Azərbaycan şifahi xalq ədəbiyyatında qəhrəmanlıq dastanlarının xüsusi yeri var. Sevə-sevə mütaliə etdiyimiz və dinlədiyimiz «Koroğlu» dastanı da tarixi-qəhrəmanlıq mövzusundadır. Məlumdur ki, XVI əsrin sonlarında və XVII əsrin əvvəllərində Azərbaycanda və Türkiyədə tarixə Cəlalilər üsyanı kimi düşən kəndli hərəkatı baş vermişdir. «Koroğlu» dastanı bu üsyanda baş verən hadisələrin bədii inikasıdır. O dövrdə əllərində hər cür səlahiyyət olan hakimlər, paşalar rəiyyətlə çox amansız davranır, onların əkib-becərdikləri məhsulu talayır, özlərini ehtiyac içində yaşamağa məcbur edirdilər. Dastan yaradıcıları eposda daha bu istibdada baş əymək istəməyən xalqın qəhrəmanlıq əzmini, zülmkar xanlara, paşalara, bəylərə qarşı apardığı mübarizəni bədii lövhələrdə canlandırmağa nail olmuşlar. Dastan bütövlükdə elin, xalqın yenilməzliyini ifadə edir.
        Dastanın əsas qəhrəmanı Koroğlu sadə xalqın içindən çıxmışdır. Onun əsl adı Rövşəndir. Həsən xan haqsızlıq edərək onun atasının gözlərini çıxartdırır. Bundan sonra el içində Rövşəni Koroğlu deyə çağırırlar.
        Koroğlu işıq üzünə həsrət qalan atasının qisasını alacağına söz verir. illər ötdükcə onun qəlbindəki qisas hissi ictimai məzmun kəsb etməyə başlayır və xalqa zülm edən hökmdarlara qarşı üsyana çevrilir. O, el-obada mərdlikdə ad çıxaran igidləri başına toplayır, onlarla birlikdə dağlara çəkilir, Çənlibeldə məskən salır.
        Dastan yaradıcıları Koroğlunun timsalında əsl xalq qəhrəmanının, daxili aləmi ilə fiziki məharəti bir-birini tamamlayan mahir sərkərdənin obrazını canlandırmışlar. Koroğlu çətinliklərdən qorxmur, daim düşmənlə açıq, üzbəüz döyüşlərə can atır. Biz onu gah at belində qılınc çalan, düşmənin başına od yağdıran qəhrəman kimi, gah da telli sazı dilə gətirib söz qoşan, şirin nəğmələr oxuyan el sənətkarı - aşıq kimi görürük. Çənlibeldə Dəli Həsənlə üz-üzə gələn Koroğlıı ona özünü belə təqdim edir.

 
Meydana girəndə meydan tanıyan,
Haqqın vergisinə mən də qanıyam.
Bir igidəm, igidlərin xanıyam,
Bu ətrafda hər yan mənimdi!

        Oxucu, dinləyici dastan boyu Koroğlunun müxtəlif döyüşlərdə göstərdiyi misilsiz şücaətlərin şahidi olur. Dəniz cinsindən olan Qırat və Dürat, həmçinin ildırım parçasından hazırlanan Misri qılınc Koroğlunu daha da yenilməz edir. O, apardığı döyüşlərdən qələbə ilə çıxır. Əsl xalq qəhrəmanı kimi Koroğluya xas - cəhətlərdən biri onun mərdliyidir. O, düşmənlə mübarizədə heç vaxt hiyləyə əl atmır. Koroğlunun xarakterindəki mərdlik, dastanıın ayrı-ayrı qollarında müxtəlif vəziyyətlərdə üzə çıxır. «Həmzənin Qıratı qaçırması» qolunda Həmzə Toqata sevimli atını qaytarmağa gələn Koroğluya deyir: «Koroğlu, sən Qırat üçün gəlmişdin, onu da minmisən. Mən sənin yerinə olsam, səssiz-səmirsiz sürüb çıxıb gedərəm». Qıratın belində dayanan Koroğlunun cavabı belə olur: «Əgər atı səssiz-sədasız aparsam, mən də olaram Həmzə də. Onda sənlə mənim aramda day nə təfavüt qalar».
        Koroğlunun başına yığılan dəlilər də mərd və qorxmazdırlar. Xalqın içindən çıxan bu igidləri Çənlibelə zülmkar hökmdarlara kəskin nifrət, Koroğlunun xalqın düşmənlərinə qarşı apardığı ədalətli mübarizəyə rəğbət cəm etmişdir. Koroğlu hər beş-on gündən bir libasını dəyişib səfərlərə çıxır və hər dəfə də Çənlibelə yeni bir igidlə qayıdır. Ancaq Koroğlu Çənlibelə gətirdiyi igidləri əvvəlcə sınaqdan keçirir, sonra öz dəstəsinə üzv qəbul edir. Koroğlu sınaqdan çıxardığı igidlərə inanır, etibar edir, həmçinin onlara böyük qayğı göstərir.
        Dastanda Çənlibelə yeddi min yeddi yüz yetmiş yeddi dəli toplaşdığı bildirilir. Bu rəqəm xalqın yenilməzliyinin, onun gücünün tükənməzliyinin rəmzidir. Eposda işlədilən «dəli» sözü «igid», «qoçaq» mənasını verir. Sadə xalqın içindən çıxan Dəmirçioğlu, Bəlli Əhməd, Halaypozan, Dəlı Həsən və başqaları çətin anlarda Koroğluya əsl arxadırlar. Dəlilərin içində ən cavanı Eyvazdır. Yaşının az olmasına baxmayaraq, döyüş meydanlarmda şücaətlər göstərən bu gəncə Koroğlunun xüsusi rəğbəti var və onu oğulluğa götürmüşdür. Ümumiyyətlə, Koroğlu ilə onun dəliləri arasında səmimi dostluq münasibətləri hökm sürür. Onlar bir-birilərinə dərin hörmət bəsləyirlər.
        Dastandakı qadın surətləri də eposun qəhrəmanlıq ruhunu tamamlayır. Nigar, Mərcan, Telli, Ruqiyyə, Məhbub varlı xotkar, paşa qızlan olsalar da, eyş-işrət içində keçən həyatdan bezərək Çənlibelə üz tutmuşlar. Buradakı çətin həyat onları əsla qorxutmur, əksinə onlar Koroğluya və onun dəlilərinə arxadırlar. Bu cəsur və geniş ürəkli qadınlar ömür-gün yoldaşlarına dəyərli məsləhətlər verir, lazım gəldikdə döyüş meydanlarına atılmaqdan çəkinmirlər.
        Xalqımızın qəhrəmanlıq tarixinin salnaməsi olan «Koroğlu» dastanı gənc nəslin vətənpəıvərlik tərbiyəsində mühüm rol oynayır. Dahi Azərbaycan bəstəkan Ü.Hacıbəyov «Koroğlu» eposunun əsasında eyniadlı opera yazmışdır.
Top