Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin yaradıcılığında vətənpərvərlik və azadlıq mühüm yer tutur. Şairin poeziyası tariximizi unutdurmağa çalışanlara qarşı mübarizə poeziyasıdır. O, mübariz ruhlu şeirləri ilə alovlu bir natiq kimi xalqı yad təsirlərə uymamağa, milli və mənəvi dəyərləri qoruyub yaşatmağa çağırır. B.Vahabzadə həmçinin, ana dili mövzusunda çoxlu şeirlər yazmışdır. Şairin bu qəbildən olan əsərlərindən biri də «Latın dili» şeiridir. B.Vahabzadə «Latın dili» şeirini yüksək vətəndaşlıq mövqeyi ilə qələmə almışdır. Əsəri oxuyanda şairin ana dilinin dərin təəssübkeşi olduğu aydın hiss olunur. Ana dilini böyük məhəbbətlə sevən şair ona son dərəcə həssaslıqla yanaşır, dili yaşatmağı hər kəsin qeyrət məsələsi, vətəndaşlıq borcu kimi səciyyələndirir. Vətəndaş şairin qənaətinə görə, dil xalqın mövcudluğunu təsdiqləyən çox mühüm bir amildir.
        Burada ortaya belə bir sual çıxır. Nə idi şairin narahatlığına səbəb? Bu suala cavab vermək üçün B.Vahabzadənin «Latın dili» şeirini qələmə aldığı dövrün ictimai-siyasi şəraitinə nəzər salmaq gərəkdir. Müəllif bu şeiri 1967- ci ildə yazmışdır. Məlumdur ki, həmin vaxtlarda keçmiş SSRİ-nin tərkibinə daxil olan respublikalarda, o cümlədən də Azərbaycanda milli dillərin işlədilməsi dairəsi məhdudlaşdırılırdı. Ana laylası tək şirin Azərbaycan dilinin başı üstünü qara buludlar alması, təbii ki, qaynar təbiətli, vətənpərvər ruhlu şairi narahat etməyə bilməzdi. «Latın dili» şeiri əslində B.Vahabzadənin doğma dilin taleyi ilə bağlı bir həyəcan təbili idi. O, bu şeiri yazmaqla cəmiyyəti silkələyir, gəncləri öz dillərinin təəssübünü çəkməyə, onu yaşatmağa çağırırdı.
        Müəllif öz düşüncələrini, həyəcanlı hisslərini nəzərə çarpdırmaq üçün müxtəlif taleli dilləri müqayisə edir. Təzada bir baxın: Dil var ki, millət ölsə də, yaşayır. Bu, Latın dilidir.

 
Hər sözündə dünya boyda yük daşıyır,
Latın dili!
Millət ölüb, dil yaşayır.
«Ana» deyən, «torpaq» deyən,
«Vətən» deyən yox bu dildə.
Ancaq yenə yaşar bu dil.

        Şair bu dili «döyüşlərdə zəfər çalıb ölən ərə» bənzədir. Digər tərəfdə isə başqa mənzərə hökm sürür. Dünyada elə millətlər var ki, onlar öz dillərində danışa bilmirlər.
        - Mən azadam, mən xoşbəxtəm, - Deyir natiq yad dilində.
        Şair milləti olmayıb özü yaşayan Latın dilini alqışlayır, ancaq dilini qoraya bilməyən millətin halına acıyır. Müəllifin qənaətinə görə, «dili kasıb komalarda dustaq edilən» millətin müstəqilliyi, xoşbəxtliyi də tam deyildir. Şair sual edir:

«Mən azadam, müstəqiləm» sözlərini
Öz dilində deməyə də
ixtiyarın yoxsa əgər,
De kim sənə azad deyər?..

        B.Vahabzadə dilin yaşamasını onun işlədilməsində görür. Dil yüksək tribunalardan səslənmirsə, deməli, onu acı aqibət gözləyir, gec-tez tarix səhnəsindən çıxacaqdır.
        Bu müqayisədən sonra şair oxucuya ritorik sual verir: «Hansı dilə ölü deyək?». Sualın cavabında şairin oxucunu düşündürərək, ona aşılamaq istədiyi ideya belədir: «Vətən varkən, millət varkən, kiçik, yoxsul komalarda dustaq olan bir dil» ölüdür. Çünki o, insanlara xidmət göstərmir. Əksinə «xalqı ölən, özü qalan bir dil» canlıdır. Dildən istifadə olunursa, deməli, o yaşayır. Müəllifin qənaəti ibrətamizdir və cəmiyyət, dilin daşıyıcıları üçün bir çağırışdır. Hər kəs ana dilini yaşatmaq qayğısına qalmalıdır.
        Əsərdə müəllif ana dili haqqında düşüncələrini, hiss və həyəcanlarını, əsasən bədii suallar vasitəsilə çatdırmağa çalışmışdır. Şair bədii təsvir vasitələrinin bu növünü təsadüfən seçməmişdir. Bədii sual vətənpərvər, təəssübkeş şairin narahatlığını, oxucuya aşılamaq istədiyi ideyanı ifadə etmək üçün yaxşı vasitədir və şeirin ruhuna tam uyğun gəlir. Bədii suallar oxucunu düşündürür və onu düzgün nəticə çıxarmağa, ilk növbədə də onu ana dilini qorumağa və yaşatmağa istiqamətləndirir.
        Bu gün məmnunluqla deyə bilərik ki, sevimli şairimiz B.Vahabzadənin ana dilinin taleyi ilə bağlı narahatlığına səbəb olan amillər aradan qaldırılmışdır. Belə ki, ana dilimiz müstəqil Azərbaycan Respublikasının rəsmi dövlət dilidir. Dövlət idarələrində yazışmalar bu dildə aparılır, dilimiz ən yüksək tribunalardan səslənir. Bu isə hər birimizin qəlbini sevinc və iftixar hissi ilə doldurur, eyni zamanda bizim ana dilinə münasibətdə məsuliyyətimizi daha da artırır.
Top