Xalqımızın möhtəşəm söz abidəsi olan «Kitabi-Dədə Qorqud» dastanında Oğuz türklərinin İslama qədərki və İslam dininin qəbul edildiyi ilk dövrlərdəki həyatı, məişəti, adət-ənənələri, Vətənini qorumaq uğrunda apardıqları mübarizələr təsvir edilmişdir. Dastanda göstərilən yer adları (Əlincə qalası, Gəncə, Göyçə, Bərdə, Şərur, Dərbənd və s.), işlədilən ayrıayn ifadələr, həmçinin təsvir olunan məişət səhnələri və adət-ənənələr bu söz incisinin məhz indiki Azərbaycan ərazisində yarandığını təsdiqləyir.
Eposun məzmununa əsasən onun I minilliyin ikinci yarısında formalaşdığı ehtimal olunur. Dastan I minilliyin sonunda və II minilliyin əvvəllərində Azərbaycanda, eləcə də Türkiyənin bəzi ərazilərində şifahi şəkildə geniş yayılmışdı. Onu ozanlar el şənliklərində söyləyirdilər. II minilliyin birinci yarısında tarixçilər xalq arasında çox sevilən bu dastanı yazıya almışlar.
Oğuz türklərinin bu möhtəşəm söz abidəsi barədə ilk məlumatı XIX əsrin əwəllərində alman alimi Fridrix fon Dits vermişdir. Hazırda elm aləminə eposun iki əlyazması məlumdur. Onlardan biri və daha mükəmməli Almaniyanın Drezden muzeyində saxlanılır. Bu nüsxə müqəddimədən və on iki boydan ibarətdir. Eposun Vatikan muzeyində saxlanılan digər əlyazmasında isə müqəddimə və altı boy vardır. Dastanın Vatikan əlyazmasındakı müqəddimə və boylar Drezden nüsxəsinin müvafiq hissələri ilə oxşarlıq təşkil edir ki, bu da onların hər ikisinin eyni mənbədən köçürüldüyünü söyləməyə əsas verir.
Eposun yaradıcısı Dədə Qorquddur. Dastanın boyları onun dilindən söylənilir və onun xeyir-duası ilə bitir. Əsərin müqəddiməsində Dədə Qorqudun Bayat boyundan çıxdığı və sonuncu Peyğəmbərin (s.) dövründə yaşadığı bildirilir. Dədə Qorqud yalnız söz yaradıcısı deyil, o həm də müdrik insan, Oğuz elinin ağsaqqalı, mənəvi atasıdır. Dədə Qorqud həm söz söyləyir, boy boylayır, həm də el ağsaqqalı kimi işi çətinə düşənə yol göstərir, igidlərə ad verir, elçi gedir, toy-düyünlər keçirir. Dədə Qorqudun özü kimi əlindəkı qopuzu da müqəddəsdir. Oğuz igidləri düşmənin əlində qopuz gördükdə Dədə Qorqudun xatirinə onu bağışlayırlar.
«Kitabi-Dədə Qorqud» qəhrəmanlıq dastanıdır. Burada qəhrəmanlıq motivləri xüsusi yer tutur. Dastanın boylarının çoxunda oğuz igidlərinin düşmənlərə qarşı mübarizədə göstərdikləri şücaətlərdən bəhs olunur. Oğuz igidləri Vətən, ailə təəssübü çəkirlər. Onlar yurd, qeyrət, ar-namus uğrunda canlarından belə keçməyə hazırdırlar. Dastanda təsvir olunan qadın surətləri də qəhrəmanlıqlar göstərirlər. Onlar təmiz əxlaqa, yüksək mənəvi keyfiyyətlərə malik olduqları kimi, həm də oğuz igidlərinə arxadırlar, lazım gəldikdə döyüş meydanında atılaraq düşmənə aman vermirlər. Oğuz qızları əvvəlcə sevgililəri ilə bərabər at çapırlar və yalnız igidliklərinə əmin olduqdan sonra onlara könül verib ülfət bağlayırlar.
Dastanda Oğuz elinin başçısı kimi Bayandır xan göstərilir. Bayandır xan özü hadisələrdə iştirak etmir, yalnız adı çəkilir. Lakin boylarda xan haqqında söylənilən fikirlərdən məlum olur ki, o, müdrik hökmdardır, Oğuz elini möhkəm qayda-qanunlarla idarə edir. Oğuz elinin sərkərdəsi isə bəylər bəyi Qazan xandır. Onun ətrafinda Bamsı Beyrək, Uruz, Qanturalı, Basat, Dəli Dondar, Sekrək kimi oğuz igidləri vardır.
«Kitabi-Dədə Qorqud» dastanı oğuzların məişəti, adət-ənənələri, dünyagörüşləri, inancları barədə də dolğun təsəwür yaradır. Oğuz elində qadına yüksək hörmət bəslənilir, ana haqqı Tanrı haqqına bərabər sayılır. Oğuzların təfəkküründə Ulu Yaradana inam mühüm yer tutur. Onlar çətinliklərlə üzləşdikdə Tanrıya tapınaraq ondan kömək istəyir və onun köməyi sayəsində çətinliklərdən qurtulurlar.
Tariximizin bədii ifadəsi olan «Kitabi-Dədə Qorqud» dastanı bənzərsiz söz abidəsidir. Dastanda bədii ifadə vasitələrindən geniş istifadə olunub.