Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan sənətkarlardan biri Ənvər Qafar oğlu Məmmədxanlıdır. O, ixtisasca mühəndis olsa da, bütün həyatını ədəbi yaradıcılığa həsr etmiş, gözəl əsərlər müəllifi kimi tanınmışdır. Yazıçının «Karvan dayandı», «Qızıl qönçələr», «Şərqin səhəri», «Babək» və s. kimi əsərləri onu oxucu kütləsinə sevdirmiş, ona şöhrət qazandırmışdır.
        Ə.Məmrnədxanlının yaradıcılığında ən diqqətəlayiq əsərlərdən biri «Buz heykəl» hekayəsidir. Hekayə ananın öz övladına qarşı məhəbbəti üzərində qurulmuş, burada ana hisslərinin müqəddəsliyi səmimi və poetik bir dillə ifadə olunmuşdur.
        Əsər alman faşizmi ilə müharibənin ilk ilini təsvir edir. Şaxtalı bir gecədə düşmən əlindən qurtulub qaçan ana öz körpəsini xilas etmək istəyir. O istəyir ki, hava işıqlanmamış özünü cəbhə xəttinə yetirsin ki, körpəsini çayın o tayına - azad torpağa keçirə bilsin. Lakin bu heç də asan bir iş deyil. Şaxta adamın iliklərinə işləyir. Ananın da taqəti getdikcə tükənir. Lakin o, körpəsini nəyin bahasına olursa-olsun xilas etməlidir.
        Ana nə edəcəyini bilmir. O, öz canı bahasına da olsa, körpəsini ölümün pəncəsindən qurtarmaq istəyir. Ana bir-bir paltarlarını çıxarıb körpəyə bükür. Şaxta onu buz heykələ çevirirsə də, körpə sağ qalır. Səhəri gün körpəni sağ, ananı isə donmuş halda görən əsgərlər ana məhəbbəti qarşısında heyran qalır, ana müqəddəsliyinə səcdə edirlər.
        «Buz heykəl» hekayəsi gözəl insani hisslərin tərənnümü, insanı saflaşdıran və kamilləşdirən bir sənət əsəridir. Əsər bu gün də bütün oxucu kütləsinin marağında, diqqət mərkəzindədir.
Top