Görkəmli söz ustadı, mütəfəkkir şair Nizami Gəncəvi Azərbaycan ədəbiyyatının dünya şöhrətli simalarındandır. Şair zəngin yaradıcılığı ilə Yaxın və Orta Şərq ədəbiyyatında yeni bir ədəbi məktəbin əsasını qoymuşdur.
N.Gəncəvi bədii yaradıcılığa lirik şeirlərlə başlasa da, ilk növbədə poemaları sayəsində dünya şöhrəti qazanmışdır. Şairin qələmindən «Xəmsə» adlı topluda birləşən beş ölməz poema çıxmışdır. «Xosrov və Şirin» poeması «Xəmsə»yə daxil olan ikinci əsərdir.
N.Gəncəvi «Xosrov və Şirin» poemasını Atabəylər dövlətinin görkəmli nümayəndəsi Məhəmməd Cahan Pəhləvanın xahişi ilə qələmə almışdır. Əsərin mövzusu Sasani hökmdarı Xosrov Pərvizlə Azərbaycan gözəli Şirinin arasında yaşanan eşq macərasından götürülmüşdür. Poema saf məhəbbətin tərənnümünə həsr olunmuşdur. Şair eşqin ecazkar gücünü, insanın həyatında, mənəvi-əxlaqi təkəmmülündə böyük rol oynadığını incə boyalarla əks etdirmişdir. Əsəri oxuyanda belə bir ideya hasil olur ki, həyatda hər şey eşqə bağlıdır. Məhəbbətsiz ömür sürməyin mənası yoxdur. Təmiz eşq insanı saflaşdırır, onu yaşamağa, hünərlər göstərməyə ruhlandırır. Bundan başqa, müəllif əsərdə məmləkətin ədalətlə idarə olunması, qadın azadlığı kimi dövrü üçün çox mühüm əhəmiyyət daşıyan məsələləri də qabartmışdır.
Poemanın əsas qəhrəmanı Xosrov Pərvizdir. Şair onun həyatını əvvəldən axıradək təsvir edir. Xosrov Iran hökmdarı Hörmüzün nəzirniyazla dünyaya gələn yeganə övladıdır. Xosrov hələ uşaq ikən öz zahiri gözəlliyi, şirin danışığı ilə hamını heyran qoyur. O, sarayda yaxşı təhsil alır, bir sıra elmləri öyrənir, eyni zamanda igidliyi və bacarığı ilə fərqlənir.
Lakin saray mühiti Xosrovun xarakterinə təsirsiz də ötüşməmişdir. Belə ki, ərköyün və şıltaq böyüyən Xosrov həyatda tez-tez səhvlərə yol verir, atası ədalətli hökmdar Hörmüzün qoyduğu qanunları pozur, vaxtını əyləncələrdə, eyş-işrət məclislərində keçirməyi xoşlayır. Xosrovun iradəsi zəifdir, çətinliyə düşən kimi Vətəni qoyub qaçır. Onun xarakterindəki naqis cəhətlər Şirinə münasibətdə daha qabarıq şəkildə təzahür edir. O, Şirinin təmiz məhəbbətini layiqincə qiymətləndirə bilmir, ona əyləncə kimi baxır. Əwəlcə Rum hökmdarının qızı Məryəmlə, sonra isə isfahan gözəli Şəkərlə evlənir. Xosrov Şirini sevsə də öz məhəbbəti uğrunda çarpışmalara hazır deyil. O, Şirinə saf hisslər bəsləyən Fərhada ağıl və güclə qalib gəlmək barədə düşünmür, əksinə onu xəyanətlə aradan götürür.
Ancaq Xosrov axıradək belə qalmır. Müəllif əsər boyu onun xarakterindəki mənfi cəhətləri islah edir. Xosrov bir tərəfdən Şirinə olan məhəbbətinin, digər tərəfdən də Şirinin ağıllı məsləhətlərinin təsiri altında mənəvi-əxlaqi cəhətdən təkamül yolu keçir və əsərin sonunda müsbət bir obraza çevirir. Bu cəhətdən onun ölüm səhnəsi çox təsirlidir. Bir vaxtlar eşqinə sadiq, şərəf və ləyaqəti hər şeydən uca tutan Şirin kimi gözəli özünə kəniz saxlamaq istəyən Xosrov, ölüm ayağında susuzluqdan yansa da, Şirini yuxudan oyatmağa belə qıymır.
Əsərdə müəllif Xosrova qarşı Fərhad surətini qoymuşdur. Şair onu dağ gövdəli bir gənc, külüngü ilə möcüzələr yaratmağa qadir olan mahir bir memar kimi təsvir edir. Xosrov öz məhəbbətində aciz və qeyri-ciddi olduğu halda, Fərhad eşqinə axıradək sadiq qalır. Bu yolda hər bir çətinliyə dözməyi, əzablara qatlaşmağı şərəf sanır, ölümdən belə çəkinmir. Çində Şapurla birlikdə sənətkarlığın sirlərinə yiyələnən Fərhad ilk tanışlıqdan Şirinə vurulur və bu eşq onun həyatının mənasına çevrilir. O, bu məhəbbətin təsiri ilə Şirinin sarayına gözəl bir süd arxı çəkir. Fərhadın Şirinə olan məhəbbətinin sorağı tezliklə Xosrova da çatır. Xosrov Fərhadı qızılla ələ alıb onu bu yoldan döndərmək istəyir. Lakin Fərhad saf məhəbbətini dünya malına dəyişmir. Belə olan halda Xosrov onu sözlə susdurmaq istəyir. Lakın Fərhad Xosrovun tənəli suallarına qürurla cavab verir və Şirinə olan məhəbbətindən heç vaxt dönməyəcəyini bildirir. Nəhayət, Xosrov Fərhadın qarşısında ağır bir şərt qoyur - ona Bisütun dağını yarmağı tapşırır. Xosrov düşünür ki, bu şərti həyata keçirmək qeyrimümkündür. Buna görə də Fərhada söz verir ki, Bisütun dağını yaracağı təqdirdə onun arzusuna çatmasına kömək göstərəcək. Fərhad işə başlayır. Məhəbbəti onun qoluna güc verir, inamını artırır. Gecə-gündüz Şirinin eşqi ilə yaşayan Fərhad Bisütun dağını yarır, iş sona yetmək üzrədir. Bunu görən Xosrov dəhşətli xəyanətə əl atır - onun göstərişi ilə Fərhada Şirinin ölümü barədə xəbər çatdırılır. Bu yalana inanan təmiz qəlbli Fərhadın ürəyi partlayıb ölür.
Fərhad əsərdə nisbətən az görünsə də, oxucunun yaddaşında həmişəlik iz qoyur. Buna səbəb onun təmiz mənəviyyatı, ağıllı, ləyaqətli və qürurlu bir gənc olmasıdır. Şair əməkçi insanların arasından seçdiyi bu gənci xüsusi rəğbətlə təsvir etmişdir. Təsadüfi deyildir ki, Fərhad adi sevən və öz sevgiləri uğrunda hər cür hünərlər göstərməyə hazır olan gənclərin rəmzinə çevrilmişdir.