmişə kömək olurlar. O, çətinliklərdən qurtularaq irəliyə doğru yolunu davam etdirir və nəhayət, gədib dənizə çıxır. Bu, onun arzuladığı geniş, azad dünyadır.
        Yazıçı əsəri nikbin sonluqla tamamlamaqla gəncliyin yenilməz qüvvə olduğunu nəzərə çarpdırmaq istəmişdir. Gənclər təcrübəsiz olsalar da, daim axtarışdadırlar, heç bir vəchlə köhnəliklə barışmırlar. Əsərdə Balaca Qara Balığın gəlib çatdığı genişlik gəncliyin arzuladığı yeni, azad həyatın rəmzidir.
Top