Biz bu yaxınlarda görkəmli yazıçı Ənvər Məmmədxanlının «Karvan dayandı» hekayəsini keçdik. Hekayə mənim çox xoşuma gəldi. Xüsusən, əsərdə əsas qəhrəman olan Odunçu oğlu surəti məndə çox böyük təəssürat oyatdı.
        Odunçu oğlu gözəl və məlahətli səsə malik kasıb bir gəncdir. Əsərin əvvəlində o, mahnılarını yalnız bir şəxs üçün, sevgilisi Çimnaz üçün oxuyur. Çoxları bu səsin sehrinə düşərək onun sahibinin kim olduğunu bilmək istəyir. Belə maraqda olanlardan biri də həmin ərazinin ən varlı şəxsi olan Əlyar xandır. Çimnaz Odunçu oğlunu xilas etmək üçün meşəyə xəbərə qaçır. Lakin onların hər ikisini tutub xanın imarətinə gətirirlər.
        Qarşısında qızıl sandıqlar açılan Çimnaz tez sınır, var-dövlət onu aldadır, ilk sevgisini ona unutdurur. Lakin Odunçu oğlu xanın bütün ciddi cəhdlərinə baxmayaraq, təslim olmur, onun məclisində oxumur. Xan nə qədər əzab-əziyyət versə də, onu sındıra bilmir. Ağsaqqal qocanın köməyi ilə zindandan qurtulan Odunçu oğlu el-el, oba-oba gəzir. Səsinin qüdrəti, məlahəti ilə bütün xalqın sevincinə çevrilir.
        Xeyli bir müddətdən sonra məşhur xanəndə kimi yenə öz obasına qayıdır. Əvvəlcə Çimnazın onu xanın imarətinə dəvət edərək onunla görüşmək istəməsi Odunçu oğlunu sevindirir və o, öz xoşu ilə xanın imarətinə gəlir. Lakin Çimnazla görüşü zamanı Odunçu oğlu gördüyü vəziyyətdən daha da sarsılır. O, sevdiyi Çimnazın yerində indi tamam başqa bir qadını, əynində gözəl libası, boynu, əlləri qızıl və daş-qaşlar içində olan xan arvadını görərək çaşıb qalır. Bütün ümidləri puç olan Odunçu oğlu çıxıb getmək istəyir. Lakin yenə də ondan əl çəkmək istəmirlər.
        Əlyar xan yenə də məclis təşkil edərək onu oxutdurmaq istəyir. Lakin Odunçu oğlu bu dəfə də xanın iradəsi ziddinə gedərək oxumur. Əlyar xan onu zindana salsa da, indi artıq bütün xalqın sevimlisinə çevrilmiş bir nəğməkara heç nə edə bilmir, xalqın qəzəbindən qorxaraq onu azad etməli olur. Xanın Odunçu oğlunu məhbəsə salmasından sonra gecələrin birində malikanə imarətlərindən birinin xalq tərəfindən yandırılması xalqın öz nəğməkarına bəslədiyi sonsuz məhəbbətin ifadəsi kimi diqqəti cəlb edir.
        Əsərdə mənim ən çox xoşuma gələn cəhət Odunçu oğlunun dönməzliyi, iradə möhkəmliyi, sarsılmazlığıdır. O, heç bir vara, dövlətə baş əymir, mənlik və qürurunu sonadək qoruyub saxlayır, sevgisini, sevgilisini itirsə də, bunun əvəzində bütöv bir xalqın məhəbbətini, sevgisini qazanır.
Top