Xalqımızın möhtəşəm söz abidəsi olan «Kitabi-Dədə Qorqud» dastanını ilk növbədə qəhrəmanlıq eposu kimi səciyyələndirmək mümkündür. Dastanda vətənpərvərlik, el-oba, yurd, ailə təəssübkeşliyi, mərdlik, əyilməzlik kimi motivlər geniş yer tutur. Dastandakı boylarda ayrıayn oğuz igidlərinin qəhrəmanlığından, döyüş meydanlarında düşmənlərə qarşı göstərdikləri şücaətlərdən, üzləşdikləri çətinliklərə mərdliklə sinə gərmələrindən bəhs olunur, Oğuz elində belə bir möhkəm qayda-qanun var: Qılınc tutmayan, at oynatmayan, ov ovlamayan, düşmənə bilək göstərməyən gəncə ad verilmir, hörmət göstərilmir. Dastandan bəlli olur ki, Oğuz elinin qadınları da mərd və mübarizdirlər. Təmiz mənəviyyatı, əxlaqı, namusu, gözəlliyi ilə seçilən oğuz qadınları həm də yeri gələndə silaha qurşanıb döyüş meydanına atılır, çətin anlarda oğuz bəylərinə arxa dururlar. Gənc qızlar sevgililərini sınamayınca, qəhrəmanlıqlarına əmin olmayınca onlara könül vermirlər.
Dastanın ən maraqlı boylarından olan «Salur Qazanın evinin yağmalanması» boyunda da Oğuz elinin igidlərinin mərdliyi, düşmənlə mübarizədə göstərdikləri qəhrəmanlıqlar tərənnüm edilmişdir. Boyun əsas qəhrəmanı Salur Qazan Oğuz elinin sərkərdəsidir. O, mərdliyi və igidliyi ilə özünə böyük hörmət, şan-şöhrət qazanmışdır. Oğuz elini xarici düşmənlərdən qorumaq vəzifəsi onun üzərinə düşür. igidlər çətinliklə üzləşəndə xəbər göndərib onu köməyə çağırırlar: «Qazan bəy mənə yetsin. Degil, gəlməz olsan, məmləkət pozulub xarab olur, qızım, gəlinim əsir gedir». Salur Qazanın bir sərkərdə kimi mərdliyi, cəsarəti sayəsində Oğuz eli həmişə salamat qalır, düşmənlər bura bata bilmirlər. Qazan xan düşmənə münasibətdə də mərdliklə hərəkət edir. O, qaçanı qovmur, aman diləyəni öldürmür.
«Salur Qazanın evinin yağmalanması» boyunda düşmən Şöklü Məlik Qazan xanın ova getməsi xəbərini eşidib yeddi min nəfərlə onun yurduna hücum çəkir, ev-eşiyini dağıdır, anasını, oğlu Uruzu və xanımı Burla xatunu əsir aparır. Şöklü Məlik Qazan xandan dəhşətli qisas almaq fikrinə düşür. O, Burla xatunu məclisə gətizdirib şərab paylatdırmaq istəyir.
Qara yuxu görən Qazan xan ovu yarımçıq qoyub geri qayıdır. Düşmənin məkrli hərəkətlərindən xəbər tutan Qazan xan dərhal döyüş meydanına can atır, qisas hissi ilə alışıb yanır. O, Qaraca çobanla birlikdə düşmən üzərinə gedir.
«Salur Qazanın evinin yağmalanması» boyunda digər oğuz igidlərinin də qəhrəmanlığının şahidi oluruq. Oğuz igidləri öz sərkərdələrini döyüş meydanında tək qoymurlar. Onlar özlərini Qazan xanın köməyinə çatdıraraq Şöklü Məliyin dəstəsinə qarşı mərdliklə vuruşurlar. Oğuzlar birlikdə düşmən üzərində qalib gəlirlər, Qazan xanın ailəsi xilas olunur.
Boyun digər qəhrəmanı Uruz cəsur, yenilməz oğuz gənclərinin ümumiləşdirilmiş obrazıdır. O, yurdun, ailənin təəssübünü çəkir, arnamusunu yüksək tutur. Uruz atasının, el-obasının namusu tapdanmasın deyə, ölümün gözünə dik baxmağa, canından belə keçməyə hazırdır.
Boyda təsvir olunan Qaraca Çoban da ilk növbədə cəsurluğu, qorxmazlığı ilə yadda qalır. Sadə xalqın təmsilçisi olan Qaraca Çoban Qazan xanın Dərbənddəki qoyun sürülərini otarır. O, hücuma məruz qalanda qeyri-bərabər döyüşə girərək misilsiz şücaət göstərir, düşməni darmadağın edir və Qazan xanın qapısından kafirlərlə bir dənə də olsun «semiz qoyun, anq toğlu» vermir. Qaraca Çoban bununla kifayətlənmir. O təkidlə Qazan xana qoşularaq düşmənlərdən qardaşının qisasını almağa gedir.
Mərdlik, qorxmazlıq kimi keyfiyyətlər boyda təsvir olunan Burla xatun və digər oğuz qadınları üçün də xarakterik keyfiyyətlərdir. Oğlu Uruzun tikətikə doğranaraq ətinin ona yedizdiriləcəyi xəbəri nə qədər ağır olsa da, Burla xatun bunu mərdliklə qarşılayır, özünü nişan vermir, ərinin, oğuz elinin şərəfini oğul dağından yüksək tutur.
Beləliklə, «Salur Qazanın evinin yağmalanması» boyundakı həm kişi, həm də qadın surətlərinin timsalında oğuzlara xas olan mərdlik, igidlik, qorxmazlıq kimi keyfiyyətlər bütün cəhətləri ilə üzə çıxır. Boydan hasil olan nəticə belədir. Oğuzlar dünyaya igidliklər göstərmək üçün gəlmişlər. Onlar üçün şərəf, ləyaqət, mərdlik, ar-namus ən uca mənəvi dəyərlərdir.